278 saylı orta məktəbdə Xocalı soyqırımı
anıldı
Məlahət Əliyeva: "Bu faciə XX əsrin ən
böyük faciəsidir"
Xocalı faciəsindən
19 il ötür. Respublikanın hər yerində olduğu kimi
Xocalı faciəsi şəhid Pərviz İsmayılovun
adını daşıyan Bakı şəhər 278 saylı
orta məktəbdə də anıldı. Tədbir
başlamazdan əvvəl məktəbin foyesində təşkil
olunmuş Xocalı ilə bağlı sərgiyə
baxış keçirildi.
Sərgidə şagirdlərin
əl işlərindən ibarət rəsm əsərləri
də nümayiş olundu. Faciə ilə bağlı siniflər
üzrə şagirdlərin hazırladığı divar qəzetləri
də tədbirə gələnlərin diqqətini
özünə cəlb etdi. Mərasimin girişində Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi. Daha
sonra Xocalı faciəsi zamanı həlak olanların
ruhları bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru, əməkdar
müəllim Məlahət Əliyeva çıxış edərək
Xocalı faciəsindən geniş və ətraflı
söhbət açdı: "Azğın erməni
quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na
keçən gecə dünyada misli görünməyən
bir faciə törətdilər. Bu faciə XX əsrin ən dəhşətli
faciəsidir. Müstəqillik və azadlıq uğrunda
mübarizələrin davam etdiyi bir məqamda xain
qonşularımızdan da ağır zərbələr
aldıq. Azərbaycan xalqı iki cəbhədə
vuruşmalı oldu. Bir yandan daxili çəkişmələr,
digər tərəfdən də xarici təcavüzlər
insanlara baha başa gəldi. Hələ özünü təsdiq
etməmiş bir dövlətin belə ağır
sınaqlara hazır olmadığı açıq-aşkar
hamıya məlum idi. SSRİ-dən ayrılmağın
heyfini çıxan rus imperiyası isə Azərbaycana dərs
vermək istədi. Odur ki, ölkədə bəzi
boşluqlardan istifadə edərək, Xocalı şəhəri
366 saylı ikinci motoatıcı diviziyanın poliqonuna
çevrildi. Xocalı sakinləri qışın
şaxtalı və qarlı günündə, gecənin
qaranlığında güllə, mərmi
yağışının dəhşətində
ayaqyalın, başıaçıq dağlara, meşələrə
qaçırdı. Şəhər alovlar içində
yanırdı. Onların harayına gələn, onları
düşmən pəncəsindən xilas etməyə
çalışan neçə-neçə igid
oğullarımız-Azərbaycan əsgəri düşmən
gülləsinə tuş gəldi. O günlərin dəhşəti
hələ də göz önündən getmir.
Zalımın qara qılıncı günahsız
insanların başına endirilirdi. Gecənin
qaranlığı tökülən nahaq qanlardan
qızarmağa başlayırdı. Göyün
üzünü qanlı matəm buludları
örtmüşdü. Dilsiz körpələrin ah-fəğanı
göylərə yüksəlirdi. Düşmənlərin
işgəncə torunda çırpınan ağ
saçlı analar, körpə balalar al-qan içində
inildəyirdilər. Bir sözlə tarixin ən qanlı səhifələri
yazıldı o gecə... İnanırıq ki, ulu öndərimiz
Heydər Əliyevin siyasətini uğurla həyata keçirən
ölkə başçısı İlham Əliyevin rəhbərliyi
ilə işğal altında olan torpaqlarımız tezliklə
düşmən tapdağından azad ediləcək,
Xocalıda tökülən qan yerdə qalmayacaq".
Suraxanı rayon İcra
Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev
çıxış edərək bildirdi ki, məktəbin
şagirdlərinin hazırladıqları kompozisiyada ürək
ağrıları əks olunub: "Rayon ərazisində
çoxlu sayda tədbirlər həyata keçirilir. Arzu
edirik ki, torpaqlarımız azad edilsin, şagirdlərimiz
öz doğma yurd-yuvalarına qayıtsınlar və
xocalı faciəsinin qurbanlarının qanı yerdə
qalmasın".
Tədbirdən sonra
şagirdlərin faciə ilə bağlı
hazırladıqları "Bəşəriyyətin
Xocalı faciəsi" adlı ədəbi-bədii kompozisiya
tədbir iştirakçılarına göstərildi. Məktəbin
şagirdləri Xocalı faciəsini kompozisiyada
yaşaya-yaşaya tədbir iştirakçılarına həmin
gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə
nail oldular.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 25 fevral.- S. 6.