Qurban Bayramov "Səməd Vurğun" mükafatı aldı

 

   65 yaşını haqlayan alim yubileyini Səməd Vurğunun Ev Muzeyində keçirdi

 

   Ölməz şairimiz Səməd Vurğunun Ev Muzeyində ədəbiyyatşünas, tənqidçi alim Qurban Bayramovun anadan olmasının 65 illiyi ilə bağlı yaradıcılıq gecəsi təntənəli şəkildə qeyd olundu.  

   S.Vurğunun Ev Muzeyinin şöbə müdiri, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Aslan Salmansoy Qurban Bayramovun yaradıcılığı haqqında məlumat verərək dedi: "Qurban müəllim bir ədəbiyyatşünas-tənqidçi kimi ədəbiyyatımızın görkəmli sənətkarları haqqında öz sözünü deyib. Amma o, ilk növbədə vurğunşünas alim kimi tanınıb. Yaxşı bilirsiniz ki, S.Vurğundan təkcə ədəbiyyatşünaslar yox, başqa sahənin adamları da yazıblar. Amma Vurğundan həm də ədəbiyyatşünaslığın ən görkəmli, nüfuzlu alimləri yazıb. Mircəlal Paşayev, Mustafa Quliyev, Əbdüləzəm Dəmirçizadə, Cəlal Abdullayev, Fəridə Vəlixanova, Məmməd Arif, Məmməd Cəfər, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Fəridə Vəlixanova və bu kimi nüfuzlu ədəbiyyatşünasların sırasına öz adını vurğunşünas kimi əlavə etmək çox çətindir. Bu Qurban müəllimdən əlbəttə ki, çox böyük zəhmət, gərgin axtarışlar, istedad tələb edirdi. Onun "S.Vurğun poeziyası", "Lirik qəhrəman və zaman" əsərlərini Məmməd Cəfər, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Cəlal Abdullayev kimi vurğunşünaslar yüksək qiymətləndiriblər. Bir həqiqəti etiraf etmək istəyirəm ki, nüfuzlu və ciddi vurğunşünasların siyahısı və sayı Qurban Bayramovun timsalı və şəxsiyyətində yekunlaşıb. Qurban müəllimin elmi fəaliyyəti çox sahəlidir. Onun əsərlərinin, monoqrafiyalarının adları da çox şey deyir. Məsələn, "Əli İldırımoğlunun yaradıcılıq yolu milli-mənəvi dəyərlərin bədii salnaməsi", "Yaşar Qarayev milli-mənəvi etiraf Azərbayacançılıq", eləcə də şair Şahməmməd haqqında yazdığı "Poeziyanın sirri, çaylar geri axmır dənizdəcə batır və yaxud qəlbini nar kimi kağıza sıxan şair Şahməmmədin poepartireti", eləcə də "Yaralı Qarabağın yaralı övladları" və sairə. Sanki Qurban müəllim müraciət etdiyi sənətkarların, alimlərin yaradıcılığında əsas o məğzi tapır və o adları əsərlərinin adlarına verir. Onun bu 45 illik yaradıcılıq ömründə 250-dən artıq monoqrafik məqaləsi var. Bunlar həcm və məzmunluq baxımından çox böyük əsərlərdir. Q.Bayramov uzun illərdir ki, ədəbiyyat institutunda çalışır. Əvvəlcə laborant olub. Bu gün aparıcı elmi işçi kimi fəaliyyətini davam etdirir. Biz ədəbiyyatşünaslığı Qurban müəllimdən öyrənmişik. 1980-1990-cı illərdə o, həm də televiziyada "Ədəbiyyat" verilişinin aparıcısı olub. Elə cavan vaxtından Qurban müəllim ciddi və nüfuzlu bir ədəbiyyatşünas kimi respublikada qəbul olundu. Ədəbiyyat institutunda uzun illər həmkarlar təşkilatının sədri olub və sədr kimi keçirdiyi tədbirlər bu gün də institutun əməkdaşları arasında danışılır və xatırlanır. Bundan başqa, Q.Bayramov AYB-nin və Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvüdür. Eyni zamanda, Qarabağ Ağsaqqallar Şurasının da üzvüdür. Qurban müəllim haqqında çox danışmayacağam. Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin Q.Bayramova ünvanladığı təbrik məktubu ilə fikirlərimi bitirirəm:

   - Əzizim Qurban! Səni, görkəmli ədəbiyyatşünasımızı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Bütün bu illər boyu sən, ədəbi vicdan və əzmkarlıqla ədəbiyyatımıza xidmət etmisən. Sənin təmiz səmimi və xeyirxah şəxsiyyətin ilə yaradıcı qələmin arasında üzvi bir vəhdət var və bu vəhdət sənə layiq olduğun ləyaqətli şəxsiyyət və ədib hörməti qazandırıb. Səni bir daha ürəkdən təbrik edir, sənə xoşbəxtlik, cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

   Baş nazirin müavini, xalq yazıçısı Elçin"

 

   S.Vurğun muzeyinin direktoru Aygün Vəkilova yubilyarı təbrik edərək vurğuladı ki, muzey fəaliyyət göstərən gündən bu ocaqda müxtəlif mövzularda tədbirlər keçirilir, bir çox şair və yazıçılarımızın xatirə günləri qeyd olunub: "Bu gün xüsusi bir gündür. Çünki bu gün hər birimizin sevimlisi olan vurğunşünas alim Qurban müəllimin yubileyini qeyd edirik. Mən ilk növbədə muzeyin kollektivi adından sizi ürəkdən təbrik edirəm. Siz bilirsiniz ki, Aybəniz xanım uzun illər bu fondun prezidenti olub və ondan sonra bu məsuliyyət mənim üzərimdədir. İlk diplomu və S.Vurğun mükafatını mən sizə təqdim edirəm".

   Balaca Vurğun isə (S.Vurğunun nəticəsidir) S.Vurğunun şəkli olan xalçanı yubilyara hədiyyə etdi. Q.Bayramov Aygün xanıma təşəkkürünü bildirdi: "Mənim üçün bundan böyük mükafat yoxdur. Çünki bu əziz gündə S.Vurğunun nəvəsinin əlindən alıram bu mükafatı. Çox sevinirəm ki, balaca Vurğun Pianino üzrə Ümumdünya Festivalında respublikamızı gözəl təmsil edərək, yaşıdları arasında I yeri tutub. Bu, gendən, qandan gələn istedaddır. Mənim ata ocağım Ağdam, Kolanı eli yad əllərdədir, düşmən tərəfindən yerlə-yeksan olub. Mənəvi atamın, S.Vurğunun bu evində bu pilləkənləri qalxanda həmişə kövrəlirəm ki, ay pilləkənlər, səndən kimlər qalxıb, hansı şəxsiyyətlər bu evin qonağı olub və bu gün də biz bu evin qonağıyıq. Mən fəxr edirəm ki, belə bir ata ocağını tapmışam. 35 ildir zəhmətimi, əməyimi bu yolda qoymuşam. Və bu gün əməyim qiymətləndirilirsə, mənim üçün bu, ən böyük fərəhdir".

   Şair Füruzə Məmmədli söylədi ki, Q.Bayramovla tələbə yoldaşı olublar: "Siz yaradıcılığa 1970-ci illərdən başlamısınız. Ədəbiyyatımızın problemləri ilə bağlı 300-dən çox elmi-kütləvi məqaləniz, habelə "Azərbaycan poeziyasında tarixçilik və müasirlik", "M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı," "S.Vurğun dünən, bu gün və sabah," "Qarabağ ədəbi mühiti" və s. kimi onlarla sanballı monoqrafiyalarınız işıq üzü görüb. Hazırda siz Nizami adına Ədəbiyyat İnstitutunun digər görkəmli alimləri ilə bir sırada müasir ədəbiyyatımızın ardıcıl araşdırılması sahəsindəki fəaliyyətinizi uğurla davam etdirirsiniz. Bu gün sizin kimi nüfuzlu tənqidçilərə böyük ehtiyac var".

   Nizami adına Ədəbiyyat İnstitutunun həmkarlar təşkilatının sədri, filoloq-alim Asif Rüstəmov təşkilatın fəxri diplomunu Q.Bayramova təqdim etdi. O cümlədən "Avropa" nəşr Mətbu Evinin direktoru, fəlsəfə doktoru Şöhrət Səlimbəyli də "Avropa" nəşr Mətbu Evinin komissiyası tərəfindən verilən "Qızıl medalı" və fəxri diplomu yubilyara təqdim etdi.

   Xalq şairi Nəriman Həsənzadəyə də təbrik üçün söz verildi. N.Həsənzadə dedi: "Qurban, böyük ürəyin var, mən sənin ürəyinin gözəlliyini görürəm. Qurban müəllimin gərək tənqidçi adına başqa bir əlavə də edək. Axı siz təkcə tənqidçi, ədəbiyyatşünas deyilsiniz. Niyə Avropada filosof deyirlər. Mən niyə tənqidçiyə filosof deməyim axı? Qurban layiqli adamdır, təkcə tənqidçiliyinə görəmi, təkcə ədəbiyyatçılığına görəmi hörmət qazanıb Qurban? Məncə yox. Öz şəxsi ləyaqətinə görə. Şəxsiyyət də bir yaradıcılıq, Allah vergisidir, Qurbanda bu var. İnanmıram Qurbanı görən onun yanından yan keçə bilər. Mən fəxr edirəm Qurbanla".

   Şair İlyas Tapdıq ürək sözlərini bu cür ifadə etdi: "Qurban müəllim poeziyanı dərindən təhlil edən ədəbiyyatşünaslardan biridir. Tənqidçilər var ki, şeirin bir əlamətini görür, amma Qurban müəllimin yazılarını oxuyanda görürsən ki, o, ən azı üç tərəfdən baxır ona. Həm dil, həm təfəkkür, həm sözün yeniliyi cəhətdən baxır ki, bu söz kimlərdən, hardan gəlib. Bu gün S.Vurğun yaradıcılığını Qurban müəllim yeni gözdə, təfəkkürdə görür. Poeziyanı duymayan yüz ədəbiyyatşünasın poeziya haqqında dediyi söz boş şeydir. Qurban müəllim poeziyanı duyub təhlil edə bilir. Ona görə də mən onu çox istəyirəm".

   Əli İldırımoğlu: "Mən Qurban müəllimə yaxşı nəsildən olan saf bir adam kimi baxır və ona hörmət bəsləyirəm. Bəlkə də elə bu sadəlik onun istedadının böyüklüyündən irəli gəlir".

   Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, yazıçı Nahid Hacıyev, şair Musa Yaqub, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, filologiya elmləri doktoru Şirindil Alışanlı, Rəhim Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr şöbəsinin müdiri İsa Qaraşov, "Kredo" qəzetinin baş redaktoru Əlirza Xələfli, eləcə də digər şəxslər Q.Bayramovun gözəl bir tənqidçi kimi parlaq, geniş yaradıcılığı ilə bağlı öz dəyərli fikirlərini söylədilər. Şair Oqtay Rza, Yusif Nəğməkar və Şahmurad yubilyara həsr elədiyi şeirləri oxudular. Sonda yubilyar bütün qonaqlara öz dərin minnətdarlığını bildirdi.

  

 

   Qələndər Xaçınçaylı

 

   Həftə içi.- 2011.- 7 iyun.- S. 7.