"İş prosesində operativliyi artırmışıq"

 

Maliyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə işi gücləndirilib

 

Azərbaycan hökuməti korrupsiya və başqa neqativ hallara qarşı mübarizəni davam etdirir. Məhz bu baxımdan problemin aradan qaldırılması üçün müəyyənləşdirilən konkret istiqamətlər üzrə aidiyyəti qurumlar qarşısında mühüm vəzifələr qoyulub.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev son çıxışlarında ölkəmizdə korrupsiyaya qarşı effektiv işlərin görüldüyünü və bu cür neqativ hallara qarşı ciddi mübarizə aparıldığını bir daha bəyan etsə də, müxtəlif qurumların nümayəndələri tərəfindən iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən özəl sektora süni müdaxilələr olduğunu bildirərək, problemin tamamilə aradan qaldırılmasının zəruriliyini önə çəkmişdi. Artıq ayrı-ayrı qurumlar, aidiyyatı orqanlar müvafiq nöqsanların aradan qaldırılması yönündə hərəkətə keçiblər və həm sahibkarların, həm də vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi işlər görülür.

Bir müddət əvvəl Maliyyə Nazirliyində də geniş kollegiya iclası keçirilərək korrupsiyaya qarşı mübarizə üzrə maliyyə sistemində həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr müzakirə olundu. Eyni zamanda, nazir Samir Şərifov çıxışında bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi iclasda bu sahədə səmərəliliyin artırılması ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti qurumlarına bir sıra tapşırıqlar verilib.

 

"Müvafiq qurumlar işlərində dönüş etməyə başlayıblar"

 

Sözügedən qurumda korrupsiyaya qarşı mübarizə tədbirləri istiqamətində görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək məqsədilə Maliyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən "Həftə içi"nə bildirdilər ki, maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra orqanlara göstərişlər verilib: "Xüsusilə Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti Xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər, Uçot siyasəti şöbələrinə mövcud nöqsanların aradan qaldırılması məqsədilə konkret xəbərdarlıq olunub. Həmçinin Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılıb, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməkdədir. Bundan başqa nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilərək, əsassız yoxlamalar aparılmaması, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməsi işçilər qarşısında əsas vəzifə kimi qoyulub. Yəni, bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunur. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə daha operativ yanaşılır, sahibkarların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunur".

 

"Qaynar xətt"lə bağlı maarifləndirmə aparılır

 

Qurumda həmçinin deyirlər ki, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrası üzrə Nazirliyin cari il üçün təsdiq etdiyi Tədbirlər Planı da mövcuddur: "Bu planın icrası nəzarətdə saxlanılır, vətəndaşların qəbulu işi təkmilləşdirilir, işçilərin peşəkarlığı artırılır, qurumun qaynar xəttinin əhatə dairəsi genişləndirilir və ictimaiyyətin qaynar xətt barədə məlumatlandırılması işi həyata keçirilir, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar nazirliyin internet səhifəsində yerləşdirilir və informasiyalar daim yenilənir.

Nazirlikdən onu da bildirdilər ki, kollegiya iclasında bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra çatışmazlıqların müşahidə edilməsi gündəmə gətirildiyindən, məsələ ciddi nəzarətdədir: "Artıq bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərləri işlərində dönüş yaradıblar. Vətəndaşların müraciətlərinin cavablandırılması işi xeyli asanlaşdırılıb. Bundan başqa, nazirlikdə yaradılan "Qaynar xətt" də əhalinin xidmətindədir və vətəndaşlar maliyyə sistemi ilə bağlı bütün sualları "qaynar xətt"ə ünvanlaya bilərlər".

  

  

Sevinc

 

Həftə içi.- 2011.- 23 fevral.- S. 5.