"Eurovision-2012" Azərbaycan
üçün ciddi
bir fürsətdir"
Türk jurnalistləri Avropanın
bir saylı yarışması ilə
bağlı fikirlərini
"Həftə içi"nə
bölüşdülər
Azərbaycan bu il
keçirilmiş "Eurovision -2011" yarışmasında birinci
yeri tutandan sonra dünya ictimaiyyətinin müzakirə
mövzusuna çevrilib.
Artıq
uğur qazanmış
iki azərbaycanlı qalib - Eldar və
Nigar demək olar ki, hər
gün xarici mətbuata müsahibələr
verməkdədirlər. Məsələ ondadır
ki, Azərbaycan təmsilçilərinin qələbə
anında üçrəngli
bayrağımızı qardaş
Türkiyənin al-qırmızı
bayrağı ilə yanaşı səhnəyə
gətirməsi, türk
birliyinin düşmənlərini
qısqandırdı və
bu səbəbdən də onlar hazırda
"Eurovision" yarışmasına gələn il
ev sahibliyi edəcək ölkəmiz
haqda əsassız söz-söhbətlər də
yaymaqdadırlar. Bəs xarici
ölkələrdə yaşayan
tanınmış simalar,
ziyalılar bu məsələ ilə bağlı nələr düşünürlər? Şimali Kipr Türk Cümhuriyyətində
fəaliyyət göstərən,
dünyanın 200 ölkəsinə
yayımlanan "Ada TV"də "Öğlən ajansı" proqramının
aparıcısı Cem
Kar "Həftə içi"nə deyir ki, adıçəkilən
mahnı yarışmasında
qazandığı birincilik
Azərbaycana hər mənada halaldır. Onun fikrincə, Nigarla Eldarın oxuduğu mahnı çox gözəl idi və Şimali Kipr türkləri bu uğuru öz
qürurları kimi qəbul ediblər.
Bir çoxlarının "Azərbaycan
bu tədbiri keçirməyə hazır
deyil" deməsinə
də C.Karın cavabı sərtdir:
"Biz bir millət, iki dövlətik. Bu səbəbdən də Bakının təşkilatçılığı ilə keçiriləcək
"Eurovision-2012" bütün Türk dünyasının
tədbiri sayılmalıdır.
Ona görə də Azərbaycanla yanaşı,
hər bir türk dövləti bu yarışmanın təşkilində yaxından
iştirak etməlidir.
Onu da nəzərdən qaçırmayın ki, Azərbaycan telekanallarının
arxasında TRT kimi teleyayım nəhəngi dayanıb. Bir halda ki, belə
arxalıyıq, "Bakı
yarışmanın keçirilməsinə
hazır deyil" söhbətini müzakirələrdən
yığışdırmalıyıq və hamıya da bəyan etməliyik
ki, bəli, Azərbaycan "Eurovision-2012"ni keçirməyə tam hazırdır. "Ada TV"nin aparıcısı
bəzi Avropa mətbuatlarında göstərilən
sitatlara - cinsi azlıqların bu tədbirdə iştirakına
Azərbaycan xalqının
mənfi reaksiya verəcəyi məsələsinə
də toxunub. Onun sözlərinə görə,
bəli, türk milləti olaraq müsəlmanıq. Amma avropalıların
dedikləri kimi, cinsi azlıqlara heç bir təzyiq göstərmirik.
Bunu isə onlar vaxtı çatanda öz gözləri ilə görəcəklər.
C.Kar bəzilərinin
dediyi kimi, yarışmanın demokratiya
məsələsinə təsirinə
də toxundu. Bildirdi ki,
ümumiyyətlə, demokratiya
ilə mahnı yarışmasının hansısa
əlaqəsinin olmasına
inanmır. "Bu mümkün də deyil, kimlərsə təxribat törədir.
Bu yarışmanı EBU - Avropa Yayın Birliyi təşkil edir. Həmin birliyin məqsədi
isə ölkələrin
yayın keyfiyyətini
yüksəltməyə yardım
göstərməkdir. İnanıram ki, Azərbaycan
"Eurovision-2012"yə möhtəşəm
ev sahibliyi edəcək və heç bir problem yaşanmayacaq", - deyən
teleaparıcı əlavə
etdi ki, bu yarışma əslində, Azərbaycan
çox şeylər
qazandıracaq, necə
ki, artıq bu uğurları öz hesabına yazdırıb: "Təsəvvür
edin ki, 500 milyon insanın diqqəti Azərbaycana yönələcək və
onlar ölkənizi daha dərindən tanıyacaqlar. Bir teleaparıcı
kimi deyirəm, Qarabağ münaqişəsinə
dair çox sayda tanıtma xarakterli videoçarxlar hazırlaya və yayımlaya bilərsiniz.
Haqlı
olduğunuzu isbat etmək üçün belə videoçarxlar ələdüşməz şans
olacaq sizin üçün. Nəticədə dünya ictimaiyyətinin çox önəmli bir hissəsində Qarabağ həqiqətlərinə
dair fikir yarada biləcəksiniz.
Bu baxımdan
"Eurovision-2012"ni Azərbaycan üçün fürsət
hesab etməliyik".
Türkiyənin Azərbaycandakı səfirliyinin
keçmiş II katibi,
Şimali Kipr Türk Cümhuriyyətinin
Pakistandakı sabiq səfiri Hasibə Şahoğlunun isə fikri birmənalıdır. Xanım diplomat qəzetimizə bildirdi ki, Azərbaycanın
"Eurovision-2011"də əldə etdiyi qələbədən
çox məmnundur.
Hətta inanır ki, gələn il də
yarışın qalibi
məhz Azərbaycan olacaq və bütün Türk dünyasını bu qələbə ilə yenidən sevindirəcək.
H.Şahoğlu bəzi xarici mətbuat orqanlarında Azərbaycanın guya bu yarışmaya hazır olmadığına
dair yaydıqları fikirlərdən xeyli təəccübləndi. Bildirdi ki, Azərbaycanda çalışmış bir
diplomat kimi, onların
qənaəti ilə razı deyil: "Nə demək istədiklərini anlamaq çətindir. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf
edən ölkələrindən
biridir. İnanıram ki, Azərbaycan
"Eurovision-2012"nin keçirilməsi
üçün əlindən
gələni edəcək
və hətta bu işi Avropa
dövlətlərindən daha yaxşı bacaracaq". Sonda H.Şahoğlu
onu da bildirdi
ki, avqust ayında xarici ölkələrdən birində
diplomatik vəzifənin
icrasına başlayacaq.
Əgər imkanı olsaydı, gələn il sözügedən
musiqi yarışmasını
canlı izləmək
üçün Bakıya
gələrdi.
Türkiyə mətbuatında sayılıb-seçilən
köşə yazarlarından
olan Qasım Alcan da
"Eurovision-2012"nin Azərbaycanda
keçirilməsini çox
zəruri sayır. Onun sözlərinə görə, illər boyu Avropa ölkələri
dəridən-qabıqdan çıxır:
"Bu yarışmanın mahiyyəti heç də hansısa mahnının bəyənilməsindən
yox, həmin mahnını təqdim edən ölkənin və xalqın dünyada tanınmasından
ibarətdir. Bu bir şansdır ki, Azərbaycanın payına düşüb və ondan maksimum
istifadə etmək lazımdır. Bu yarışın keçirildiyi
ölkələrdə istər
iqtisadi, istərsə
də siyasi mənada böyük uğurlar qazanılır".
Q.Alcan deyir ki, əslində, Azərbaycan musiqi sahəsində dünyanın
ən zəngin, ən seçilən ölkəsidir. Hətta Azərbaycanı musiqi yarışmalarının ustası
da adlandırmaq mümkündür: "Azərbaycanın
zəngin mədəniyyəti,
qədim tarixi var və bu
sərvətləri ilə
əslində yarışmanı
keçirməyə mənəvi
haqqı çatır.
Təsəvvür edin ki, dünyada futboldan sonra ikinci ən
çox izlənən
bir yarışmanın
Azərbaycanda keçirilməsi
bu ölkənin tanınması üçün
nə deməkdir.
Ona görə də kimlərsə tərəfindən ortaya atılan müəmmalı
fikirləri bir kənara qoymaq lazımdır", - deyən
yazar bildirdi ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə
ev sahibliyi
edib və edəcək. Onun qənaətincə, Azərbaycan
Qafqazın mirvarisidir və buna görə
də yarışmanı
təşkil edərkən
hansısa çətinliklə
üzləşəcəyi inandırıcı görünmür:
"Hətta hesab edirəm ki, indiyədək keçirilən
"Eurovision" yarışlarının
ən gözəli, ən möhtəşəmi
Bakıda təşkil
olunacaq. Bu yarış
müsəlman Türkiyəsində
də keçirilib.
O zaman bəziləri irad tuturdular ki, ölkənin təmsilçisi niyə milli geyinmədi, niyə milli musiqimizi səsləndirmədi,
niyə Türkiyənin
xüsusi görüntülərindən
istifadə etmədi və s. Amma bu gün beynəlmiləlləşən
bu tədbirin siyasi mahiyyət daşıdığını deyənlər çoxalıb.
Bu mənada dünya
arenasında Azərbaycanın
adının çəkilməsi
ona ancaq böyük uğurlar gətirəcək".
Vüsal
Həftə içi.- 2011.- 1 iyun.-
S. 1, 3.