"Eurovision" qalibləri Moskvadadırlar
Rusiya və Ukrayna mətbuatı Azərbaycanın
qələbəsindən yazıb
Azərbaycanın
"Eurovision"da qalib gəlməsi,
ifaçılarımızın uğurlu
çıxışı hələ də dünya mətbuatının
diqqət mərkəzində qalmaqdadır. Hər bir ölkə
Eldar və Nigarı "Eurovision" qalibləri kimi dəvət
etməkdədir.
Onlar
Ukrayna səfərini başa vuraraq artıq Rusiyaya
yollanıblar. Bu səbəbdən istər Ukrayna, istərsə
də Rusiya mətbuatında Azərbaycanın Avropanın ən
nüfuzlu müsabiqəsində iştirak edərək qalib gəlməsinə
xüsusi diqqət ayrılmaqdadır. "Eurovision-2011"
qaliblərinin Rusiyaya səfəri bu ölkənin mətbuatında
geniş işıqlandırılıb. "Exo Moskvı"
radiosunda bununla bağlı dərc olunan məqalədə
bildirilir ki, bu sensasiyalı qələbədən sonra Eldar və
Nigar kimi gənc ifaçıları bütün Avropa
tanıdı: "Müsabiqəyə canlı olaraq 100
milyondan artıq insan baxdı. Azərbaycanlılar lirik
"Running Scared" balladasını romantik və ürəkdən
ifa edərək bütün avropalıların ürəyini
fəth etdilər. Bakıda həmyerlilərinin qələbəsini
eşidən azərbaycanlılar Bakının küçələrində
bayram ab-havası yaratdılar. Gənc ifaçıları isə
hava limanında milli qəhrəmanlar kimi qarşıladır.
Bu qələbə ifaçılara Avropanın məşhur
şirkətləri, o cümlədən dünyada tanınan
Universal Music firması ilə müqavilələr
bağlamağa imkan verdi. İndi isə onlar "Eurovision"un qalibləri
kimi Rusiyaya təşrif buyurublar". Məqalədə bu səfərin Rusiya əhalisinə onların ifalarını
12 balla qiymətləndirdikləri
üçün minnətdarlıq
xarakteri daşıdığı
vurğulanır. Səfər çərçivəsində
Eldarla Nigar "Muz-TV" musiqi mükafatlarının təqdim
etmə mərasimində
də iştirak edəcəklər.
Ukrayna
mətbuatı da Eldar və Nigar cütlüyünün qələbəsinə
böyük yer ayırmaqdadır. "Novin 24"
telekanalı qaliblərin bu ölkəyə səfərlərini
əlamətdar hadisə kimi təqdim edib. Bildirilib ki, "Ell
& Nikki" duetinin müsabiqəyə
hazırlığının əsas hissəsi məhz
Ukraynada təşkil olunub: "Qələbədən xeyli
vaxt keçməsinə baxmayaraq, emossiyalar hələ də
onu hiss etdirməkdədir". Daha sonra azərbaycanlı
ifaçıların müsahibələri təqdim edilir.
"Çox çətin idi. Qələbədən sonra o qədər
"biz qalib gəldik" deyə
qışqırmışıq ki, hələ də
özümüzə gələ bilmirik", - deyə
ifaçılarımız bildiriblər. Daha sonra reportajda
vurğulanır ki, Azərbaycan qələbəni 4-cü cəhddə
əldə etməyi bacardı: "Bu qələbəyə
görə Eldar və Nigar ifa etdikləri romantik balladaya minnətdardırlar.
Deyirlər ki, insanlarda həqiqi hisslər indi
çatışmır. Onlar isə məhz ifaları ilə
bunu göstərdilər".
Rusiyanın
məşhur "Oreanda" agentliyinin
hazırladığı məqalədə də Eldar və
Nigarın Moskvaya səfərlərinə geniş yer ayrılıb.
Bildirilir ki, bukmeykerlər Azərbaycan
ifaçılarını ilk beşlikdə görsələr
də, Eldar və Nigarın "Eurovision"da qalib gəlib
müsabiqəni Bakıya aparmaları böyük uğur
olmaqla yanaşı, həm də bu istiqamətdə
görülən işlərin, çəkilən əməyin
bəhrəsi idi: "İndi isə Eldarla Nigarın
adları "Eurovision"un qızıl kolleksiyasına daxil
olub. Onların adları ABBA, Selin Dion, Toto Kutunyo kimi məşhurlarla bir sırada yer almaqdadır".
"Exo
Moskvı" radiosu:
"Azərbaycanlılar
lirik "Running Scared" balladasını romantik və ürəkdən
ifa edərək bütün avropalıların ürəyini
fəth etdilər. Bakıda həmyerlilərinin qələbəsini
eşidən azərbaycanlılar Bakının küçələrində
bayram ab-havası yaratdılar"
"Novin
24" telekanalı:
"Bu
qələbəyə görə Eldar və Nigar ifa etdikləri
romantik balladaya minnətdardırlar. Deyirlər ki, insanlarda həqiqi
hisslər indi çatışmır. Onlar isə məhz
ifaları ilə bunu göstərdilər"
Azad
Həftə içi.- 2011.- 3 iyun.-
S. 4.