Hamı məni "xalq artisti" kimi tanıyır

 

 "Həftə içi" qəzetinin budəfəki qonağı tanınmış muğam ustası, xanəndə Şahin Babayevdir. Ş.Babayev səsi olan, ancaq diqqətdən kənarda qalan sənətçilərimizdəndir. O, əməkdaşımızla söhbətə keçdiyi sənət yolundan danışmaqla başladı:

"Hələ uşaq vaxtlarımdan oxumağa başlamışam. Təxminən 15 yaşım olardı. Doğulduğum Ağdam rayonunun Sarıhacılı kəndində evimizin qarşısında böyük bir meşə vardı. Biz hər gün meşəyə gedərdik. Həm də ora rayonlardan, habelə respublikamızın bölgələrindən adamlar, həmçinin sənət adamları gəlib dincələrdilər. Meşədə dincələn adamlar üçün konsertlər verilərdi. Gözəl, məlahətli səsi olan xanəndələr oxuyardı. Meşə həqiqətən gözəl idi. Təmiz havası, əsrarəngsiz gözəlliyi adamı özünə cəlb edərək oxumağa həvəsləndirərdi. Heç kəs yox idi. Sol əlimi qulağımın dibinə qoyub "Rast" muğamının "əraq" şöbəsi üstündə oxumağa başladım. Oxuduğum muğamın nə adını, nə də şöbəsini bilmirdim. Sonradan bilmişəm ki, bu, "Rast" muğamıdır. Çünki evimizdə böyük sənətkarların, o cümlədən Xan Əminin valı var idi. Onun valını qoyub, oxuduğu muğamlara qulaq asırdım. Ən çox xoşuma gələn "Rast" muğamı idi. Çünki Xan Əmi bu muğamı çox zildən, ustalıqla oxuyardı. Meşədə həmin muğamı oxuyanda bir nəfər arxadan əllərini çiynimə qoyub səsləyərək, məni öz xəyalımdan, öz dünyamdan ayırdı. Çünki səsim məni özüylə uzaqlara aparırdı. Geriyə və ətrafıma boylanıb baxanda meşədə istirahət edən və gəzintiyə gələn insanları, o cümlədən məşhur xanəndələri gördüm. Əllərini çiyinlərimə qoyan həmin o adam tarzən Yolçu Məmişoğlu idi. Səsim ətrafıma toplaşan xanəndələrin çox xoşuna gəlmişdi. Yolçu müəllim əvvəlcə məni tanımadı, amma qardaşım Arif Babayevi tanıyırdı. Məndən soruşdu ki, sən kimlərdənsən. Cavab verdim ki, İmran kişinin oğluyam. Onda sən Arifin qardaşısan dedi. "Xəbərin varmı səsin çox məlahətli, şirin, bənzərsizdir, sənin parlaq gələcəyin var. Öz üzərində çalışsan gələcəkdə çox böyük sənətkar ola bilərsən", - dedi mənə. Sonra məni evinə dəvət etdi. Etiraz etmədim. Yolçu Məmişoğlunun evinə getdik. O, tarı sinəsinə basıb pərdələri tutub dedi ki, bu pərdələr üstündə oxu. Mən həmin pərdələrin üstündə gəzişməyə başladım. Axırda tarzən barmağını ən ZİL olan "uzal" pərdəsinə qoyub səsimi bir daha yoxladı. Çünki o dövrdə Qarabağda, xüsusilə də Ağdamda, Şuşada "şaqrar" zənguləsi olmayan xanəndəni qəbul etmirdilər. Yolçu müəllimin məsləhəti o oldu ki, günaşırı ondan muğamların sirrlərini öyrənim. Mən də ondan əksər muğamları öyrəndim, sənətə gəlməyimdə bələdçilik edən və yol göstərən, muğamları öyrədən, ilk müəllimim tarzən Yolçu Məmişoğlu olub. 5-6 ay keçəndən sonra Yolçu müəllim məni özüylə Qarabağ, Bərdə, Gəncə, Tovuz və respublikanın bölgələrinə toylara apardı. Hər dəfə toya gedəndə uğur qazanırdım. Pərəstişkarlarım artırdı. Səsim hamının xoşuna gəlirdi. Artıq el arasında tanınmağa başladım. Sənətdə getdikcə püxtələşirdim. Hər toy mənim üçün bir məktəb idi. Bir müddət sonra Yolçu müəllimlə birgə Ağdam Rayon Mədəniyyət Şöbəsinə gəldik. Məni şöbədə işə götürdülər. Eyni zamanda, Ağdamın "Şur" ansamblının solisti oldum. Uzun illər ansamblda çalışdım".

Ş.Babayev həmçinin vurğuladı ki, "Şur" ansamblının solisti kimi bir çox dövlət tədbirlərində iştirak edib: "Yaxşı yadımdadı, təxminən 22-23 yaşım olardı. İndiki Heydər Əliyev sarayında bayram konserti keçirilirdi.

Ümummilli lider Heydər Əliyev həmin tədbirdə iştirak edirdi. Konsertdə "Qarabağ şikəstəsi" və "Heyratı" oxudum. Səsim ulu öndərin çox xoşuna gəldi və əlimi sıxıb dedi ki, sənin gözəl səsin var, bu sənəti davam elə. O, hətta göstəriş də verdi. Ondan sonra daha da məşhurlaşdım. Məni tez-tez televiziyaya dəvət etdilər. Hətta televiziyanın "Sözlü-nəğməli qonaqlar" verilişində çıxışlarım oldu. Xalq artisti tarzən Ağasəlim Abdullayevlə bir neçə dəfə məşq elədim, sonra bir çox muğam və xalq mahnılarını "Qızıl fond"da lentə yazdırdıq. Bu gün həmin muğam və təsniflər "Qızıl fond"da saxlanılır".

Ş.Babayev qastrol səfərlərindən də söz açdı: "Norveç, Danimarka, İsveç, İran, Türkiyəvə və bir sıra MDB ölkələrində səfərdə olmuşam, muğam və xalq mahnılarımızı layiqincə təmsil etmişəm. Xalq artisti, professor Arif Babayev, Yaqub Məmmədov, Səxavət Məmmədov, Sədi Məmmədov, Elmira Rəhimova, Nəzakət Məmmədova, Sara Qədimova, Şövkət Ələkbərova kimi korifey sənət adamları ilə qastrollarda olmuşuq. Son dövrlərdə isə dəfələrlə xalq artisti Aygün Bayramova və aşıq Zülfiyyə ilə İranda olmuşuq. Çox jurnalistlər məndən soruşur ki, Arif Babayevin bu sahədə sizə köməkliyi dəyirmi? Bilirsiniz, Arif müəllim dəfələrlə mənə təklif edib ki, sənətimizi birlikdə davam etdirək, ancaq qardaşım məndən böyük olduğuna görə ondan həya etdim, düzü utandım. İstəmədim kiminsə sayəsində sənətə gəlim. Nə uğurlarım varsa, bu sənətdə nə qazanmışamsa, öz gücümlə, zəhmətimlə olub. Onsuz da, Tanrı bu səsi mənə verib. Onu da vurğulayım ki, səsimiz və zahiri görünüşümüz bir-birinə çox oxşardır. Tanımayanlar lent yazılarına qulaq asanda elə biliblər ki, Arif oxuyur. Amma mən qardaşım Arif Babayevlə fəxr edirəm. O ki, qaldı mənə fəxri adın verilməməsinə, onun müxtəlif səbəbləri var. Xalq məni tanıyır və sənətimə də böyük qiymət verib. Ancaq bu gün abrımıza qısılıb, adla bağlı heç kəsə müraciət etməmişik. Mükafatlarım, fəxri diplomlarım çoxdur. İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyi bizi də nəzərə alar və xalq qarşısında, mədəniyyət sahəsində 40 ildən çoxdur göstərdiyimiz xidmətlər nəzərə alınar. Amma hamı məni elə "xalq artisti" kimi tanıyır, o cümlədən İran və xarici dövlətlər də. 15 ildir İrana gedib gəlirəm. Orada yaşayan soydaşlarımız məni tez-tez məclislərinə dəvət edirlər. Hətta İran İslam Respublikası Mədəniyyət naziri Abdulla Əsədullahi mənə təklif edir ki, qalım orda işləyim. Düzdür, Arazın o tayı da bizim Vətəndir, amma torpaq, el-oba məni özünə çəkib gətirir. Ona görə İranda qalıb işləməyə razılıq vermədim.

Heydər Əliyev Fondunun dəstəyi ilə buraxılan "Qarabağ xanəndələri" albomunda mən də varam. İranda muğama böyük üstünlük verirlər. Hər dəfə konsertin sonunda onlar bizdən "Qarabağ şikəstəsi"ni oxumağı tələb edirlər. Mən "Qarabağ şikəstəsi"ni ifa edəndən sonra zalı alqış sədaları bürüyür".

Müsahibim televiziya kanallarından da gileyləndi. Deyir ki, hansı kanalı açırsan "ulduz"ları göstərirlər: "Saatlarla onların şəxsi həyatlarını, villalarını, hətta bətnindəki körpəni göstərən verilişlər verirlər. Amma 20 ilə yaxındır ki, mən televiziyalarda nadir hallarda çıxış edirəm. Bəlkə səsim yoxdur? Bəlkə muğamı "ulduz"lar məndən yaxşı oxuyurlar? Vallah televiziya hər şeyi baş-ayaq salıb. Səsi olmayanlar, yəni istedadsızlar efirdən çıxmır. Bizim kimilərinə isə orada yer yoxdur. Dəfələrlə televiziya kanallarına müraciət etmişəm. Çox çək-çevirdən sonra ildə bir dəfə televiziyaya çıxa bilirəm. Mən ən çox AzTV və İTV-dən şikayətlənirəm. Çünki onlar dövlət kanallarıdır və borclarıdır ki, biz sənətkarları efirə dəvət etsinlər.

İTV kanalı 2 ildir lent yazılarımı alıb. Nə lent yazılarımı səsləndirir, nə də məni verilişlərinə dəvət edir. Televiziyalarımız üzümüzə qapanıb. Buna baxmayaraq, xalqım məni sevir və insanlar məclislərinə, toylarına dəvət edirlər. Hazırda Skandinaviya ölkələrinə dəvət almışam. Səfərə hazırlaşıram".

  

 

Qələndər Xaçınçaylı   

 

Həftə içi.- 2011.- 10 iyun.- S. 7.