"Beynəlxalq
ictimaiyyət Xocalıdakı hadisələri holokost
adlandırmır"
Mixal
Lebenda: "Lakin bu həmin faktın ifadəsini dəyişdirmir"
Polşanın
Azərbaycandakı səfiri Mixal Lebendanın "Həftə
içi"nə eksklüziv müsahibəsi
Polşa-Azərbaycan münasibətləri
həmişə müsbət xarakterizə olunub. Polşa
prezidentinin bu yaxınlarda Azərbaycana səfəri əlaqələrin
daha da inkişaf edəcəyini deməyə əsas verir.
Polşanın Azərbaycandakı səfiri Mixal Lebenda ölkələrinin dövlət başçısının Azərbaycana səfəröncəsi olduğu kimi, səfərdən sonra da ilk müsahibəsini "Həftə içi"nə verdi və iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
- Polşa və Azərbaycan arasındakı əlaqələri
necə dəyərləndirirsiniz?
- Polşa və Azərbaycanı həmişə
yaxın və dost əlaqələri birləşdirib. Oxşar talelər, əsasən də iyirminci yüzillikdə, bizə bir-birimizi daha yaxşı
anlamağa imkan verib. Emosional səviyyədə
bizim xalqlarımız bir-birinə çox yaxındılar.
İkitərəfli münasibətlərimizə
pis təsir edə biləcək tarixi hadisələr
olmayıb. Eləcə də bizim ölkələrimiz siyasi
və iqtisadi arenada
tamamlayıcı maraqlara malikdirlər - Polşa yaxın qonşu
ölkələrini Avropa orbitasına cəlb
edən Şərq Tərəfdaşlığı
Proqramının tərəqqisində maraqlıdır, Azərbaycan
isə öz növbəsində Avropa Birliyi ilə əlaqələrin
inkişafını prioritet məqsəd
kimi qəbul edir. Polşa Avropanın energetik
xammalı ilə təchiz edilmə mənbələrinin
difersifikasiyasında maraqlıdır, Azərbaycan da öz ixracat
istiqamətlərinin difersifikasiyası naminə aktiv fəaliyyət aparır. Buna görə də həmçinin
praqmatik nöqteyi-nəzərindən bizim əlaqələrimiz yaxşıdır və
yaxşı da olacaq. İctimai rəy üçün
bunun ən gözəl görümlü
işarəsi yüksək səviyyəli səfərlərdi
- məsələn, son dəfə Polşa prezidentinin Bakı
səfərini göstərmək olar.
- Azərbaycanın
əraziləri Ermənistan tərəfindən işğal
edilib. BMT bununla bağlı qətnamələr
qəbul edib. Lakin Ermənistan
beynəlxalq hüquq prinsiplərinə əməl
etmirg
- Bildiyiniz kimi, Polşa və yaxud
Avropa Birliyinin digər ölkələri Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və bu da
Bakıda səfər etmiş Avropa Komissiyasının sədri,
Barosso tərəfindən Bakı Dövlət Universitetində
dəqiq ifadə edilib. Bizim fikrimizcə, Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının işğalı məsələsini beynəlxalq
hüquq normalarına əsaslanaraq həll
etmək lazımdır və buna görə
də Dağlıq Qarabağ
münaqişəsinin həlli imkanı Azərbaycan və Ermənistan
tərəfindən qəbul edilmiş formatda və ATƏT-in
Minsk Qrupunun
iştirakı və mühüm rolu ilə davam edən sülh prosesini qoruyub saxlamaqdadır. Polşa
konsensusun tapılması və mübahisənin
həllinin ancaq danışıqlar yolu ilə mümkün
olması qənaətindədir.
- Xocalı soyqırımı
zamanı yüzlərlə azərbaycanlı ermənilər
tərəfindən qətlə yetirilib. Lakin
beynəlxalq cəmiyyət bu məsələyə
qarşı çox laqeyddir.
Ermənilər isə türklər tərəfindən
törədilmiş uydurma erməni
soyqırımı haqqında məlumat yayırlar. Bu haqda nə deyə bilərsiniz?
- Xocalının sivil əhalisinin
dramı və 1915-ci ilin kədərli hadisələrinin
bir-biri ilə bilavasitə bağlılığı yoxdur. Lakin onları günahsız insanların
payına düşmüş ümidsizlik və faciə birləşdirir. Bu cür hər faciə
soyqırımı olub-olmamağından asılı olmayaraq, əzablı və
sarsıdıcı olur. Beynəlxalq
ictimaiyyət Xocalıdakı hadisələri holokost
adlandırmır, lakin bu
həmin faktın ifadəsini dəyişdirmir.
- Varşavada Şərq Tərəfdaşlığının
Zirvə toplantısı keçiriləcək. Polşa bu tədbirə
necə hazırlaşır? Bunun əsas mahiyyəti nədədir?
- Şərq Tərəfdaşlığının
Zirvə toplantısı Varşavada cari ilin 29-30 sentyabr tarixlərində
keçiriləcək və bu sədrliyimizin
planlaşdırdığı ən böyük tədbiri
olacaq. Əlavə edim
ki, bu tədbiri biz sona çatan
Macarıstanın sədrliyi ilə ortaq
realizə edəcəyik. Polşa üçün bu tədbir yalnız nüfuzlu
məna daşımır, hərçənd ki,
İsveçlə birgə tərəfdaşlığın
konsepsiyasının müəllifiyik. 2009-cu ildə Praqada keçirilmiş ŞT-nin I-ci sammitindən
bəyannamənin əsaslarının yerinə yetirilməsi bizim üçün vacibdir, eləcə də Varşavadakı görüşünün
siyasi bir mənalı
müraciətnamənin yaradılması, misal
üçün qonşu
şərq ölkələrinin Avropadaki yeri, yəni üzvlük
perspektivləri haqqında olan AB
müqaviləsinin 49-cu maddəsi bizim
ambisiyamızdır. Bizim fikrimizcə, regionun ölkələri üçün
aydın siyasi perspektivin
istiqamətinin təyin edilməsi islahatlar
üçün faydalı stimul olardı. Əlbəttə üzv ölkələrinin yanaşmasında olan fərqləri biz görürük və bilirik
ki, hamısı belə uzağa
gedən ambisiyaları irəli sürmür.
Buna görə də tərəfdaşlıq
elastik məhsul olmalıdır ki, hər bir ölkə burada özü üçün nə isə tapa
bilsin. Eləcə də biz Şərq Tərəfdaşlığında
Avropa dəyərləri ruhunda
ağır iş, ölkənin
islahatı, həmçinin AB ilə daha
dərin əməkdaşlıq, AB-nin öz təklifinin genişləndirilməsinə
avtomatik öhdəçiliyi yaradan mexanizmi tətbiq etmək
istəyirik. Yəni Şərq Tərəfdaşlığının
təklif edilən yeni proqramını daha yaxşı ifadə edən "daha çoxa görə daha çox, daha aza görə daha az"
şüarında deyildiyi kimi.
Əlavə edim ki, ilk dəfə olaraq sammiti müşahidə edən tədbir kimi Biznes Forum
və həmçinin vətəndaş cəmiyyətinə
həsr edilmiş konfrans
keçiriləcək. İkinci
yarımillikdə Şərq Tərəfdaşlığının
bir sıra nazir
görüşlərinin və sektor
konfransları təşkil etməyi
planlaşdırırıq. Görüşlər
Şərq Tərəfdaşlığının əməkdaşlığının
əsas sahələrinə aid olacaq və Avropanın dəyərlərini təbliğ
edəcək. Əlbəttə ki, sammitin uğurunun
ölçüləri Şərq Tərəfdaşlığında
iştirak edən və dəvət edilmiş dövlətlərin
başçılarının və hakimiyyətlərinin geniş mövcudluğundan
asılı olacaq. Bu bizim üçün çox vacibdir və biz bunun üçün
çalışacağıq. Bu sammitin özü ilə
maraqlanmanın səviyyəsinin ən yaxşı təyinedicisidir
və onun tərəfindən qəbul edilmiş təyinidir.
- Avropa Birliyi və Azərbaycan
arasında viza rejiminin sadələşdirilməsi müzakirə
olunur. Bu addımın müsbət tərəfləri
hansılardır?
- Viza rejiminin sadələşdirilməsi
haqqında müqavilələr AB tərəfindən öz
xarici tərəfdaşlarına, eləcə də Şərq
Tərəfdaşlığında qruplaşmış
dövlətlərə yönəlmiş geniş təkliflərdən
biridir. Dəqiq olmaq üçün
əlavə etməliyəm ki, viza rejiminin sadələşdirilməsi
Şengen zonasına daxil
olan dövlətlərə girişi sadələşdirir, bu zona isə Avropa Birliyi ilə
üst-üstə gəlmir. Bu cür müqavilənin əhəmiyyəti həmçinin
tərəflərin güzəştli viza
ödənişlərinin tətbiqi öhdəliyindən də
ibarətdir. Şəxsi vizalar
hal-hazırda 35 avrodur. Müqavilə həmçinin
ödənişsiz vizaları ala biləcək
şəxslərin qrupunu artırır. Bu cür vizalar
rəsmi səfərlər zamanı (misal
üçün idmançıların idman yarışlarına, tələbələrin
rəsmi mübadilə proqramlarına, konfranslar,
mədəniyyət mübadiləsi və yaxud
humanitar yardımı sahəsində) verilir. Bundan əlavə,
səfərin məqsədindən asılı olmayaraq, ödənişsiz vizaları 12
yaşınadək uşaqlar və təqaüdçülər
alır. Bu müqavilələr bir-birindən
fərqli ola bilərlər, bəzi qərarlar
isə qarşılıqlılıq xüsusiyyətinə malik olmaya bilərlər.
Belə qərarlar Ukrayna və Gürcüstanla imzalanmış müqavilələr
ehtiva edirlər. Bunların əsasında
şengen ölkələrinin vətəndaşları
bu dövlətlərə vizasız səfər
edə bilir, lakin o dövlətlərin vətəndaşları
üçün şengen
vizası tələb edilir. Belə
müqavilələrin məqsəd və əhəmiyyətini
təyin etmək çətin deyil. Daha ucuz, yaxud
tamamilə ödənişsiz viza və daha asan əlçatan viza avtomatik olaraq insan, mədəniyyət,
idman və yaxud təhsil
mübadiləsində öz təsirini
göstərir. Burada biznes
üçün daha çox şans, turizmin inkişafı üçün
impuls yaranır. Son nəticədə
qarşılıqlı tanışlıq və neqativ stereotiplərdən azad
olmaq üçün
daha çox fürsətlər
deməkdir. AB-nin şərq
qonşuları arasında bu cür müqavilələrə Ukrayna, Gürcüstan, Rusiya və Moldova malikdirlər.
Hesab edirik ki, AB-nin şurasında sədrliyimiz,
eləcə də Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair müzakirələr aparmaq
üçün mandat
qəbul edəcək. Viza rejiminin
sadələşdirilməsinə dair
müqavilələr haqqında danışarkən iki əlavə və çox
vacib elementi
xatırlamaq lazımdır. Bu cür müqaviləyə həmişə readmissiya haqqında müqavilə
müşahidə edir. Müqavilə bağlayan tərəflər üçün
o başqa tərəfdaşın
ərazisindən onların ərazisinə gəlib
çıxmış istənilməyən və qanunlara tabe olmayan insanları öz ərazilərindən
göndərməyə imkan verir. Və məhz bu element hansısa bir tərəfin
readmissiya haqqında müqavilənin qəbul
etməməsi viza rejiminin
sadələşdirilməsində səbəb olur. Başqa tərəfdən, viza rejiminin sadələşdirilməsi
haqqında müqavilə, bir sıra əlavə
şərtlərin yerinə yetirilməsi zamanı, bunlardan - sərhədlərin qorunması, gömrük və sərhəd xidmətləri
arasında məlumat mübadiləsinin müvafiq
səviyyəsi - bir neçə müddət
sonra viza rejiminin tam ləğvi
müqaviləsi ilə əvəz edilə bilər. Bu statusa başqaları ilə
birlikdə balkan ölkələri malikdir, AB-nin şərq
qonşuları arasında isə Rusiya və
Ukrayna daha irəliləşdirilmiş
müzakirələr aparır.
- "Odessa-Brodı" boru kəmərinin
Qdansk şəhərinə kimi uzadılması məsələsində
irəliləyiş varmı?
- Avrasiya Neft Nəqletmə Dəhlizinin Layihəsinin (ANND) vacib elementi olan "Odessa-Brodı-Plotsk" boru kəməri davamlı olaraq Sarmatiya konsorsiumu formatında həyata keçirilir. Onun payçıları Polşa, Ukrayna, Litva, Azərbaycan və Gürcüstanın energetik şirkətləridir. 2010-cu il noyabrın 24-də Bakıda keçirilmiş, İqtisadi Əməkdaşlığı üzrə Polyak-Azərbaycan Komissiyasının IV iclası ərzində, Polşa Respublikasının baş naziri və iqtisadiyyat naziri Valdemar Pavlak effektivliyinin artmasına, həmçinin Sarmatiyanın fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılmasına nəzər yetirib. Nazir Pavlak Şərq Tərəfdaşlığı təşəbbüsünün "Energetik təhlükəsizliyi" III tematik platforması çərçivəsində təklif etdiyi imkanları da qeyd edib. Azərbaycandan Ukraynaya neftinin nəqli, həmçinin xammalın Belarusiyaya tranzitinə dair bu yaxınlardakı razılaşmalar, "Odessa-Brodı" boru kəmərinin zahiri tərəfinin istifadəsinin kommersiya əsaslığının və həmçinin ANND layihəsinin gələcəkdə inkişafı üçün ilkin şəraitin təsdiqidir. Əlavə etmək lazımdır ki, prezident B.Komorovskinin Bakıya səfəri zamanı bu məsələ Polşanın və Azərbaycan prezidentlərinin danışıqlarının mövzularından biri olub.
- Mərhum Lex Kaçınskinin
hakimiyyəti zamanı gündəlikdə Polşanın
GUAM-a daxil olması məsələsi müzakirə olunurdu.
Hazırda bu məsələ hansı mərhələdədir?
- Polşa GUAM təşkilatının çərçivəsində bütün növ aktivliyin tərəfdarıdır, lakin heç zaman bu təşkilatda öz üzvlüyü məsələsini müzakirə etməyib. GUAM -ın üzv ölkələri arasında olan dialoqu da dəstəkləyirik, həmçinin ölkəmizin sistem transformasiyasının bir hissəsi olan və bizim əməkdaşlar üçün yararlı ola biləcək siyasi və iqtisadi təcrübənin mübadiləsinə xidmət edən Polşa-GUAM platforması çərçivəsində münasibətlərin intensivləşdirilməsi üçün çalışırıq.
- Polşada Məhəmməd Əmin Rəsulzadə haqqında bir çox material çap olunur. Azərbaycan tədqiqatçıları üçün arxiv açıqdırmı?
- Məhəmməd
Əmin Rəsulzadənin şəxsiyyəti Polşada
yalnız Azərbaycan Demokratik
Respublikasını yaratması üçün
deyil, həmçinin onun
II Polşa Respublikası ilə olan əlaqələrinə görə də
tanınır və qiymətləndirilir. Yada
salmaq lazımdır ki,
sovetlərdən qaçan Rəsulzadə
məhz Polşada sığınacaq
tapıb. Burada o Promitey cərəyanının çərçivəsində
aktiv fəaliyyət göstərib. Polşa
Respublikasının Bakıdakı səfirliyi öz
tədqiqat layihələrindən birini Rəsulzadənin
şəxsiyyətinə həsr edib və
nəticədə arxiv sorğusu
əsasında "Məmməd Əmin Rəsulzadənin Azərbaycan-Polşa
əlaqələrinin inkişafında rolu"
nəşr edilib. Polyak
arxivi öz
materiallarından yararlanmaq imkanını verir, həmçinin Varşava
və Bakı arasında imzalanmış ikitərəfli
razılaşmaya əsasən, tədqiqat fəaliyyətinə
dəstək etməyə hazırdır.
- Polyak və Azərbaycan jurnalistlərinin
qarşılıqlı səfərləri olurmu? Səfirlik
belə səfərlərin təşkilini
planlaşdırırmı?
- Polşaya jurnalistlərin təhsil
səfərləri mətbuat ilə əməkdaşlıq,
Azərbaycanda Polşanın həqiqi və pozitiv imicinin
yaranması üçün əsas elementdir. Hər il Azərbaycan mətbuatının bir neçə nümayəndəsi Polşaya səfər edir.
Onların səfər haqqında raportları mətbuatda nəşr
edilir və bizim
ölkələrimizi birləşdirən hərtərəfli
çox gözəl əlaqələri sübut edir...
- Siz Azərbaycan dilini bilirsiniz. Bu dili səfir olduqdan sonra, yoxsa ondan
əvvəl öyrənmisiniz? Azərbaycan haqqında fikirləriniz
maraqlıdır, necə ölkədir? Bura
gəlməmişdən əvvəl bizim
ölkə haqqında məlumatınız var
idimi? Bura gəldikdən
sonra ölkəmiz barəsində rəyiniz
dəyişdimi?
- Azərbaycan dilini hələ Polşada olanda öyrənməyə başlamışam. Bakıya gəlməmişdən əvvəl Şərqi Departamentin Cənubi Qafqaz və Orta Asiya üzrə direktor müavini vəzifəsində çalışırdım. Bakı nümayəndəliyi bilavasitə mənim səlahiyyətimə daxil idi, buna görə də Azərbaycanda səfir vəzifəsinə təyin edilməmişdən öncə Azərbaycan məsələləri ilə çox yaxşı tanış idim. Xarici xidmət işçisi vəzifəsində daimi təhsil bacarığı tələb olunur, buna görə də təhsilimi davam etdirirəm, öz biliklərimi təkmilləşdirirəm. Burada mənim üçün çox maraqlı olan yalnız dillər deyil, həmçinin mədəniyyət və regionun ənənələri ilə də tanışlığı nəzərdə tuturam. Azərbaycan çox maraqlı ölkədir. Onun haqqında biliyə yalnız kitablar və kütləvi informasiya vasitələrindən deyil, insanlarla söhbətlərdən və səfərlərimdən (Gəncəyə, Lənkərana, Şəkiyə) öyrənirəm. Çünki məhz bunlar daha yaxşı təhsil verir və uzun müddət xatirədə qalır.
Əli
Zülfüqaroğlu
Həftə
içi.- 2011.- 30 iyul-1 avqust.- S. 1; 6.