Bu kitab ermənilərin iç üzünü açıb
göstərir
Sabirabad RİH-də Ramiz Mehdiyevin
kitabı ilə bağlı elmi-nəzəri konfrans
keçirilib
Sabirabad
rayonunda Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı
mövsümü" kitabının müzakirəsinə həsr
olunmuş elmi-nəzəri konfrans keçirildi.
Konfransda
geniş məruzə ilə çıxış edən
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Nazim İsmayılov çıxış etdi. O bildirdi ki, bədnam
erməni millətçilərinin tarixi
saxtalaşdırmağa, dünya ictimaiyyətini
çaşdırmağa yönəlmiş saxta
kampaniyasına qarşı mütəşəkkil müqavimət,
yalnız ulu öndərimiz Heydər Əliyevin xalqın istəyi
ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra mümkün olub:
"Ümummilli liderimizin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların
soyqırımı haqqında" fərmanı tarixi həqiqətlərin
üzə çıxmasına təkan verib. Bu mühüm sənəddə
ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş
kütləvi qırğınların-soyqırımların
adı çəkildiyindən, Cənubi Qafqaz miqyasında
xalqımıza qarşı aparılmış etnik
düşmənçilik siyasətinin kökləri də
açıqlanıb".
N.İsmayılov
bildirdi ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik
edən dövlət başçısı cənab İlham Əliyev
uydurma erməni təbliğatının beynəlxalq səviyyədə
ifşasını, ölkəmizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasını
ilk gündən mühüm vəzifələrdən biri kimi
müəyyənləşdirib: "Ölkəyə rəhbərlik
etdiyi son 8 ilə yaxın bir dövrdə milli maraqlara söykənən
fəal xarici siyasət yeridərək "Biz müdafiədə
deyil, hücumda olmalıyıq", - deyən prezidentimiz
İlham Əliyevin tövsiyələrinə adekvat olaraq bədnam
erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə
nail olunub. Bu gün erməni diplomatiyasının, təbliğatının
uğursuzluğu ortadadır. Bütün səviyyələrdə
ifşa olunan, beynəlxalq ictimaiyyətin sərt
qınaqları, təzyiqləri ilə üzləşən
rəsmi Yerevan xaricdəki erməni diasporu və lobbisinə
çirkin təbliğat kampaniyasını genişləndirməyi
tövsiyə edir. Elə məhz Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin də "Gorus-2010: Absurd teatrı
mövsümü" kitabında erməni rəhbərinin cəfəng
siyasi mülahizələri alt-üst edilib. Əsərdə
ciddi elmi mənbələr əsasında ermənilərin
Dağlıq Qarabağda və tarixi Azərbaycan
torpaqlarında məskunlaşdırılmasının
ayrı-ayrı mərhələləri barədə geniş
məlumat verilərək, həmçinin erməni-daşnak
ideoloqlarının rəhbərliyi altında xalqımıza
qarşı amansızlıqla həyata keçirilən
soyqırımı, terror və deportasiyadan da bəhs
edilir".
Kitabda
göstərilən tutarlı faktlara əsaslanaraq
danışan N.İsmayılov ermənilərin nəinki Cənubi
Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqlarını, azərbaycanlılara
məxsus yer adlarının ermənilər tərəfindən
zaman-zaman dəyişdirildiyini bildirdi. Qeyd olundu ki, kitabda
Sarkisyanın Cənubi Qafqazda baş vermiş tarixi-demoqrafik
proseslərdə ermənilərin iştirakı barədə
uydurmaları müxtəlif statistik hesabatlar əsasında
alt-üst edilib. Tədbirdə Rusiya istilasınadək
Dağlıq Qarabağ, İrəvan və Naxçıvanda
ermənilərin heç bir vaxt üstünlük təşkil
etmədikləri kitabda verilən tarixi faktlar və statistik məlumatlarla
dinləyicilərin diqqətinə çatdırılaraq, ermənilərin
işğal etdikləri Azərbaycan torpaqlarında həyata
keçirdikləri mədəni terrordan da
danışıldı. Qeyd edildi ki, ermənilər
işğal etdikləri ərazilərdə nəinki
dağıntı işləri aparır, hətta tarixi Azərbaycan
torpaqlarını müxtəlif terror təşkilatlarının
siyasi sığınacaq yerinə çeviriblər:
"Ölkəmizin Ermənistan tərəfindən
işğal olunan ərazilərində erməni və
başqa terror təşkilatlarının fəaliyyət
göstərməsi haqqında ilk informasiyalar Avropa
Şurası Parlamet Assambleyasının yüksək
tribunasından cənab İlham Əliyev tərəfindən
səsləndirilib".
İcra
başçısı erməni lobbisinə qondarma
"Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq
aləmdə tanınması istiqamətində səyləri
gücləndirməyi tövsiyə edən Sarkisyanın bu
istəyinin kitabda göstərildiyi kimi, heç zaman
gerçəkləşməyəcəyini qətiyyətlə
vurğulayaraq, möhtərəm prezident İlham Əliyevin
aşağıdakı bəyanatını səsləndirdi:
"Cənab prezident dedi, nə 5 ildən sonra, nə 10 ildən
sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq
Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər
prezidentəm, buna yol verməyəcəyəm".
Daha
sonra mövzu ətrafında müzakirələr
keçirilib. Çıxış edən rayon prokuroru
Seyfulla Aslanov "Gorus-2010: Absurd teatrı
mövsümü" kitabında ermənilərin məkrli niyyətlərini
əks etdirən tarixi faktlardan, H.Z.Tağıyev adına
şəhər tam orta məktəbinin müəllimi Afiq
Ağayev isə S.Şaumyan başda olmaqla, 1918-ci ilin
martında Bakıda törədilən qırğınlardan
danışdılar.
Tədbirdə
akademik Ramiz Mehdiyevin "Gorus-2010: Absurd teatrı
mövsümü" kitabının tarixi
saxtalaşdırmaq istəyənlərə tutarlı elmi
cavab olduğu dönə-dönə vurğulandı.
Buradakı hər bir müddəanın, real faktlara söykənən
elmi-nəzəri təhlillərin ziyalılar, xüsusilə,
gənclər tərəfindən dərindən öyrənilməsi
və geniş ictimaiyyətə çatdırılması
tövsiyə edildi.
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 1 iyun.-
S. 5.