Bu elin Əhməd
adlı oğlu vardı
"Azərbaycan bayraqlı" şəhidin
ölümündən 18 il ötür
Bizim kəndimiz Naxçıvanın ən
aran kəndlərindən
biridi. Yayda 40 dərəcə istidə daldalanmağa əvvəllər kölgə
də tapmaq olmurdu. Qışda da kömür
peçinin kənarında
islanmış corablarımızı
qurudardıq. Amma bütün
bunlarla yanaşı, nənələrimizin bizlərə
danışdığı əfsanələr, nağıllar
bizləri bu yayın istisində, qışın soyuğunda
çəkdiyimiz çətinlikləri
unutmağımıza ən
böyük töhfə
idi. Bəlkə də bu nağılların, əfsanələrin
verdiyi güc və qüdrət idi ki, kəndimizin
say-seçmə oğulları
vətənə məhəbbət,
ailəyə sədaqət
ruhunda, qəhrəman,
ləyaqətli türk
kişisi kimi böyüyürdülər.
Elə Süliddin əmi ilə Firənginaz bibi də övladlarını
bu ruhda tərbiyə edən valideynlərdən idi. Odur ki, onların
oğlu Əhməd vətənin keşiyində
durmaq və çiyinlərində alışıb-yanan
ulduzları daşımaq
istədi. O bunu bacardı və ilk olaraq sənədlərini
Cəmşid Naxçıvanski
adına Bakı Ali Ümumqoşun
Komandirləri Məktəbinə
verdi. Əhməd Mehbalıyev artıq hərbi sənətin sirlərini ulu öndərimiz Heydər Əliyevin Azərbaycana bəxş etdiyi bu ali hərbi məktəbdə
alacaqdı. C.Naxçıvanski
adına Bakı Ali Ümumqoşun
Komandirləri Məktəbini
bitirdikdən sonra Əhməd hərbi sirlərə daha da yiyələnmək məqsədilə Kazan Ali Tank Qoşunları
Məktəbinə daxil
olur. O, oxuduğu illərdə daima
SSRİ-nin ən ali hərbi
məktəbinin komandirlərinin
rəğbətini qazanır,
öncül kursantlardan
olur. Əhməd ailədə də, məktəbdə də, dostları arasında da hər zaman
seçilən, az danışan və kefiyyətə üstünlük verən
biri idi.
Əhməd Suliddin oğlu Mehbaliyev 1968-ci il
sentyabr ayının
1-də Naxçıvan Muxtar
Respublikasının Şərur
rayonunun Qıvraq kəndində anadan olub. Gənclik baharının 25-ci ilində ruhunu elinə-obasına, vətəninə
bağışladı, Azərbaycan
uğrunda qəhrəmanlıq
göstərərək şəhid
oldu. Buna qədər o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında
xidmət edirdi. Onun hərbidə yüksəlişi
sürətlə gedirdi.
Artıq
adından-sanından xidmət
etdiyi diviziyalarda daha çox bəhs olunurdu. Amma Əhməd bu ad-sanı, durmadan davam edən yüksəlişdən imtina
etdi, ölkəsinə
döndü. Çünki Azərbaycan alovlar içərisində idi.
Dağlıq Qarabağda erməni
yaraqlıları xalqımıza
qarşı divan tuturdular.
Qızlarımızın, gəlinlərimizin namusunun namərd qonşularımız tərəfindən
ləkələnməsinə göz yummaq olmazdı. Əhməd durmadı o yad
ellərdə, Azərbaycana
qayıtdı. Onun
özünəməxsus devizi
də vardı: "Vətəni darda olan kişi yad ellərdə yaşaya bilməz". Əhməd bir təcrübəli tankist kimi ilk döyüşə Şuşadan
başladı. Şuşanın müdafiəsi uğrunda mərd və qəhrəmancasına döyüşdü,
düşməni Azərbaycanın
yenilməz qalası Şuşaya buraxmadı.
İstifadəsində olduğu tankı
ilə hər dəfə düşmənin
hərbi texnikasını
sıradan çıxardanda,
gözlərində yaranan
göz yaşları sevincinin ən yüksək anı idi Əhmədin. Sonralar o, rota komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər...
bölgələrində
gedən ağır döyüşlərdə iştirak
etdi. Vətənin hər qarış torpağını canından
əziz bilən Əhməd Suliddin oğlu iki il düşmənlə
üzbəüz dayanmaqdan
qorxmadı. Amma sən saydığını
say, gör fələk nə sayır. Əhməd də bizim qəhrəman şəhid
qardaşlarımız kimi
ölümün üstünə
dik getdi. 25 iyun 1993-cü il
Əhmədin son döyüşü
oldu. O, düşmənlə
açıq döyüşdə
qəhrəmancasına şəhid
oldu.
Bu gün Əhmədin ailəsində
onun Firənginaz adlı yeganə övladı böyüyür. O, anası Firənginaza o qədər
bağlı idi ki, onun adını
dünyaya gələn
bircə balasına qoymuşdu. Son döyüşə
getmədən öncə
də ailəsi ilə danışmışdı.
"Firənginazın yanaqlarından öp" demişdi ömür-gün
yoldaşına. 22 iyul
1989-cu il tarixdə ali hərbi məktəbi bitirdiyi üçün leytenant, 26 iyul 1991-ci il tarixdə baş leytenant rütbəsi alan Əhməd Mehbalıyev Azərbaycan Respublikası
Prezidentinin 25 iyun
1994-cü il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı"
ordeninə layiq görüldü (ölümündən
sonra). Əhmədin komandirləri sonuncu
döyüş haqqında
danışan zaman gözlərində o döyüş
səhnəsini anbaan yaşayırlar. Baş
leytenant P.Mahmudov Əhmədin sonuncu döyüşü haqqında
danışanda bunları
dedi: "Bir il idi ki,
birlikdə vuruşurduq.
Çox
komandirlər görmüşdüm,
amma tank komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim.
Elə bil ki, sıravi
döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan taqımı səriştəsi
və bacarığı
hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə
o axırıncı döyüşdə
də kişi
kimi döyüşdü.
Ağır yaralansa da, döyüşdən çıxmırdı.
Ağdamın Qızıllı-Kəngərli
kəndindəki döyüşü
daha ağır keçdi. Düşmən həddən artıq
güclü texnika ilə hücuma keçmişdi. Əhməd
idarə etdiyi tankla bir neçə
saat bu hücumun
qarşısını ala bilsə
də, özü barədə düşünmədi
və ... Sentyabr ayında 25 yaşı tamam olacaqdı, heyf igid və
bacarıqlı komandirlərimizi
çox itirdik...".
Əhməd atasından sonra ağsaqqal bildiyi böyük qardaşı Səttarı
da çox sevirdi. Onun məsləhətlərini hər
zaman o qədər həssaslıqla dinləyirdi
ki, nəyisə unudacağından qorxurdu.
Səttar Mehbalıyev
(Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyasının
sədri, millət vəkili) Əhməd haqqında bunları deyib: "Qardaşım vətən uğrunda şəhid olmaqla özünün torpağa,
vətənə, elə
bağlı olduğunu
göstərdi. Döyüşləri barədə bizə heç bir məlumat verməzdi.
Hər dəfə evə dönəndə Şəhidlər
Xiyabanına gedər,
qərənfil dənizinə
batmış məzarları
ziyarət edər və dərindən köks ötürərdi.
Bir dəfə sanki pıçıltı ilə
dediyi bir sözü zorla eşitdim. "Burada
yatan şəhid balaların ruhu qarşısında sağ
qalan hər birimiz borcluyuq. Onlar bizim yolumuzda
şəhid olduqları
kimi, biz də tezliklə qələbə
çalmalıyıq..." Elə bil ki, ürəyinə
dammışdı".
Artıq 18 ildi ki, şəhidlik zirvəsi Əhmədi bizlərdən
ayırıb. Bu ötən
18 il içərisində
çox şeylər
dəyişsə də,
çox təəssüflər
olsun ki, biz hələ də o torpaqlarda deyilik. Amma hər birimiz inanırıq ki, Ali baş komandan İlham Əliyevin əmri ilə Əhmədin və neçə-neçə qəhrəman
vətən oğlunun
qisasını mütləq
alacağıq. Ruhun
şad olsun Azərbaycan zabiti!
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 19 iyul.- S. 4.