Füzulidə
yer altında şəhər yatır
Füzuli rayonunda yeraltı şəhərin
tapılması ilə bağlı qəzetimizin ötən
saylarında məlumat vermişdik. Bir neçə gün
öncə rayonun ərazisində olanda qazıntı işləri ilə
yaxından tanış olduq. Həqiqətən
də, həmin ərazi tarixi abidələrlə
zəngindir. Şəhərcik Füzuli rayonunun Horadiz qəsəbəsinə
yaxın
ərazidə olan Babı kəndində
yerləşir. Abidə kəndin qədim qəbiristanlığında,
hündür bir ərazidə
aşkarlanıb.
Qazıntı gedən yerdə Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun İlk
Orta Əsrlər Arxeologiyası şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor Arif Məmmədovla
görüşdük. A.Məmmədov "Həftə
içi"nə qazıntı işləri ilə
bağlı məlumat verdi: "Müəyyən yerlərdə
çuxurlar əmələ gəlib. Abidənin müəyyən
hissələri, xüsusən yeraltı hamam, hücrələrin
qalıqları, məscid binasının və yeraltı yolun
bir hissəsi aşkarlanıb. İlkin olaraq əraziyə
baxış keçirildi. Məlum oldu ki, adıçəkilən
ərazidə doğrudan da orta əsrlər dövrünə
aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus
böyük bir xanəgah olub. Həmin xanəgah əsasən
məsciddən, türbədən, hücrələrdən,
eyni zamanda yardımçı binalardan ibarətdir. İlkin
olaraq belə anlaşılır ki, burada olan məscidlərdə
yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə
kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var.
Hücrələrin məscid binasına yaxın ərazidə
yerləşməsi və onların bir neçə nəfər
üçün nəzərdə tutulması, yüklərin
boşaldılması üçün yaxınlıqda yerlərin
olmaması onu göstərir ki, kənardan gələn
şagirdlər mollaxanada, mədrəsədə
qalırlarmış. Yeraltı hamam kompleksi isə 23-24 sm
qalınlıqda kərpiclə hörülüb. Burada
kaşılar var ki, XIII-XIV əsrə məxsus hamam kompleksinə
aiddir. Hamam özü də bir neçə otaqdan ibarət
olmaqla yerin tam alt hissəsində yerləşir. Hamamın
kanalizasiya xətləri var ki, o da iri boruya çıxır.
Ümumiyyətlə, vaxtilə xanəgahın
yaxınlığından Araz çayı
axdığından, digər tərəfdən xanəgah Araz
çayının yaratdığı yarğanla əhatə
olunduğundan, bu hissədə müdafiə işi asan
olub".
Şəhər kompleksi 10 hektardan
artıq sahəni əhatə edir
Arif müəllim XIII əsrdə belə bir abidənin
tikilməsini Ərdəbildə və Cənubi Azərbaycanda
baş verən hadisələrlə izah edib: "XIII əsrdə
Şeyx Səfiyyəddin sufi təriqətini yaymağa
başlayır. Bununla bağlı
ətraf ərazilərdə, o cümlədən
görünür ki, Füzuli rayonunun Babı kəndi
ərazisində bu təriqəti, həm
də İslam dinini yaymaq məqsədilə təbliğat işləri
aparılıb. Oradan keçən ticarət
yolunun da Ərdəbilə
doğru istiqamətlənməsi həmin
xanəgahın məhz göstərilən ərazidə
tikilməsini şərtləndirib. Belə ki,
xanəgahlar ticarət yollarının üstündə yerləşir,
hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində
şəhərlər əmələ gəlirdi. Xanəgahın
yerləşdiyi əraziyə ümumi
baxış keçirən zaman hiss olunur ki,
şəhərcik təxminən 10 hektardan
artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir.
Bu da qala
divarları ilə əhatə olunub.
Şəhərin adının nə olması barədə heç bir fikir söyləmək mümkün
deyil. Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta
əsr müəllifləri Qarabağda orta əsrlər dövründə bir neçə iri şəhərlərin
adlarını çəkiblər ki, bu adlar indiyə kimi hələ də heç
kəsə məlum deyil. Ola bilsin
ki, tapılan bu abidə
orada gedən arxeoloji
qazıntılar bitdikdə, həm də elmi
faktların araşdırılması sonucunda
belə bir şəhərin olduğunu tam təsdiqləməyə
imkan verəcək, həmin şəhərin
adının müəyyənləşdirilməsində bizə
yardımçı olacaq".
"Ərazi vaxtilə hərbi əməliyyat
meydanı olub"
Ərazidə arxeoloji qazıntıların
aparılmasının vacib olduğunu söyləyən A.Məmmədov
buranın hərbi əməliyyatların meydanı
olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi
dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın
işğal altında olan
torpaqlarının yaxınlığında yerləşir və
digər tərəfdən İranla həmsərhəddir.
Həm cənubi-şimali Azərbaycanla mədəni əlaqələri,
vahid mədəni irsin
öyrənilməsi, həm də Qarabağda
olan orta əsrlər
dövrünə aid ən yaxşı
abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada
qazıntı işlərinin getməsi gələcəkdə
Qarabağ ərazisində ən böyük turizm mərkəzinin
yaradılması ilə nəticələnə bilər. Bu da bizim
XII-XIII əsrdə nə qədər böyük
abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin
mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".
"Qazıntıya başlamaq
üçün vəsait lazımdır"
Arif müəllim onu da dedi ki, dedikləri ilkin
mülahizələrdir, ancaq qazıntı işləri
aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək
olar: "Ola bilsin ki, qazıntılar gedəndən sonra
aşağı mədəni qatlardan daha qədim dövrlərə,
erkən orta əsrlər dövrünə, antik dövrə
aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan
əlavə, abidənin yanında XIV əsrə aid olan qoç
heykəllər var ki,
onların da XIV-XV əsrlərdə Azərbaycanda
mövcud olan Qaraqoyunlu və Ağqoyunlu
hakimiyyəti dövrünə təsadüf etdiyini
söyləmək olar. Ərazidə həmçinin
çoxlu sayda qəbir
abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur. Məscidin, yeraltı hamamın,
hücrələrin XIII-XIV əsrə məxsus olduğunu mən özüm
də qəbul edirəm. Lakin orada Şeyx Baba Yaqubi türbəsi var ki, onun
XIII-XIV əsrə məxsus olduğunu deməyə
əldə əsasımız yoxdur. Baxmayaraq ki, onun üzərində Məşədi
xanım Nemət tərəfindən XIII-XIV əsrə məxsus
olduğu qeyd edilib. Ola bilsin
ki, həmin kompleksin olduğu bir yerdə Şeyx Baba Yaqubinin balaca bir qəbir abidəsi olub,
sonralar Babilər dövründə həmin
abidə onların mərkəzlərindən birinə
çevrildiyindən, orada türbə tikilib. Qeyd etmək yerinə
düşər ki, məscidin, hücrələrin,
hamam kompleksinin tikilməsi
sufilik təriqəti ilə
bağlıdır.
Şəhərin tamamilə torpaq altında qalması
ilə bağlı da müəyyən fikirlər söylənilə
bilər. Lakin tam dəqiqləşməsi
üçün mütləq arxeoloji qazıntılar getməlidir. Bu işlərə vəsait ayrılarsa, bu ilin sentyabr
ayından başlaya bilərik. Lakin Arxeologiya və Etnoqrafiya İnstitutu abidələrə
vəsaiti illik plan əsasında
ayırdığından, 2011-ci ilin fərdi
planında Füzuli rayonunun
Babı kəndində arxeoloji
qazıntıların aparılması nəzərdə
tutulmayıb. Ancaq Mədəniyyət və
Turizm Nazirliyi və yaxud da bizim
Elm Fondu kimi imkanlı təşkilatlarımız var ki, onların köməkliyi
ilə bu layihəni həyata keçirə
bilərik. Hazırda bizim arxeoloji
qazıntı qrupumuz Gəncə ərazisində
qazıntı işləri aparır. Çox
istərdik ki, kömək olunsun
və biz müəyyənləşdirdiyimiz
vaxtda Füzuli rayonunda qazıntı işlərinə start verək. Burada
yatmış bir şəhər var. Sadəcə, onu oyatmaq lazımdır".
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 27 iyul.-S. 4.