"Kitabların
təbliği, tərcüməsi
ilə layiqincə məşğul ola bilmirik"
Nigar xanımı indi hamı yaxşı tanıyır.
Daha doğrusu, onu tanıyanlar ən çox ədəbiyyatçılardır. Və bir də
naşirlər. Əslində
ədəbiyyat adamı
ilə naşiri bağlayan əlaqə kitabdır. Biri yazır, digəri isə çap edir və sonda
gözəl bir tandem yaranır.
Nigar Köçərlinin
özü yazar deyil, ancaq şeir yazan vaxtları da olub. O,
özü bu haqda utana-utana deyir. Utanmayaraq dediyi və elədiyi
xidmət isə ədəbiyyatımıza yeni bir təkan
verməkdir. İndi istər şair, yazıçı, lap
istərsə də dünyagörüşlərilə
seçilən insanlar olsun, onların hamısı Nigarı
müsbət imiciylə tanıyırlar. Düzdür, Nigar
xanım özünün yaratdığı bu Milli Kitab
Mükafatına yeni biznes şəbəkəsi kimi baxır. Əslində
o, bunu inkar etsə də dərinliyə varanda müasir insan
etdiyi hər işdə şəxsi biznes şəbəkəsini
genişləndirmək fikrinə düşməsə, ona
uğurlu biznesmen kimi baxmaq olmaz. Nigar Köçərli
doğrudan da uğurlu və müsbət bir imici olan iş
adamıdır desək, yanılmarıq. O, həm də
söz adamıdır, çünki sözə belə həssaslıqla
qiymət verməyi bacarmasa, o, MKM kimi ağır bir
yükün altına girə bilməzdi. Giribsə, deməli,
onun potensialı hələ tükənməyib.
Oxucularımız
üçün xatırladaq ki, keçən il start verən
MKM öz xüsusiyyətləri və formasına görə
çöx böyük rezonansla nəticələndi və
yaddaqalan oldu. Hətta, onda birinci yerə layiq görülən
Qaraqanın da ətrafında kabuslar dolaşdı və onun təsadüfən
bura düşdüyünü sübut etməyə
çalışanlar da vardı. Gənc nasir isə buna
dözdü və hətta gülə-gülə belələrinə
cavab verdi ki, niyə plagiatlıq etməyə məni qoymurlar.
"Özünün
iki yaşına qədəm qoyan MKM-də indi vəziyyət
necədir, müsabiqəyə verilən əsərlər tam
oxunub qurtarıbmı və ümumiyyətlə Azərbaycanda
ədəbi mühit hansı formadadır?" kimi suallara
cavab tapmaq üçün Nigar xanımla əlaqə
saxladıq. İlk sualım da elə MKM haqqında oldu.
- Nigar xanım, çoxlarının gözlədiyi
MKM-də indi hansı işlər gedir?
- Kitablar oxunub müzakirə
edilir, ancaq tam nəticə hələ alınmayıb.
Alınan kimi mətbuata açıqlama verəcəyik.
- Milli Kitab Mükafatını istər Nigar
Köçərlinin rəhbərlik etdyi "Əli və
Nino" mağazalar şəbəkəsi həyata
keçirsin, lap istərsə də Mister Fix, nəticədə
bizə bizi Avropada təmsil edə biləcək, daha
doğrusu əsərləri xaricdə dönə-dönə
tərcüməyə ehtiyacı olan yazarlar lazımdır. Əgər
müsabiqələrdə belə yazarlar üzə
çıxmırsa, onu keçirməyin heç bir
lüzumu yoxdur...
- Necə də
ağrılı yerə toxundunuz. Düzdür, hələlik
belələri yetişməyib, ancaq bizim də məqsədimiz
elə belələrini aşkar etməkdir. Ancaq sevinclə deyərdim
ki, Rusiyada populyar bir Azərbaycan yazıçısı var -
Elçin Səfərli. Onun kitabları Rusiya və Azərbaycanda,
həmçinin digər ölkələrdə sevə-sevə
oxunur. Başqa populyar yazıçılarımız da az
deyil. Misal üçün, Moskvanın AST nəşriyyatının
çap etdiyi "Azərbaycan
yazıçılarının almanaxı"ında
adları rus oxucularına tanış olan adlar da var idi. Düzdür,
bu Rusiya ədəbi mühitində olan haldır. Bizdə isə
məqsədimiz yuxarıda da dediyim kimi belə yazarları
tapmaqdır.
- Düz deyirlər ki, böyük ölkələrdə
böyük yazıçılar yetişir. Bəlkə Azərbaycan
belə yazıçılar üçün kiçik bir
ölkədir...
- Mən bu fikirlə
razı deyiləm. Misal üçün, dünyaca populyar olan
Coys İrlandiyadandır. İrlandiyanın isə əhalisi Azərbaycanın
əhalisindən çox azdır. Əsas hansı ölkədə
yaşamaq deyil, əsas yaxşı yazmaqdır.
- Onda niyə bizdə yaxşı yazmırlar?
- Yazırlar. Yəqin
onların təbliği, tərcüməsi ilə layiqincə
məşğul ola bilmirik.
- Bəlkə bu, yazıçıların
dolanışığı ilə bağlıdır. Pis
dolanışığı olan yazar heç vaxt pul qazanmaq
üçün ayırdığı vaxtını roman
yazmağa sərf eləməz...
- Bu da düzdür,
ancaq dövlətimiz bir çox yazara prezident təqaüdü
verir. Elə bizim müsabiqənin yekununda da yazarlar pul
mükafatı aldılar və yenə də alacaqlar.
- Deməli, başqa amillər də var ki,
yazarlarımızın dünya səviyyəsinə
çıxmasına maneçilik törədir?
- O amil, zənnimcə,
yazıçılarımızın dünyaya
çıxmamalarıdır. Təbii bunun üçün də
pul lazımdır. Ya da bu işi öz öhdəsinə bizim
kimi naşirlər götürməlidir. Dünya kitab sərgilərinə
heç olmasa, hər naşir bir neçə
yazıçını özüylə aparıb o mühitlə
tanış etməlidir.
- Xarici ölkələrdə naşirlər yazarlara əvvəlcədən
pul ödəyirlər ki, onlar roman yazsınlar. Bizim naşirlərimiz
bu addımı nə vaxt atacaqlar?
- Onsuz da buna oxşar
addımı biz çoxdan atmışıq. Elə "Qanun
nəşrlər evi"ndə və bizim nəşriyyatda
bir çox yazarın kitabını pulsuz çap etmişik,
ya da pulun 10 faizini yazara ödəməklə
kitablarını çap edib satışa buraxırıq.
- Görürsünüz, bunlar yenə də azlıq
təşkil edir..
- Yenə də deyirəm
ki, yaxşı yazıçının yetişməsi
üçün ədəbi mühit olmalıdır. O ədəbi
mühitinsə Azərbaycana yaxınlaşmasını
görürəm.
Mütaliəni sevən,
uşaqlıqdan kitab oxuyan bir xanımla təbii ki, ədəbi
mühiti müzakirə edib bir qərara gəlməyin
özü də rəsmi protokoldan kənara
çıxmağa bənzəyirdi, çünki ədəbi
mühit məsələsi Azərbaycan Yazıçılar
Birliyinə və kabineti olmayan Azərbaycan Yazarlar
Ocağına aid olan suallar idi. Əsas söz və kitablar yenə
də ədəbi qurumlarımızda müzakirə edilməli
və aşağıdakı suallara cavab
tapılmalıdır. Niyə bizim yazarlar Avropada
tanınmır və yaxud Nobel mükafatı nə vaxt Azərbaycana
gələcək?
Deyirlər kitab oxumaq dəbdir,
ancaq bu dəb nədənsə Azərbaycanda hiss olunmur. Misal
üçün, Moskva metrolarında, şəhər nəqliyyatlarında
əlində kitab və qəzet olmayan birisinə rast gələ
bilməzsən. Bizdə isə kitab oxuyana birtəhər
baxırlar. Qəzet alanı isə barmaqla saymaq olar.
Babək Göyüş
Həftə içi.- 2011.- 25 fevral.- S. 7.