Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günüdür. Qeyd edək ki, 1949-cu ildə Beynəlxalq Demokratik
Qadınlar Federasiyası
uşaq hüquqlarının
təmin edilməsi ilə bağlı təkliflərini
səsləndirərək iyunun 1-ni Uşaqların Müdafiə Günü
elan edib. 1950-ci ildə
BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər
keçirilib. Bundan sonra hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi
Günü kimi tarixə düşüb.
Uşaqların hüquqlarının
müdafiəsi ilə bağlı BMT Baş
Məclisi 1989-cu ilin
20 noyabrında "Uşaq
Hüquqları Konvensiyası"nı müvafiq qətnaməsilə ilə
qəbul edib. Azərbaycan
bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edib.
Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Azərbaycanda da hər
il qeyd edilir
və bununla bağlı
bir sıra tədbirlər nəzərdə
tutulub. Belə ki, bu gün
Dənizkənarı Bulvar
İdarəsinin uşaqlara
hədiyyəsi var. Hər
il iyunun 1-i uşaqlar üçün
müxtəlif əyləncəli
tədbirlər təşkil edən Milli Park bu dəfə
onları tamam fərqli
bir şəkildə sevindirmək niyyətindədir.
Söhbət bütün uşaqların
ən çox sevdiyi əyləncə olan atraksionlardan gedir. Yəni balacalar indiyədək bulvarda
görüb-arzuladıqları bütün
atraksionlara minə biləcəklər.
Amma bunun üçün onların valideynləri
hansısa ödəniş etməli olmayacaq.
Çünki bütün
atraksionlar pulsuz xidmət göstərəcək.
Dənizkənarı
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun
sözlərinə görə, aksiya səhər saat 9-dan 12-yə
qədər baş tutacaq: "Bütün uşaqları
bulvara səsləyirik. Bəli qiymətlərindən
asılı olmayaraq bütün uşaqları
çağırırıq. Bu aksiya 15 yaşına qədər
olan uşaqlara aiddir. Bu da bizim balacalara 1 iyun hədiyyəmiz
olacaq".
Yeri
gəlmişkən, bayram münasibətilə
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi də uşaqlar üçün hədiyyə
hazırlayıb. İdarənin mətbuat xidmətindən
verilən məlumatda qeyd edilir ki, 1 iyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü ilə əlaqədar İçərişəhərdə
"açıq qapı" günü təşkil ediləcək
və uşaqların girişi pulsuz olacaq: "Tarixi irsimizlə
yaxından tanış olmaq üçün "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən
Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi,
Sıratağlı dini-memarlıq kompleksi və digər abidələrə
və muzeylərə balaca ziyarətçilərimizi dəvət
edirik". 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə Şirvanşahlar Sarayı
Kompleksində "Xoşbəxt nəsil" adlı ədəbi-musiqili
sərgi də keçiriləcək. Şirvanşahlar
Sarayı Kompleksinin həyətlərində təşkil
olunacaq sərgidə DA-ART Təsviri İncəsənət Mərkəzinin
üzvləri olan uşaqların çəkdikləri 200-ə
yaxın müxtəlif mövzulu rəsm əsərləri
nümayiş etdiriləcək. Sərgi Azərbaycan Dövlət
Uşaq Filarmoniyası, M.Maqomayev adına 26 nömrəli
Uşaq Musiqi Məktəbi, Bülbül adına Orta
İxtisas Musiqi məktəbinin şagirdlərinin ifasında
konsert proqramı ilə müşayiət olunacaq. Konsert
zamanı bu qədim məkanda klassik əsərlər, xalq
musiqisi və caz musiqisi səslənəcək. Qeyd edək
ki, saat 17:00-da baş tutacaq sərgiyə hər kəs dəvətlidir.
Sevinc
Həftə içi.- 2011.- 1 iyun.-
S. 6.