"Sumqayıt
- SSRİ-nin süqutunun
başlanğıcı"
Aslan İsmayılov: "Cinayəti təşkil edənin
SSRİ rəhbərliyi olduğu sübuta yetirilib"
Vəkil Aslan
İsmayılovun "Sumqayıt - SSRİ-nin süqutunun
başlanğıcı" kitabının təqdimatı
keçirilib. Kitab Azərbaycan, rus, ingilis və türk dillərində
çap olunub. Təqdimat mərasimində
çıxış edən Aslan İsmayılov bildirib ki,
kitabın hazırlanması ermənilərin ciddi cəhdlə
Sumqayıt hadisələrini azərbaycanlıların boynuna
qoymağa çalışmasına qarşı mübarizə
aparmaq zərurətindən yaranıb. Müəllif əlavə
edib ki, 1989-cu ildə Sumqayıt hadisələri ilə
bağlı Bakıda keçirilmiş iclasda dövlət
ittihamını müdafiə edən prokuror olub: "Cinayət
işi, arxiv materialları və iştirakçısı
olduğum hadisələr əsasında yazılıb. Kitabda
SSRİ rəhbərlərinin və erməni millətçilərinin
tutduğu mövqe əksini tapıb". Onun sözlərinə
görə, ermənilər heç vaxt azərbaycanlıları
bu cinayət işinin qərəzli aparılmasında ittiham
edə bilməzlər: "Ona görə ki, bu cinayət
işinin istintaqını, əməliyyatını aparanlar
Rusiya, Ukrayna və Belarus müstəntiqləri olub. Onlar
sübuta yetiriblər ki, cinayəti təşkil edən
SSRİ rəhbərliyidir, Sumqayıt hadisələrinə
başçılıq edən isə milliyyətcə erməni
olan Eduard Qriqoryandır. Cinayət işinin
araşdırmasının əsasını təşkil edən
üzləşdirmə mərhələsi istintaqı aparan
müstəntiq Kolinçenka tərəfindən Yerevanda Ermənistan
prokurorluğunda aparılıb. Zərərçəkənlər
Mercumyan bacıları və digərləri Yerevanda olublar.
Onlar Qriqoryanı tanıyıb və hadisələrin təşkilatçısının
o olduğunu deyiblər".
Sumqayıtda ermənilərə
qarşı cinayətlərin törədilməsinə rəhbərlik
edən erməni Eduard Qriqoryan barədə dəqiq məlumatların
olduğunu önə çəkən A.İsmayılov əlavə
edib ki, iğtişaşlardan sonra Mixail Qorbaçov
Sumqayıt hadisələrinin bir qrup şəxsin
xuliqanlığı nəticəsində baş verdiyini deyib:
"Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin
üstünün ört-basdır edilməsi ilə nəticələndi.
İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil
dəstənin başçısı olması sübuta
yetirilsə də, ona 12 il, hadisələrin
iştirakçısı Əhməd Əhmədova isə
ölüm hökmü çıxarıldı. Məhkəmədən
az sonra Əhməd Əhmədov Moskvada güllələndi.
Saysız-hesabsız erməni siyasətçi, peşəkar
və həvəskar publisistlər, ermənilərə
lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara
maraq göstərən hər kəsi vahiməyə salmaq
üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə
çeviriblər. Bu vicdansız spekulyasiyalar nəticəsində
həmin hadisələrin bilərəkdən
saxtalaşdırıldığı minlərlə kitab, məqalə,
televiziya verilişi və saytlar ortaya
çıxmışdı.
Yeganə məqsəd
isə bütün bu hadisələrin təqsirini, özü
də ən vicdansız formada bütövlükdə Azərbaycan
xalqının üzərinə yıxmaq idi. Qarabağda
sonradan baş verən hadisələrin özülü
Sumqayıtda qoyulmuşdu və vahid bir planın tərkib hissəsiydi".
Mərasimdə /www.sumqayit1988.com/ saytının təqdimatı
da keçirilib. Tədbirdə Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq
təşkilatların təmsilçiləri, media
qurumlarının və qeyri-hökumət təşkilatlarının
rəhbərləri iştirak ediblər. Bu hadisələr
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin
özləri ilə birgə təşkil edilib və həyata
keçirilib. 1988-ci il fevralın 27-dən 28-nə keçən
gecə Sumqayıt şəhərində baş vermiş
iğtişaşlar nəticəsində 32 nəfər
ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı
olub.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 25 fevral.- S. 2.