"Bölgədə
Dağlıq Qarabağdan
vacib məsələ
yoxdur"
"Regionda
sülhün bərqərar olması baxımından
Dağlıq Qarabağ münaqişəsinin həllindən
daha vacib məsələ yoxdur", - bu fikirləri dünən
jurnalistlərin suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı
səfiri Metyu Brayza səsləndirib. Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsinin həll
olunması Azərbaycan xalqına və ümumilikdə
regionda yaşayan insanlara stabillik gətirəcək.
Diplomat vurğulayıb
ki, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin
Azərbaycana səfərində bu məsələ diqqət
mərkəzində olacaq. Səfir korrupsiyaya qarşı
mübarizə sahəsində görülən işlərə
də münasibətini açıqlayıb. "Biz
ümidvarıq ki, Azərbaycanda bu yaxınlarda təşəbbüs
göstərilən korrupsiyaya qarşı mübarizə tədbirləri
daha da genişlənəcək və davam edəcək",
- deyə Brayza vurğulayıb. M.Brayza ABŞ-ın davam edən
dinamik inkişafı daha da artırmaq üçün Azərbaycana
kömək etməyə hazır olduğunu bəyan edib. Qeyd
edək ki, dünən Azərbaycan-Amerika Ticarət
Palatasının iclası keçirilib. Tədbirdə
çıxış edən Brayza deyib ki, iclas zamanı təkcə
ölkələr arsında enerji sahəsindəki münasibət
məsələləri deyil, həm də digər sahələrdə
əməkdaşlığın geniş spektri müzakirə
olunacaq. "Başlıca məqsədimiz hər bir Azərbaycan
vətəndaşının ölkənin dinamik və davamlı
inkişafından maksimum istifadə edə bilməsidir", -
səfir bildirib. Brayzanın sözlərinə görə,
özəl şirkətlərlə dialoqda əsas məqsəd
onların iqtisadi inkişafdan maksimum istifadə edə bilmələri
üçün yardım göstərilməsi, eləcə
də Azərbaycan hökumətilə ölkə əhalisinin
firavanlığının yüksəldilməsi sahəsində
əməkdaşlığın müzakirə olunmasıdır.
Azad
Həftə içi.- 2011.- 25 fevral.- S. 2.