Azərbaycanda dini tolerantlıq hökm sürür

 

Respublikada yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin hüquqları qanunla qorunur

 

Azərbaycan çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir".

Cinayət Məcəlləsinin "Təqib" adlı 109-cu maddəsinə əsasən "Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə yasaqlanmış digər əsaslara görə müəyyənləşdirilmiş hər hansı bir qrupu və ya təşkilatı izləmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanların əsas hüquqlarını kobudcasına tapdama, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda - 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır". Azərbaycanda dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də dövlət müstəqillik əldə edildikdən sonra çox mühüm addımlar atılıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və 1996 və 1997-ci illərdə bu qanuna müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycanda vətəndaşlıq hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun sayır. Bu baxımdan Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər Əliyev 21 iyun 2001-ci il tarixdə, 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasını təsdiqlədi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi konstitusiyanın dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin icrası üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. DQİDK ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyillərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasını həyata keçirir. Eləcə də ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti həyata keçirir və bu yolda hər cür mənfi halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

2002-ci il oktyabrın 10 - 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda "Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, "dəyirmi masa"lar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir. Azərbaycanda yüksək tolerantlıq olduğu, buradakı mövcud dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi ölkəmizə gələn müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də dəfələrlə etiraf edilib. Belə ki, 2006-cı il fevralın 28-dən martın 5-dək Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını demişdi. A.Cahangir Azərbaycan prezidenti tərəfindən qəbul edildi, bir sıra rəsmi şəxslərlə görüşdü və eyni zamanda, 1 saylı həbsxanaya baş çəkdi. Xüsusi məruzəçi səfər çərçivəsində Naxçıvanda və Gəncədə də oldu, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə gedərək, insanlarla görüşdü. 1999-cu ildən etibarən, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 16 noyabr tarixi Azərbaycanda tolerantlıq günü kimi qeyd edilir. 2006-cı ildə də tolerantlıq günü ilə əlaqədar DQİDK Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası, eləcə də yəhudi dini icması ilə birgə "Tolerantlıq örnəyi - Azərbaycan" mövzusunda "dəyirmi masa" təşkil ediblər. Tədbirə Bakıda akkreditə olunmuş səfirlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimai və dini xadimlər, müxtəlif sahələrin bilicisi olan şəxslər də qatılıb. Hazırda Azərbaycan ərazisində yüzlərlə dini icma qeydiyyatdan keçib. Bunlardan bəzilərini diqqətə çatdıraq. Öncə ənənəvi konfessiyalar barədə:

Ortodoks konfessiyası: 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası Rus pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi isə bu məbədə baş kafedral kilsə statusu verib. Hazırda Bakıda 3, Gəncə və Xaçmazın hər birində 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Roma-katolik konfessiyası: 1999-cu ildə katolik icması kimi qeydiyyatdan keçib. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və sonradan kilsəyə çevrilib. 2007-ci ildə Azərbaycan hökuməti ilə Vatikan arasında əldə olunan razılığa əsasən, Bakıda Roma katolik kilsəsinin inşası tamamlanıb. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olub və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşüb. 2003-cü ilin aprelində Rum patriarxı II Varfolomey də Azərbaycana səfər edərək dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirib, eyni zamanda, o zamankı dövlət başçısı H.Əliyev tərəfindən qəbul olunmuşdu. 2003-cü ildə alban - udin dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində tikilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilir. 2006-cı ilin may ayında Qəbələnin Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban - udin kilsəsinin açılış mərasimi keçirilib.

Protestantlıq cərəyanı: bura Yevangel - lüteran kilsəsi, Yevangel xristian - baptist icması, "7-ci gün adventistləri", "Şərqdə ulduz" xristian incil dini icması, Molokan ruhani xristianların dini icması, Alban - udin xristian dini icması daxildir.

Yəhudilərə aid isə Avropa yəhudilərinin dini icması "Aşkinazi", Dağ yəhudiləri icması - sefartlar və Gürcü yəhudiləri icması fəaliyyət göstərir. Yeri gəlmişkən yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki, məskunlaşıblar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı seçkiliyə məruz qalmayıb. Hazırda 7 yəhudi dini icması dövlət tərəfindən qeydiyyata alınıb. Bakıda 3, Oğuz və Qubanın hər birində 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib. 2003-cü ilin sentyabrında Bakıda "Od-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb. Həmçinin Nazirlər Kabinetinin 5 oktyabr 2006-cı il tarixli, 222 saylı qərarına əsasan Qubanın Qırmızı qəsəbəsində yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilib. Ölkədəki mövcud yüksək tolerantlıq dərəcəsi və yəhudilərə qarşı heç bir ayrıseçkiliyin qeydə alınmaması 2006-cı il fevralın 9 - 14-də Azərbaycana səfər edən ABŞ-dakı əsas yəhudi təşkilatları prezidentlərinin konfransının nümayəndə heyəti tərəfindən də vurğulanıb. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi.

Qeyri-ənənəvi din və təriqətlər: "Yehova şahidləri", Nehemiya Mədh kilsəsi, "Həyatverici lütf", Beynəlxalq Krişna şüuru, Bəhai Novoapostol kilsəsi, Yevangel xristianları icması.

Azərbaycandakı mövcud dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqələr saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, QMİ ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman, hətta qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus pravoslav kilsələrinin yepiskopluğu Xəzəryanı bölgələrin xristian - pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və xarici dini mərkəzlərlə geniş əlaqələrə malikdir. Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel - xristian protestant icmalarının "Bibliya" kursları, "Həyatverici lütf" icmasının Bibliya İnstitutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkədəki dini mərkəzlər ilə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.

  

  

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 25 fevral.- S. 4.