Qafqazı birləşdirmək
ideyası həmişə
olub
Musa Qasımlı: "Münaqişələr həllini
tapmadan "Qafqaz evi"nin yaradılması mümkün
deyil"
Bu günlərdə
Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə səfərdə
olan Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu ilə görüşdə bildirdi ki, Cənubi
Qafqazda sülh və əminamanlığı gücləndirməyin
yeganə yolu bölgə ölkələrini bir bayraq
altında birləşdirməkdir. Buna görə də təklif
verib ki, Gürcüstan, Azərbaycan və Ermənistanın
iştirakı ilə "Qafqaz evi" yaradılsın.
Əlbəttə, onun
fikrincə, bu ideya reallaşarkən İran və Rusiya prosesdən
tam kənar saxlanılmalıdır. Səbəb kimi isə həmin
dövlətlərin tarixən Qafqaz torpaqlarına iddialı
olmasını, eləcə də həmişə bu niyyətlərini
həyata keçirmək üçün birgə hərəkət
etdiklərini göstərib. Təbii ki, Davudoğlu da onun ilk
baxımdan əla görünən təklifini dəstəkləyib,
amma bunun həyata keçməsi üçün bölgə
ölkələrinin razılıq verməsini əsas
sayıb. Bəs bölgə ölkələri bu təklifə
necə yanaşacaq, ümumiyyətlə, belə bir ideyanı
reallaşdırmaq mümkündürmü?
Əvvəla,
xatırladaq ki, son yarım il ərzində
Gürcüstanın müxtəlif rəsmiləri, xüsusən
də inteqrasiya naziri buna bənzər təkliflər səsləndirmişdi.
Daha konkret desək, Gürcüstanla Azərbaycanın vahid
konfederasiyada birləşməsi təklif edilirdi. İndi isə
Ermənistanın da bura daxil olunması məsələnin
mahiyyətini bir qədər də dərinləşdirir. Yeri
gəlmişkən, xatırladaq ki, hələ ötən əsrin
əvvəllərində Qafqaz Seymi yaradılmışdı
və indiki üç Qafqaz respublikası həmin qurumda
konfederativ əsaslarla birləşmişdi. Hansı ki, sonradan
qurum parçalandı və ardıyla da, məlum olduğu
kimi, Rusiya tərəfindən işğal olundular.
Tarixçi professor, millət
vəkili Musa Qasımlı da bildirdi ki, "Qafqaz evi"
ideyası 1918 - 1920-ci illərdə də olub, amma Ermənistanın
təcavüzkar siyasətinə görə
reallaşmayıb. Buna baxmayaraq, Qafqaz respublikaları
bolşeviklər tərəfindən tutulandan sonra bölgədən
xaricə mühacirət etmiş qafqazlılar arasında da
xeyli müddət müzakirə mövzusu olub: "Hətta
Qafqaz Konfederasiyasının yaradılması barədə
saziş də imzalanmışdı. Ancaq sonrakı proseslər
onun da həyata keçməsinə mane oldu. SSRİ
dağılandan sonra bu ideya yenidən ortaya
çıxdı", - deyən M.Qasımlı onu da əlavə
etdi ki, bu illərdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və digər şəxslər
də Qafqaz ölkələrinin hansısa birlik şəklində
birləşməsinə dair təkliflər səsləndirdilər.
Ona görə də müzakirə olan bu ideya Gürcüstan
prezidentinin ünvanına yazılmamalıdır: "Azərbaycanın
dövlət başçısı İlham Əliyevin
Tbilisiyə səfəri zamanı Saakaşvili ona konfederasiya
yaratmaq barədə arzusunu bildirmişdi. Özü də
Saakaşvili bu təklifi irəli sürəndə ölkəsinin
siyasi maraqlarını güdüb" - deyən millət vəkili
onu da dedi ki, əslində bu ideya Avropa Birliyinə məxsusdur.
Alimin sözünə görə, Avropa Birliyi viza rejiminin,
gömrükdən keçidin, ümumiyyətlə,
insanların sərbəst hərəkətinin
asanlaşdırılmasını tələb edir. Ancaq burada
da yeganə əngəl Ermənistanın qonşularından əsassız
torpaq və digər sahələrdə iddialarıdır:
"Ermənistan bu iddialarından əl çəkməlidir.
Qondarma soyqırım tələblərinə görə
Türkiyə ilə sərhədləri bağlıdır. O
ki qaldı Azərbaycana, torpaqlarımızı işğal
edən bir ölkə ilə sərhədləri necə
aça bilərik? Bir milyon qaçqınımız illərdir
öz dədə-baba torpaqlarından didərgin
düşüb, Naxçıvan blokada vəziyyətində
qalıb. Əgər Ermənistan tərəfi
torpaqlarımızı azad etsə,
qaçqınlarımız öz evlərinə qayıtsalar,
ümumiyyətlə problemlər tam həll olunsa, yəqin ki,
Azərbaycan da sərhədləri açar".
Maraqlıdır, lap hər
üç Qafqaz respublikası hansısa formada birlik yaratmaq
istəsələr, mərkəzi hökumətlərə
tabe olmayan separatçı bölgələrin vəziyyəti
necə olacaq? Bu həm Qarabağa, həm Abxaziyaya, həm də
Cənubi Osetiyaya aiddir. Millət vəkili bildirdi ki, ümumiyyətlə,
"Qafqaz evi"nin yaradılması elə sözügedən
separatçıların alovlandırdığı
münaqişələrin tam həllindən
asılıdır.
Saakaşvilinin bu təşəbbüsü
Rusiyalı və erməni politoloqlar tərəfindən də
qiymətləndirilib. MDB Ölkələri İnstitutunun Ermənistan
şöbəsinin rəhbəri Hrant Melik-Şahnazaryan
bildirib ki, Gürcüstan prezidenti Qafqaz ölkələrini
birləşdirmək istəyinə gəlməzdən əvvəl
bölgənin siyasi vəziyyətini düşünməliydi.
Onun qənaətincə, nə qədər ki, bölgədə
Milli zəmində münaqişələr mövcuddur, Ermənistanla
Azərbaycan müharibə vəziyyətindədirlər,
Türkiyə sərhədləri açmayıb, "Qafqaz
evi"nin yaradılması söhbətinə qayıtmaq
gülməlidir. Onun fikrincə, Saakaşvili bu ideyanı
ortaya atmaqla özünün və ölkəsinin
maraqlarını güdüb, yəni siyasi xal qazanmaq istəyib.
Rusiyalı ekspert Andrey Epifantsev isə "Analitika.ru"ya
müsahibəsində daha maraqlı fikirlər səsləndirib.
Bildirib ki, kimin deməsindən asılı olmayaraq "Qafqaz
evi"nin yaradılması iki halda mümkün ola bilər:
1. Hər üç Qafqaz respublikası Rusiya Federasiyasına
birləşdiyi təqdirdə, 2. SSRİ yenidən bərpa
olunduğu halda. Çünki Şimali Qafqaz respublikaları
Rusiyanın subyektləridir.
M.Qasımlı da təsdiqləyir
ki, bəli, Şimali Qafqaz ölkələrinin Rusiyadan kənar
Saakaşvilinin dediyi ideya ətrafında birləşməsi
mümkün deyil. Amma tarixçi alim bu fikrində qalır
ki, Qafqaz konfederasiyası məsələsi tarix boyu məhz
Şimali Qafqaz xalqlarının nümayəndələri ilə
birlikdə müzakirə olunub: "Boris Yeltsinin hakimiyyəti
dövründə Kislovodsk ideyası irəli
sürülürdü, yəni "Qafqaz
dördlüyü" məsələsi gündəmə gəlmişdi.
Burada üç Qafqaz respublikası və Rusiyanın əməkdaşlığından
söhbət gedirdi. Amma o vaxt Azərbaycan rəhbərliyi
bildirdi ki, əməkdaşlığa qarşı deyil, lakin əvvəlcə
Ermənistan torpaqları azad etməli, münaqişələr
həllini tapmalıdır. Buna görə həmin ideya da
söz olaraq qaldı". Millət vəkili sonda onu da bildirdi
ki, ümumiyyətlə, münaqişələr həllini
tapmadan, Ermənistan qonşu ölkələrə
qarşı əsassız iddialarından əl çəkməsə
"Qafqaz evi"nin yaradılması mümkün deyil.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 17 fevral.- S. 4.