Ramazan
- günahların bağışlandığı ay
Oruc
niyyət edib, dan yeri ağarandan gün batıncayadək Allah
rizası üçün yemək-içməkdən və
şəhvət doğuran işlərdən uzaq durmaq deməkdir
Qafqaz Müsəlmanları İdarəsinin
Qazilər Şurası el arasında "orucluq" ayı
adlandırılan Ramazan ayının girməsinə dair fətva
verdi.
Beləliklə,
iyulun 31-i niyyət gecəsidir, avqustun 1-i isə artıq
müsəlmanlar oruclu olacaqlar. Yəni hər
bir mömin bir ay ərzində Allah rizası üçün
oruc tutaraq, Yaradandan günahlarının
bağışlanmasını, onu doğru yola yönləndirməsini
istəyəcək.
"Oruc nədir"
sualına daha geniş mənada cavab tapmaq üçün
böyük türk-islam alimlərinin Qurani-Kərimə əsaslanaraq
buyurduqlarına nəzər saldıq. Oruc
niyyət edib, dan yeri ağarandan (imsaqdan etibarən) Günəş
batıncayadək Allah rizası üçün yeməmək,
içmək və şəhvət doğuran işlərdən
uzaq durmaq deməkdir.
Orucun hökmü nədir?
Ramazanda oruc tutmaq fərz bir ibadətdir, Qurani-Kərimdə
və Sünnətdə müsəlmanlar qarşısında
qoyulan müqəddəs tələbdir. Bəs
orucun fərz olmasının şərti nədir? Ramazan orucunu tutmağın fərz olması
üçün müsəlman olmaqla yanaşı, yetkinlik
yaşına çatmaq da şərtdir.
Ancaq 8 -10
yaşından etibarən uşaqların tədricən bu ibadətə
alışdırılması vacibdir və hətta
savabdır. Yeri gəlmişkən, bilməyənlər
üçün xatırladaq ki, Ramazan ayında oruc tutmaq
müsəlmanlara Mədinəyə hicrət ediləndən
ilyarım sonra fərz qılınıb. Sual yaranır:
kimlər oruc tutmalıdır? Çünki bəzən
kimlərinsə xəstə vəziyyətdə, yol üstə,
ümumiyyətlə, çox çətin şərtlər
altında oruc tutduğunu görürük və hiss edirik ki,
onlar sanki bunu etməyə məcburdurlar? Oruc tutmaq
aşağıdakı vəziyyətdə məcbur deyil:
1. İnsan çox qocaldıqda. Çünki bu vəziyyətdə insan fiziki
baxımdan qüvvəsiz, taqətsiz olur. Amma
belə şəxslər əvəzində hər oruc
günü üçün fidyə verməlidirlər.
Fidyə isə bir gün ərzində səhər
və axşam yeməyi zamanı bir acın qarnını
doydurmaq deməkdir. Hətta bu şəxsin
fidyə verməyə maddi gücü çatmırsa, o, sadəcə
Allaha dua və səcdə edərsə, yetər. Onu da deyək ki, belə insanlar sonradan özlərində
qüvvə toplaya bilərlərsə, onlar hətta fidyə
vermiş olsalar belə, qəza oruclarını
tutmalıdırlar. Yeri gəlmişkən,
sağalmaq ümidi olmayan xroniki xəstələr də dinin
qoyduğu bu şərtlərdən yararlana bilər.
2. Xəstə olarsa. Xəstə insan oruc tutduğu təqdirdə
çox əziyyət çəkməsindən, həyatının
təhlükəyə düşməsindən, xəstəliyinin
şiddətlənməsindən və ya müddətinin
uzanmasından narahat olarsa, oruc tutmamalıdır. Hətta tutubsa, onu poza bilər. Sağaldıqdan
sonra isə əvəzini qəza orucu tutmaqla
çıxmalıdır. Amma onu da nəzərə
alaq ki, yersiz narahatlıqla orucu pozmaq bağışlanmaz
günahdır. Ona görə də xəstələndiyini
düşünən insan sağlam olduğunu dəqiqləşdirmək
üçün həkim müayinəsindən keçərək
oruc tutarsa, yaxşıdır. Xəstəliyə
dair hədislərdən birini sitat göstərək.
Bir gün biri Məhəmməd salavatullahdan soruşur:
"Ya Rəsulallah, gözlərim ağrıyır, ona
görə də oruclu olsam da, gözlərimə sürmə
çəkirəm. Bu orucumu batil edirmi? Məhəmməd salavatullah ona "Xeyr,
sağlamlığının qayğısına qal"
cavabını verir.
3. Yola çıxdıqda: Ramazan
ayında ən azı 90 kilometr məsafədə yol qət
etməklə səfərə çıxan müsəlman
oruc tutmaya bilər. Amma oruclu vəziyyətdə
yola çıxarsa, mütləq qaydalara riayət etməli,
orucunu pozmamalıdır. Əgər yolun
ona verdiyi əziyyətdən dolayısı pozarsa, qəza
orucu tutmaqla əvəzini çıxmalıdır. Onu da deyək ki, insan sağlamdırsa və
dözümlüdürsə, səfərə çıxarkən
də oruc tuta bilər. Hədislərdə bu məsələylə
bağlı belə deyilir: bir gün islamın böyük
simalarından sayılan Həmzə İbn Əmr peyğəmbər
salavatullahdan soruşur: "Ya Rəsulallah, mən səfərə
çıxarkən özümdə oruc tutmağa güc
tapıram. Bu halda oruc tutsam, günaha
batarammı?" Rəsulullah cavab verir: "Bu Allahın
sənə verdiyi icazədir. Belə insanlar, nə bəxtəvərdir!
Amma bu halda kim oruc tutmaq istəyərsə
də, onun günah yoxdur".
4. Qadınlar hamilə və
körpə əmizdirən vəziyyətdə olarkən: bu
vəziyyətdə olan qadın oruc tutduğu təqdirdə
özünün və ya körpəsinin halsız düşəcəyindən,
hansısa formada zərər çəkəcəyindən
narahatdırsa, oruc tutması mütləq deyil. Amma
sonradan vəziyyəti yüngülləşəndə qəza
orucunu tutmalıdır. Hədislərə
görə, qadın yalnız körpəsinin ziyan çəkə
biləcəyindən narahat olaraq oruc tutmazsa, həm qəza
orucunu borclu olur, həm də fidyə verməlidir. Amma yenə də özünü hədsiz narahat
görməyən hamilə qadınlar oruclarını tutmalıdırlar.
Hətta körpəsini əmzik və ya
başqa bir üsulla yedirdə bilən analar da oruc tutarsa,
yaxşı olar.
5. Aybaşı vəziyyətində:
bu durumlarda qadının oruc tutması mütləq deyil. Hətta buyrulur ki, hər hansı oruclu qadın
özündə belə bir vəziyyət hiss edərsə, təcili
orucunu pozmalıdır. Amma imsaqdan əvvəl
bu vəziyyətin düzəldiyini görən qadın ertəsi
gün oruc tutmağa davam etməlidir.
6. Şiddətli aclıq və
susuzluq yarandıqda: oruclu birisi öz təcrübəsinə
əsasən və ya etibarlı bir həkimin tövsiyəsi
ilə aclıqdan, yaxud da susuzluqdan həyati təhlükə
yaşayırsa, orucunu poza, amma sonradan qəza orucu tuta bilər.
İnsanlar
arasında oruca başlayarkən niyyət etmək müxtəlif
cür başa düşülür. Yəni
Allah rizası üçün tutulan orucu kimlərsə
öz şəxsi arzularının yerinə yetməsi
üçün vasitə hesab edir. Əslində
isə oruc üçün niyyət tutmaq vacib şərtdir,
amma şəxsi maraqlar üçün deyil, yuxarıda qeyd
etdiyimiz kimi, Allah rizasına. Niyyət
tutmaq hansısa şəxsin oruc tutacağını ürəkdən
bilməsi və buna qərar verməsidir. Yəni
niyyəti dillə söyləmək şərt deyil. Oruc üçün sahura qalxmaq belə niyyət
sayılır. Hər günün orucu
ayrı-ayrılıqda bir ibadət olduğundan, hər biri
üçün fərqli niyyətlər etmək gərəkdir.
Niyyətin vaxtı axşamdan oruc tutulan
günün dan yeri ağaran anlarınadəkdir. Amma qəza, vaxtı dəqiqləşməmiş və
digər oruclar üçün mütləq imsaqdan əvvəl
niyyət etmək fərzdır.
Bu gün yeni nəsilləri
bir sual da düşündürür - səhvən, bilmədən
bir şey yeyib-içmək və ya yasaq buyrulmuş nəyisə
etmək orucu pozurmu? Bildirək ki, imsaq
vaxtı olduğu halda "hələ vaxt var"
düşüncəsiylə, ya da iftar vaxtı
çatmadığı halda, "artıq vaxtdır"
deyib bir şey yeyib-içmək orucu birmənalı şəkildə
pozur. Dəstəmaz və ya qüsul
zamanı ağıza və buruna su qəbul edilərkən
cüzi də olsa boğaza su gedərsə, oruc pozulur. Bu halda həmin şəxs pozduğu orucun əvəzini,
sadəcə, qəza yolu ilə doldurar. Oruclu
olduğunu unudaraq bir şey yeyib-içənin isə orucu
pozulmur. Amma bir şərtlə: birdən oruclu olduğu
yadına düşsə, təcili yemək-içməyə
son qoymalı, ağzındakı loxmanı
çıxarmalı, suyu tüpürməli və dişlərini-damağını
təmizləməlidir. Bu halda onun orucu batil
sayılmır. Yox,
xatırladığı təqdirdə də yeməyə
davam edərsə, deməli, oruc pozulur.
Bu yerdə hədislərdən
sitat gətirək: bir nəfər peyğəmbər
salavatullahdan soruşur: "Ya Rəsulallah, mən oruclu
olduğumu unudaraq yedim və içdim, indi
nə edim?" Peyğəmbər salavatullah cavab verir: "Əgər
unutqanlıq üzündən edibsənsə, deməli, səni
Allahın özü yedirib-içirib".
Hədislərdə peyğəmbər
Salavatullahın xanımı həzrəti Ayişə belə
bir rəvayət nəql edir: "Bir gün bizə yemək gətirdilər
və biz onun dadına baxaraq, bəyəndik. Sonra peyğəmbər
salavatullah evə gələndə orucu pozaraq belə bir
iş tutduğumuzu, əvəzində isə nə etməli
olduğumuzu soruşduq. Peyğəmbər Rəsulallah
qısa cavab verdi: əvəzinə
başqa bir gün qəza orucu tutun".
Başqa bir hədisdə isə Məhəmməd
salavatullah buyurur: "Kim oruclu olduğunu unudaraq yeyib-içərsə,
orucunu mütləq tamamlasın. Düşünməsin
ki, o, orucunu pozub. Çünki onu
yedirib-içirən Allahdır".
Hətta oruclu olarkən
şəhvət oyadan məsələlərlə məşğul
olmağa dair da bir çox hədis mövcuddur. Məsələn,
bir gün Məhəmməd salavatullahın
yaxınlarından olan Həzrəti Ömər təlaş
içində Rəsulallahdan soruşur: "Ey Allahın Rəsulu,
bu gün böyük bir günah işlədim, oruclu vəziyyətdə
xanımımı öpdüm". Peyğəmbər
salavatullah onun sualına sualla cavab verib: "Sən dəstəmaz
zamanı ağzını qarqara etdinmi?" Həzrəti
Ömər deyib ki, edib. Onda Məhəmməd
salavatullah bildirib ki, "Elə olduğu halda narahat
olmağına əsas görmürəm". Yəni peyğəmbər salavatullah deyib ki, qarqara
üçün ağıza alınan su içmənin
başlanğıcıdır, amma onu tüpürməklə
içməyə "yox" deyirsən və beləliklə,
oruc batil olmur. Öpmək də cinsi əlaqənin
başlanğıcıdır, amma heç də bu əlaqə
deyil, ona görə də oruc pozulmur.
Başqa bir hədisə nəzər
salaq: bir gənc peyğəmbər Rəsulallaha deyir ki, o,
oruclu vəziyyətdə xanımını öpüb. Allahın Rəsulu ona bildirir ki, o, zina işləməyib,
ona görə də orucu pozulmayıb.
Vüsal
Tağıbəyli
Həftə içi.- 2011.- 30 iyul-1 avqust.- S. 7.