"Muğam müsabiqəsinə istedadlıların
istedadlıları seçilib"
Mənsum İbrahimov: "Seçimlər şəffaf
aparılıb"
Azərbaycanda ikinci
respublika muğam müsabiqəsinin birinci mərhələsi
artıq geridə qalıb. Xatırladaq ki, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil,
Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan
Milli Konservatoriyasının təşkilatçılığı
ilə keçirilən ikinci respublika muğam festivalında
20 nəfər gənc istedad mübarizə aparır. Adıçəkilən
yarışmanın münsiflər heyətinin üzvü,
xalq artisti Mənsum İbrahimovla müsabiqənin gedişi ilə
bağlı söhbətləşdik.
- Mənsum müəllim, müsabiqədə
iştirak edən 20 iştirakçı neçə nəfərin
arasından seçilib?
- Müsabiqədə
iştirak etmək üçün 40 gənc ifaçı sənəd
verib. Seçim turlarına respublikanın bütün bölgələrindən
ifaçılar qatılmışdı. Münsiflər
onların arasında yaxşıların
yaxşısını seçərək müsabiqəyə
vəsiqə verdi. Beləliklə, onların arasından
seçilmiş 20 nəfər I tura vəsiqə qazandı.
Onu deyim ki, müsabiqənin münsiflər heyətinin tərkibi
bundan əvvəl olan müğam müsabiqəsində
olduğu kimi qalıb. Bu dəfə də münsiflərdə
peşəkar sənətkarlardan Əlibaba Məmmədov,
Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə
İsmayılova, Nadir Axundov və mən təmsil olunuram.
- Müsabiqənin birinci turu geridə qaldı, ancaq bu
dəfə heç kim müsabiqədən
uzaqlaşdırılmadı. Növbəti tur nə vaxt
olacaq?
- Öncə onu deyim ki,
müğam müsabiqəsinin bir özəl cəhəti
var. Burada qaliblər sms-lə deyil, yalnız peşəkar
münsiflərin rəyi ilə müəyyən olunacaq.
Müsabiqənin gedişatı "Mədəniyyət"
kanalı və AzTV vasitəsilə canlı yayımlanır,
bu, sona kimi də belə olacaq. Müsabiqə hər həftənin
çərşənbə axşamı və çümə
axşamı saat 21:00-da Beynəlxalq Muğam Mərkəzində
keçiriləcək. Onu da deyim ki, birinci turda münsiflər
ilk seçimlər olduğu üçün heç bir
iştirakçını müsabiqədən
uzaqlaşdırmadılar. Bu gündən başlayaraq
iştirakçılar arasında ciddi mübarizə
başlayacaq. Çərşənbə axşamı 10,
cümə axşamı isə 10 iştirakçı
çıxış edəcək , yekunda 20
iştirakçının ümumi balları hesablanaraq
münsiflər tərəfindən rəy veriləcək. Ən
az bal toplayan ifaçı müsabiqəni tərk edəcək.
Müsabiqədəki şəffaflıq
tamaşaçıların gözü qarşısında təmin
olunacaq.
- Son günlər müsabiqənin seçim
turlarının nəticələri ilə bağlı bəzi
söz-söhbətlər dolaşmaqdadır. Deyilənə
görə, budəfəki müsabiqəyə Qarabağdan
olan gənc ifaçılar vəsiqə qazana bilməyib. Bu nə
dərəcədə realdır?
- Bu kimi məlumatlar şaiə
xarakterli olduğundan münasibət bildirmək istəmirəm.
Ancaq onu deyə bilərəm ki, müsabiqənin seçim turlarına
Azərbaycanın bütün bölgələrindən
iştirakçılar qatılıb. Seçimlər isə
münsiflər heyətində təmsil olunan peşəkar sənətkarlar
tərəfindən aparılırdı. Burada
ayrı-seçkiliyin qoyulması mümkün deyil. Ola bilər
ki, hər hansı bir ifaçı istedadlı olsun, ancaq
seçim turlarında səsində müəyyən problemlər
yaransın. Bu zaman da əsas diqqət ifaçının
turda iştirakına yetirilir. Seçimlərdə Qarabağa
və ya digər bir bölgəyə fərq qoyulmayıb,
çalışmışıq ki, müsabiqəyə
yaxşıların yaxşısını seçək və
ümüd edirəm ki, buna nail olmuşuq.
- Gəzən digər şaiələrə görə
isə seçim turlarında üstünlük münsiflər
heyətində təmsil olunan sənətkarların tələblərinə
verilib. Buna münasibətiniz necədir?
- Müsabiqəyə mənim
də üç tələbəm buraxılıb. Bu o demək
deyil ki, onları mənə görə seçiblər. Bu
ifaçıların hər üçü
istedadlıdır. Eləcə də bu sözləri digər
ifaçılara şamil edə bilərəm. Bir də təkrarlamaq
istəyirəm ki, kimin tələbəsi olmasından,
haralı olmasından asılı olmayaraq yalnız istedadlar
arasından ən istedadlıları seçilib.
- Müsabiqəyə nə vaxt yekun vurulacaq?
- Təxminən may
ayında müsabiqənin yekunlaşacağı gözlənilir.
Yekunla bağlı indidən proqnoz vermək çətindir.
Müsabiqə boyunca hər şey dəyişə bilər.
Onu deyə bilərəm ki, çox istedadlı
ifaçılar var. Onların arasından birinci, ikinci və
üçüncü yerlərə layiq ifaçılar
müəyyən ediləcəklər. Ciddi mübarizədən
sonra müğam dünyasına ən yaxşı və
istedadlı ifaçılar qədəm qoyacaq.
Mirvari
Həftə içi.- 2011.- 23 fevral.- S. 6.