"Təhminə"
rolunu oynamaq istəyirəm
Zülfiyyə Eldarqızı:
"Sənət adamı ruhən azad olmalıdır..."
Müsahibimiz
Zülfiyyə Eldarqızıdır. Z.Eldarqızı Mədəniyyət
və İncəsənət Universitetində Səhnə
danışığı kafedrasının müəllimi, sənətşünaslıq
üzrə fəlsəfə doktorudur. Öz sənəti isə
rejissorluqdur. Bunu onunla söhbətimiz zamanı biz də hiss
etdik. Danışığı nə qədər səlist və
məntiqidirsə, müşahidə qabiliyyəti də o qədər
güclüdür.
Zülfiyyə
xanımı mən yüksək səviyyəli şeir demək
qabiliyyətinə görə tanımışam. Amma onun həm
də bir müəllimə olduğunu bilmirdim. Bu səbəbdən
qəhrəmanımızla görüşüb müsahibə
almaq istəyimi bildirdim. Çox sağ olsun, təşəbbüsümüzü
müsbət cavablandırdı və onunla "Həftə
içi"nin redaksiyasında görüşdük.
- Gəlin birinci ona aydınlıq
gətirək ki, siz yalnız tədbirlərdə şeir
deyirsiniz, yoxsa tamaşalarda aktyor kimi də iştirak edirsiniz?
- Əsasən
işim tədbirlərdə şeir deməkdir, yəni bədii
qiraətlə məşğulam. Ancaq tamaşalarda da
iştirak edirəm. Ötən il əməkdar artist
Gülşad Baxşıyeva İlyas Əfəndiyevin bir əsərini
tamaşaya qoydu. Orda mən də yer almışdım. Həm
tamaşa, həm çıxışım çox rəğbətlə
qarşılandı. Bu yaxınlarda isə biz səhnə
danışığı kafedrasının tələbələri
və bir sıra müəllimlə birgə Mirzə Ələkbər
Sabirin doğum günü ilə əlaqədar
"Ağlar-güləyən Sabirimiz" adlı tamaşa səhnələşdirdik.
Mən orda da aktrisa kimi iştirak etdim.
- Şeir demək sizdə necə
alınır?
-
İndi istəyirsiniz özümü tərifləyim
(gülür)?
- Yox, niyə ki, özünüzə
kənardan baxa bilmirsiniz?
- Mənə
hərdən irad tuturlar ki, sən həm şeir deyirsən, həm
aktrisa kimi tamaşalarda çıxış edirsən, həm
də mətbuatda yazıların çıxır. Bilirsiniz,
bütün bunların hamısı incəsənətin
ayrı-ayrı növləridir. Onu da deyim ki, mən
özümü bu sənətdə sevmirəm, bu sənətlərin
hamısını özümdə, öz içimdə sevirəm.
- Bu diplomatik cavab oldu. Mənə
maraqlıdır, tutaq ki, sənət adamı
oynadığı rolu tərifləyir. Burda pis nə var ki?
Niyə sənət adamları dolayı cavab verməyi sevirlər?
-
Bilirsiniz, son Sabirlə bağlı tamaşadan sonra mən özüm
haqqında xeyli xoş söz eşitdim. Təbii ki, mənə
mütəxəssislər tərəfindən iradlar da
bildirildi. Xüsusilə səsimlə bağlı. Axı
aktyor həmişə səsinin qayğısına
qalmalıdır. Mən bir az da tənbələm. Amma
çalışacam bu tənbəlliyi nəhayət kənara
atım. Bizim kafedranın müdiri Əzizağa Quliyev ciddi
şəkildə irad tutdu ki, gərək səsim üzərində
mütləq işləyəm. Amma aktyorluq baxımından
heç bir irad tutulmadı. Əksinə, peşəkarlar mənə
dedilər ki, səhnədə çox səmimi və effektli
görünürəm.
- Deməli, sənətçilər,
peşəkarlar müsbət rəy verirlərsə, demək
nəsə var da. Bir aktrisa kimi içinizdən hansısa,
böyük rolu oynamaq istəyi keçirmi?
- Həm
də necə keçir... İstərdim Cəfər
Cabbarlının əsərlərindəki qadın
obrazların oynayım. Məsələn, "Gültəkini",
"Firəngizi" oynamaq içimdən çox keçir.
Düşünürəm ki, "Təhminə"
obrazını da oynayaram və bu rolu çox fərqli şəkildə
yaradaram. İçimdən bu yöndə gələn arzular
çoxdur...
- "Təhminə"
obrazını dediniz, yadıma xalq artisti Firəngiz Mütəllimova
düşdü. Bu yaxınlarda saytlardan birinə müsahibə
verən aktrisa xanım hansısa açıq-saçıq obrazla
bağlı deyib ki, mən o rolu oynamaram. Sizdə rollarla
bağlı belə fərqli yanaşma mövcuddurmu?
-
Vallah mənim Firəngiz xanıma çox böyük
hörmətim var. Gözəl aktrisamızdır. Amma mən
açıq-saçıq rol oynamağa, rolda hansısa
kişiyə olan münasibətə daha böyük anlamda
yanaşıram. Məncə sənət adamı ruhən azad
olmalıdır. Ruhən azad olan adam isə istənilən
rolun öhdəsindən gələ bilər. "Sahilsiz gecə"
filmi efirə çıxanda insanlar "Vətən" cəmiyyətinin
qarşısında aksiya keçirirdilər ki, Azərbaycan
qadınını belə obrazda vermək yanlışdır.
Fikrimcə, belə yanaşmanın özü
yanlışdır. Məgər bizim qadınların
hamısı qəhrəmandır, hamımız Həcərik?
Şübhəsiz içimizdə yüngül həyat tərzi
keçirən qadınlar da var. Ekran sənə demir ki, sən
də belə ol. Əksinə, onların taleyinin
ağırlığını canlı verməyi
bacarmalısan ki, tamaşa edənlər o acı həyatı
görüb çəkinsinlər belə
yaşayışdan. Ancaq "Təhminə" mənim
birbaşa kurs işim olub. Çox sevirəm bu obrazı. Bilirsiniz,
Təhminə çox azad qadındır. Anar müəllim
ona görə bu əsərin adını "Beş mərtəbəli
evin altıncı mərtəbəsi" qoyub ki,
altıncı mərtəbə heç kimin daxil ola bilmədiyi
yerdir və ora Təhminənin dünyasıdır. Məncə
bu əsərdə Təhminə Zaurdan çox-çox
yüksəklərdə durur. Zaur əsərdə hətta
sevgisini belə bir maşının açarlarına dəyişməyə
hazır olan biridir. Ümumilikdə düşünürəm
ki, mən hansısa rolu sevirəmsə, mütləq oynayaram.
O cümlədən, "Təhminə" rolunu da oynamaq istərdim.
- Tədbirlərdə şeir
deyirsiniz. Bu sənətə olan hörmətdən irəli gəlir,
yoxsa daxili hissdir?
- Hərdən
düşünürəm ki, mən müəlliməyəm,
mən sənətçiyəm, hətta yazı-pozu işi
ilə məşğul oluram, ancaq bədii qiraətçi
deyiləm. O zaman mən Zülfiyyə Eldarqızı, necə
olardım? İnanın bunu düşünəndə
içimdə qorxu hissi yaranır. Bu sənət olmasaydı,
mənə çətin olardı. Özümü bu sənətsiz
təsəvvür edə bilmirəm. Bir tədbirə dəvət
olunanda çıxışıma o qədər məsuliyyətlə
yanaşıram ki. Şeir demək mənim üçün
qafiyələri ardıcıl düzmək deyil axı.
Hansı sahədə olursan ol, gərək diletant olmayasan. Sənətini
sevəsən və bilicisi olasan. Amma bu gün mən həm cəmiyyətdə,
həm də tələbələrim arasında sənətimə
laqeydlik görürəm.
- Əsasən hansı şairlərin
yaradıcılığına müraciət edirsiniz?
- Çox
şairlərdən şeir deyirəm. Ancaq insanın iç
dostu olan şairlər və onların kitabları var. Hər
gün olmasa da, vaxt olanda bu kitabları vərəqləyirsən.
Klassikanı, Nizamini, Füzulini, Xaqanini çox sevirəm. Günümüzün
şairlərindən Ramiz Rövşənin
yaradıcılığını hədsiz dərəcədə
çox sevirəm. Baba Vəziroğlunu, Musa Yaqubu, Vahid Əzizi,
Nəriman Həsənzadəni, Cabir Novruzu da sevə-sevə
oxuyuram.
- Adətən sizi tədbirə dəvət
edəndə, hansısa şeiri əzbərləyib gedirsiniz,
yoxsa orada bədahətən beyninizə gələn şeiri
deyirsiniz?
- Əgər
tədbir konkret bir şairə aid deyilsə, ora
hazırlıqlı getmirəm. Həmin an ürəyimdən
keçən əsəri səsləndirirəm. Təbii ki,
ovqat da burda çox önəmli rol oynayır.
- Bu an hansı ovqatdasınız? Əgər
sizdən şeir demək istəsək, hansı əsəri
deyərdiniz?
- Nədənsə
bu an Müşfiq ağlımdan keçir. Onun
"xoşladığım bir gecə, yerlər göylər
işıqlı. Ay nə xoşdur bu gecə, ulduzlar
yaraşıqlı" şeiri var. Bu şeir gəldi
ağlıma.
- Bayaq tələbələrinizdən
danışdınız. Yetirmələrinizin sənətinizə
münasibəti sizi qane edirmi?
-
Çox yaralı yerimə toxundunuz. Elə indi də tələbələrimi
danlayıb gəlmişəm. Bilirsiniz, indiki gənclərdə
sənətə qarşı istək, sevgi yoxdur. Hər
şeyin təməlində sevgi durur. Sənətə, vətənə,
valideynə olan sevgi çox vacibdir. Ancaq indiki tələbələrimdə
bunu görmürəm. Doğrudur, yaxşı tələbələrimiz
də var, amma çox azdır. Bu təkcə tələbələrdə
belə deyil. Mən rejissoram, müşahidə aparıram. Cəmiyyətin
əksəriyyətində maraq, sevgi yoxdur. Bəstəkar
Cavanşir Quliyevin bir fikrinə rast gəldim yaxınlarda. O,
Şimali Kiprlə bağlı danışanda deyib ki, orada
yaxınlaşdığın insan ilk olaraq səni təbəssümlə
qarşılayır. Yəni sənə həmən müsbət
enerji ötürür. Ancaq bizdə bu, yoxdur. Avtobusda insanlar
bir-birinə "bir az kənara dur"u da elə deyir ki, sanki
dalaşır. Bizdə insanların bir-birinə sevgisi
çatışmır.
- Siz rejissor kimi bunu müşahidə
edirsiniz, çox gözəl. Bəs bir pedaqoq kimi bunun səbəblərini
də tapa bilmisinizmi?
- Bu gün
dünyada qloballaşma
gedir. Bu prosesdə
bəşəriliklə millilik
arasında mübarizə
gedir. Bax bu bir səbəb
ola bilər.
Biz sovet dövründə
yaşadıq, onda vahid ideologiya vardı. Amma bu gün fərqli situasiyadır.
Bu gün mənim
iki övladım böyüyür. Ancaq görürəm
ki, onlar fərqli formada böyüyürlər. Mən hərdən
onlara istiqamət verməyə çalışıram.
Ancaq görürəm ki, mühitin təsiri bir valideyn kimi
mənim təsirimdən
çoxdur. Məncə belə
də olmalıdır.
Əgər bugünkü gəncin
qarşısında kompyuter,
internet varsa, o zaman onu hansısa çərçivəyə salmaq
mümkünsüzdür. Mən bunu qəbul edirəm. Amma tutaq ki, mənim anam bunu qəbul etmir. Odur ki, çox
çətindir.
- Bu gün müəyyən səviyyəyə
çatmısınız. Böyük bir
universitetdə müəlliməsiniz.
Sənətçi, müəllimə,
bədii qiraətçi
kimi yetişməyinizdə
kimə minnətdarsınız?
- Səmimi deyim ki, xüsusi minnətdarlıq bildirəcəyim
bir şəxs yoxdur. Mən çox sadə
bir ailədə dünyaya gəlmişəm.
Düşünürəm ki, valideynlərimə
borcluyam ki, bu yolda mənə
dəstək oldular.
Həmçinin, mənə mane olmadılar.
Atam həmişə mənə
deyirdi ki, sən mənim kino ulduzumsan. Sonrakı mərhələdə mənə
maneələr oldu.
Amma bu günə də şükür edirəm. İşlədiyim universitetə, onun
rəhbərliyinə, dostlarıma
minnətdaram ki, bu sənət yolunda mənə kömək edir, dəstək olurlar.
Ceyhun Nağı
Həftə içi.- 2011.- 1 iyun.-
S. 7.