Gəncədəki
Səbiskar məzarlığı məhv olmaq
üzrədir
Tarixi abidə Səfəvilər
dövrünün yadigarıdır
Gəncə şəhər sakinlərinin verdiyi məlumata görə,
qədim paytaxtın yeganə qədim qəbiristanlığı
olan Səbiskar məzarlığı artıq məhv olmaq üzrədir. Orada qəbirlər
baxımsızlıqdan daha çox, təbii amillər və insanların
müdaxiləsi üzündən dağılır. Belə ki, 2009-cu ildə rəsmi qadağa qoyulmasına baxmayaraq, həmin məzarlıqda hələ
də dəfn aparılır. Bu da köhnə qəbirlərin
dağıdılması, onların yerlərində yeni qəbirlərin qazılması və mərhumların orada basdırılması
hesabına başa gəlir.
Bu səbəbdən də köhnə qəbirlərin
sahibləri əzizlərinin məzarlarını tapa bilmirlər. Məlumatda o da qeyd
olunur ki, qəbirlərə
qənim kəsilənlər köhnə, uzun
illərdir kimsə tərəfindən
ziyarət olunmadığı aydın görünən qəbirləri
hədəfə alırlar. Üzərinə ot-zibil
yığıb yandırır, torpaqla basdırılır,
başdaşları ağır alətlə vurulub dağıdılır
və bununla da Gəncə tarixinin bu əvəzsiz
nümunələri məhv edilir.
Bu gün
Səbiskar qəbiristanlığında
sakinlər öz əzizlərinin qəbirlərini
axtarıb tapmaqda çətinlik çəkdikləri
kimi orada gəzib-dolaşmaq da müşkülə çevrilib. Hər tərəfi ot-alaq basıb. Hətta yay
aylarında ilan, əqrəb,
kərtənkələ və s. sürünənlərə rast
gəlinir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı
İstehsalat Birliyinin Əhaliyə Xidmət
Şöbəsinin rəisi Ələddin Hüseynov
deyir ki, onların işi dəfn haqqını alıb, ölünü
basdıranacandır. Qəbirlərin mühafizəsi,
onların ətrafının abadlaşdırılması ölü sahiblərinin vəzifəsinə daxildir:
"Elə qəbirlər
var ki, 200-dən
artıq yaşı var, dəfndən
sonra yəqin ki, üstünə də gəlib-getmirlər,
yəni ona baxmayıblar, ona
görə də dağılıb. Dəfn qurtardı, ondan sonra qəbir
ölü sahibinin
ixtiyarındadır, yəni biz xidməti yalnız dəfn
üzrə göstəririk. Qəbiristanlığa gələnlər
qəbirlərin arasındakı alaq otlarını,
müxtəlif zibilləri ortalığa atırlar, bizim fəhlələr də onları təmizləməklə məşğul
olurlar. Ancaq qəbirlərin bizə dəxli yoxdur, ola bilsin
dağıla da bilər".
Yaşı Səfəvilər dövrünə aid olan bu qəbiristanlıqdakı
qəbirlər hələ
tam araşdırılmadığından
alimlər onun qorunmasını vacib sayırlar.
Bu məzarlar
etnoqrafik xüsusiyyətlər
baxımından, həmçinin epitafiya elmi - yəni qəbir daşlarının
üzərindəki nəqqaşlıq, daş
yonma, həkkaklıq və sair bu kimi
məzarüstü nümunələri ilə də qiymətlidir. Oradakı 30-a yaxın
qədim sərdabə də var ki, onlar da
şəhər memarlığının
ayrılmaz hissəsi hesab edilir.
Bu səbəbdən də Gəncə Regional Elmi Mərkəzin
elmi məsələlər
üzrə müdir müavini Samir
Pişnamazzadə Səbiskar qəbiristanlığında baş verənləri yolverilməz hal sayır:
"Bu məzarlıqda
Gəncənin çox
böyük şəxsiyyətləri
uyuyur. Elələri var ki, son
70 ildə, xüsusilə də Stalin repressiyaları dövründə
basdırılıb və onların yiyəsi yoxdur.
Amma bu o
demək deyil ki, həmin qəbiri dağıtmaq, yoxa
çıxartmaq, onun yerində yenisini qazdırmaq və başqasını dəfn etmək olar. Şübhəsiz, bu,
qadağandır, elə bir şey etmək qətiyyən
olmaz. Ona görə də bu məsələylə ciddi
məşğul olmaq lazımdır".
Təbriz Vəfalı
Həftə
içi.- 2011.- 14 iyun.- S. 8.