Azərbaycan-Ukrayna dostluq əlaqələri

 

  Azərbaycan-Ukrayna dostluq əlaqələri çox əsirlik tarixə malikdir. XX əsrin əvvəllərində, 1918-ci ildə demokratik respublika olan gənc Azərbaycan Cümhuriyyətinin Ukraynanın paytaxtı Kiyevdə nümayəndəliyi açılıb. 1919-cu ildə isə Ukrayna respublikasının Bakıda diplomatik missiyası fəaliyyətə başlayıb.

   Əfsuslar olsun ki, bu münasibətlərə tezliklə hər iki gənc respublikanın bolşeviklər tərəfindən işğalı nəticəsində son qoyulub və bu münasibətlər ancaq XX əsrin sonlarında, hər iki ölkə yenidən müstəqillik qazanandan sonra bərpa olundu. Bu gün biz böyük fəxrlə Azərbaycanla qardaş Ukrayna arasında hərtərəfli əməkdaşlığın çox yüksək səviyyədə olduğunu deyə bilərik. Keçmişdə bir ölkənin tərkibində olmuş, indi isə hər biri müstəqil dövlət kimi regional lider olmağa layiq bu iki dövlət beynəlxalq əməkdaşlığı keyfiyyətcə daha yüksək səviyyədə simvolizə edir.

   Bu gün əsası ümummilli lider, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna münasibətləri bütün istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edir.

   Mən Ukrayna Elm və Təhsil, Gənclər və İdman Nazirliyi UDBTM-nin Azərbaycandakı nümayəndəsi kimi humanitar və təhsil sahələrindəki əlaqələrindən bəhs etmək istəyirəm.

   Xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi üçün humanitar sahədəki əlaqələrin müstəsna rolu var və sevindirici haldır ki, həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Ukrayna prezidenti cənab Viktor Yanukoviç bu sahədəki əməkdaşlığa çox böyük önəm verirlər. Hələ 2006-cı ildə Kiyevdə Heydər Əliyev adına Ukrayna Azərbaycan dostluq evinin açılışı olub. Bu Dostluq evi "Xalq Diplomatiyası proqramı" çərçivəsində müxtəlif humanitar, mədəni və xeyriyyə tədbirlərini həyata keçirir.

   Azərbaycan və Ukrayna arasında mədəni və humanitar sahədə əməkdaşlıq haqqında 10-dan artıq hökumətlərarası və nazirliklərarası müqavilələr imzalanıb. Mədəniyyət sahəsində əldə olunmuş razılaşmalara əsasən teatr, təsviri-incəsənət, musiqi və kinematoqrafiya sahələrində əməkdaşlıq uğurla həyata keçirilməkdədir. İki ölkənin incəsənət xadimlərinin qarşılıqlı olaraq Azərbaycan və Ukraynada keçirilən mədəni tədbirlərdə çıxışları olur və müxtəlif layihələr həyata keçirilir.

   Xalqlarımız qarşılıqlı olaraq bir-birinin siyasi, elmi və mədəni irsinə hörmət göstərirlər. Bunun bariz nümunəsi kimi Kiyevdə ulu öndər Heydər Əliyevin heykəlini, Kiyev vilayətinin İrpen şəhərində görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın abidəsinin və Bakıda görkəmli Ukrayna şairi T.Q.Şevçenkonun heykəlini göstərə bilərik.

   Biz keçən il Ukrayna Elm və Təhsil, Gənclər və İdman Nazirliyi UDBTM-nin direktoru V.V.Timoxin cənabları ilə may ayının 10-da Kiyevdə Ukraynanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan bir qrup əlaçı və nümunəvi tələbə ilə birlikdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi ulu öndərin yadetmə mərasimindən sonra İrpen şəhərinə yola düşdük və şəhərin mərkəzində, çox görkəmli bir yerdə, səliqə-sahmanlı bir parkın ortasında görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın şərəfinə ucaldılmış abidənin qarşısına xatirə çələngi qoyarkən parkda gəzişən sadə ukraynalıların yaxınlaşıb bizimlə birlikdə görkəmli alimin xatirəsini yad etmələri bizi sevindirdi və təsirləndirdi.

   Bu xalqlarımız arasında olan dostluq və qarşılıqlı hörmətin təzahürü idi. Eyni halı mən bu il mart ayının 4-də Ukrayna Elm və Təhsil, Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Bakıda Ukrayna şairi T.Q.Şevçenkonun abidəsini yad edərkən də müşahidə etdik.

   Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafında Azərbaycanda yaşayan təxminən 30 min etnik ukraynalını təmsil edən T.Q.Şevçenko adına Ukrayna icması və Ukraynada yaşayan 600-mindən çox azərbaycanlını ətrafında birləşdirən Ukrayna Azərbaycanlıları Konqresi çox böyük işlər görürlər. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətov Ukraynada yaşayan bütün azərbaycanlılara öz diqqətini və köməyini əsirgəmir. Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov da bu istiqamətdə çox böyük işlər görür. Bununla yanaşı, Ukraynanın Azərbaycandakı konsulu Vitali Kramarenkonun və səfirliyin Mədəniyyət üzrə attaşesi Yuriy Lupiyin də müsbət fəaliyyətlərini qeyd etmək lazımdır.

   Təhsil sahəsində Ukrayna ilə Azərbaycan əməkdaşlığının kifayət qədər mükəmməl hüquqi bazası mövcuddur. İndiyə qədər bu istiqamətdə aşağıdakı sənədlər imzalanıb:

   Azərbaycan Respublikası hökuməti ilə Ukrayna hökuməti arasında elmi və elmi-pedaqoji kadrların ali attestasiyası haqqında Saziş - 22 dekabr 1995;

   Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş - 24 mart 1997;

   Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında təhsil haqqında sənədlərin və elmi dərəcələrin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş - 16 mart 2000;

   GUAM--a üzv olan ölkələrin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş - may 2003;

   Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik kadrların hazırlanması barədə Saziş - 7 sentyabr 2006.

   Bu müqavilələrin nəticəsi olaraq Azərbaycanın dövlət universitetlərində verilən diplomlar Ukrayna Respublikasında, Ukrayna Respublikasının dövlət universitetlərində verilən diplomlar isə Azərbaycanda tanınırlar.

   Təhsil sahəsində əməkdaşlıqda aparıcı istiqamətlərdən biri də universitetlərarası əlaqələrdir. Hələ Sovetlər Birliyi dövründən Azərbaycanın müxtəlif ali məktəbləri və Ukrayna ali təhsil müəssisələri arasında belə əlaqələr mövcud olub. Bu gün fərdi müqavilə əsasında öz büdcələri hesabına Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı daha çoxdur və bu say ildən-ilə artır.

   İnanıram ki, Azərbaycan-Ukrayna münasibətləri bundan sonra da hər iki xalqın indiki və gələcək nəsillərinin rifahı naminə dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq atmosferində inkişaf edəcəkdir.

  

 

   Novruzov Aydın Novruz oğlu,

   Ukrayna Elm və Təhsil, Gənclər və

   İdman nazirliyi, Ukrayna Dövlət Beynəlxalq

   Təhsil Mərkəzinin Azərbaycandakı nümayəndəsi

    

    Həftə içi.- 2011.- 14 iyun.- S. 6.