İstiqlal muzeyində Xocalı faciəsi anıldı

 

"Yaddaşın yolları" adlı tədbir-sərgi keçirildi

 

"Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. Bəli, bizi o ildən düz 19 il ayırır. Hər dəfə fevral ayı gələndə qəlbimizdə bir nisgil, bir ağrı yaranır. O illər lent yazısı kimi xatirimizdə bir daha canlanır. Tariximizə, ömür səhifələrimizə qara sətirlərlə yazılan "26 fevral" Xocalı soyqırımını hər il xatırlayır, hər il yad edirik. Lakin hələ də dünya ölkələri bizim soyqırımımızı tanımaqda çətinlik çəkir". Bu sözlər ötən gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçirilən Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "Yaddaşın yolları" adlı tədbirdə Fəridə Şəmsinin dilindən səslənib. Tədbirin aparıcısı Nigar Qazızadə deyib ki, tədbir-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox rəsm, heykəltəraşlıq və qrafika əsərləri nümayiş olunur. Həmçinin tədbirdə Bakı Humanitar Kollecinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii-ədəbi kompozisiya ilə çıxış ediblər. Azərbaycan Respublikasının Rəssamlar İttifaqının nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru F.Şəmsi, rəssam R.İsmayılov da çıxış ediblər. Tədbir iştirakçılarından Xocalı faciəsinin şahidləri, Qərb Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar çıxış ediblər. Tədbirdə xocalı faciəsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, faciənin günahsız qurbanları anılıb.

  

  

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 24 fevral.- S. 6.