Dünyaya ruhun və səsin gözü ilə baxanlar
Əməkdaşımız 38 saylı gözdən əlil
uşaqlar üçün musiqi məktəbində oldu
Bəzən insan
yaşadığı həyatda dəyərini bilmədiyi
şeylərin anlamını onun yoxluğunu hiss edəndə
dərk edir. Bu zaman isə daxili səs sənə yalnız
bir şey pıçıldayır: sən sənə verilənlərlə
möhtəşəm bir varlıqsan, amma onlar olmadan belə
gözəl yaşamağa və daim yaratmağa layiq birisən.
Deyirlər, Allah insandan
bir şeyi əsirgəyəndə, başqa tərəfdən
ona çoxlarının həsəd aparacağı qabiliyyət
bəxş edir. Söhbət açacağım insanlardan
Allah bəlkə də dünyanın ən gözəl neməti
olan göz nurunu əsirgəyib, amma əvəzində bir
çox insanda olmayan böyük insani duyğuları bəxş
edib. Onlar dünyaya ruhlarının gözü ilə
baxırlar. Bu insanlar dünyanın kələ-kötür
yolunda göz işığı ilə yox, ürəklərinin
işığı ilə irəliləyirlər. Nura həsrət
ömürlərini qəlblərinin gözü ilə
işıqlandırırlar bu möhtəşəm insanlar.
Gözdən Əlil
Uşaqlar üçün Respublika Orta Ümumi İnternat Məktəbinin
nəzdində "Gözdən əlil uşaqlar
üçün 38 saylı musiqi məktəbi" sözləri
yazılmış lövhəni görəndə,
sözün doğrusu təəccübünü gizlətmək
bir o qədər də asan olmur. Təbii ki, bir az da bu
insanlarla görüşün səndə əks edəcəyi
təsiri düşündükcə, həyəcan hissi də
təəccüb hissinə qarışır. Elə bu hisslərin
müşayiəti ilə daxil oluruq məktəbə. Burada məni
gözəl görkəmli, səliqəli geyinmiş, amma
gözləri görməyən, orta yaşlı alicənab
bir insan qarşıladı. Bu, məktəbin direktoru Əsad Əliyev
idi. Onun sözlərinə görə, məktəb fəaliyyətə
başladığı gündən bu günə kimi bir
çox çətinliklərlə üzləşib, ancaq
indi demək olar, vəziyyət bir qədər ürəkaçandır:
"Mən burada direktor kimi fəaliyyətə
başladıqda gördüm ki, məktəbin ciddi təmirə
ehtiyacı var. Belə olduğu halda, Mədəniyyət və
Turizm Nazirliyinin icazəsi ilə "Heydər Əliyev
Fondu"nun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya
müraciət etdik. Sağ olsunlar, müraciətimiz
cavabsız qalmadı, məktəbimiz çox gözəl təmir
olundu". Söhbətimizə görməyənlərin
hansı qruplara bölünməsi ilə davam edirik:
"Görməyənlər 3 qrupa bölünür.
Birincisi, işıq haqqında anlayışı
olmayanlardır ki, onlar üçün gecə də,
gündüz də hər tərəf qaranlıqdır.
İkinci qrupa işıq anlayışı olanlar, daha
doğrusu, gecə ilə gündüzü ayıra bilənlər
daxildir. Ümumiyyətlə isə anadangəlmə görməyənlərin
gözlərinin açılma ehtimalı, demək olar yoxdur,
çünki bu beyin ilə əlaqədə olan sistemdir.
Hazırda elm beynin bu problemini həll eləməyə qadir
deyil".
Daha sonra həmsöhbətimiz
özü barədə ətraflı məlumat verdi:
"1988-ci ildə internatı bitirdikdən sonra Asəf
Zeynallı adına musiqi texniki peşə məktəbinə
qəbul oldum. Sonra isə Üzeyir Hacıbəyov adına
Bakı Musiqi Akademiyasını bitirdim və burada müəllimliyə
başladım. Direktorumuz rəhmətə gedəndən
sonra, 2008-ci ildən bu yükün altına mən girməli
oldum... Çətindir. Çalışıram ki, gözdən
əlil uşaqlar professional təhsil alsın. Çünki mən
özüm də bu çətinlikləri keçmişəm
və bu dərdi yaşayıram".
"Musiqi alətləri azlıq təşkil
edir"
Əsad müəllimin
dediyinə görə, digər məktəblərdən fərqli
olaraq burada müəllimlərin əməkhaqqıları
yüksəkdir: "Təbii ki, bizim məktəbdə dərs
demək bir qədər çətin olduğundan, bu, nəzərə
alınır. Hətta bəzi müəllimlər var ki,
çətinliyə sona qədər dözə bilmir, amma elələri
də var ki, böyük məsuliyyətlə və həvəslə
işləyir. Onlar arasında da gözdən əlillər
olduğundan, demək olar ki, bu sahədə daha peşəkar
sayılırlar, çünki həmin yolu özləri də
keçiblər. Lakin bütün bunlarla yanaşı, bəzi
çətinliklərimiz də olur. Məsələn, musiqi
alətləri azdır, təbii ki, bir qədər çox
olsa, daha yaxşı olardı".
Bu arada həmsöhbətim
"kor" sözünə öz münasibətini bildirdi:
"Bu sözü işlətməkdən cəmiyyət də,
hökumət də nədənsə qaçır. Rəsmi
olaraq bu xəstəliyi "gözdən əlil"
adlandırıblar. Məncə, hər xəstəliyin öz
adı olduğu kimi, bu xəstəliyin də adı
"kor"luqdur". Çoxlarının da bildiyi kimi,
gözdən əlillər "brayl" əlifbasından
istifadə edir. Müsahibim deyir ki: "Əvvəllər
Rusiyadan gətirilən bu "pribor"larda öz əlifbamızın
bəzi hərfləri yox idi. İndi isə bütün hərflərimizi
yazmaq mümkündür". Əsad müəllimlə
söhbət əsnasında bəzi məqamlara da toxunduq. Onun
dediyinə görə, bu cür problemi olan uşaqlara istər
valideynlərin, istərsə də cəmiyyətin xüsusi
qayğısı olmalıdır. O, həmçinin belələrinin
işlə təmin olunma probleminə də toxundu: "Sovet
dövründə Gözdən Əlillər Cəmiyyəti
var idi. Həm güzəştlər var idi, həm iş imkanları.
Gözdən əlillərin işlə təmin olunma məsələsi
isə illərdir gündəmə gətirilsə də, tədbirlər
bir o qədər görülmür".
Ə.Əliyev Bakıda
gözdən əlillərin hərəkəti
üçün şəraitin olmamasından da gileyləndi:
"Hər il çoxlu sayda müasir obyektlər inşa
olunub istifadəyə verilir. Amma onların heç birində
gözdən əlillərin hərəkəti nəzərə
alınmır. Bu məsələlərə daha çox diqqət
yetirilməlidir".
Bizi duyğulandıran anlar
Əsad müəllim
bizi məşğələ otaqlarındakı uşaqlarla da
görüşdürdü. Qapısını
açdığımız ilk otaqda bir uşağın tar
müəllimindən-Aftandil Cəfərovdan dərs
aldığını gördük. Onlar dərsə davam
edirdi. Uşağın gözləri görməsə də,
ifa etdiyi tarın səsi onun içindəki duyğuları
gözlərindən yox, elə həmin səsdən duymaq
imkanını bizə bəxş edirdi. Səs ucaldıqca
Allahın ona ərməğan etdiyi bu istedad
qarşısında baş əymək hissi doğulurdu
insanda.
Daha sonra digər otaqlara da baş
çəkdik. Eyni hal burada da davam edirdi.
Kamançada, pianinoda ifa
edən balacaları gördükcə həyata
olan baxış insanda bir anda
dəyişir. Bəlkə də
bu insanlar həmin alətlərin onların əllərində
olarkən acizliyindən
də xəbərsizdirlər.
Amma bununla bərabər, böyük həvəslə
və əzmlə daha da çox
öyrənməyə, daha
da gözəl ifa etməyə inadkardırlar. Dərslər davam edir, biz isə onlara ifa etdikləri musiqi sədalarının
ən yüksək yerlərdən gəlməsi
diləyi ilə, elə bizi duyğulandıran
bu xoş hisslərlə məktəbi
tərk edib üz tuturuq redaksiyaya.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 23 fevral.- S. 6.