"Uşaqlar biz" layihəsinə başlanıldı

 

"MİRAS" ictimai birliyi və psixoloq Könül Telmanqızı əqli və fiziki qüsurlu uşaqlarla görüşüblər

 

Dünən "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Saray qəsəbəsində yerləşən 7 saylı əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evinin qonağı olub. Məqsəd 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü buradakı uşaqlarla birlikdə qeyd etmək idi.

Belə ki, "MİRAS" ictimai birliyi və psixoloq Könül Telmanqızının birgə təşkilatçılığı ilə "Uşaqlar və biz" adlı xeyriyyə layihəsinə start verilib. Bu silsilədən keçirilən ilk tədbirə ABŞ-ın ölkəmizdəki səfirliyi, Banvit şirkəti, ayrı-ayrı xeyirxah insanlar dəstək verib. Tədbirdə giriş sözü ilə çıxış edən 7 saylı internat evinin direktoru Şükür Əhmədov uşaqların bayramını təbrik edib və təşkilatçılara öz minnətdarlığını bildirib.

Sonra çıxış edən "MİRAS" ictimai birliyin sədrinin müavini Arzu Soltan qurumun məqsədlərindən danışıb və belə bir gündə uşaqların yanında olmaqlarından şərəf duyduqlarını deyib. A.Soltan bildirib ki, layihənin keçirilməsində əsas məqsəd kimsəsiz istedadlı uşaqları araşdırıb, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına köməklik etmək və onlara mənəvi dəstək olmaqdır.

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mayk Qante xanımı Kristina Qante ilə birlikdə uşaqları özlərinin və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın və səfirliyin digər əməkdaşlarının adından təbrik edərək, təşkilatçılara gördükləri xeyirxah işlərdə uğurlar arzulayıb. Cənab Qante internat evinin əməkdaşlarının əziyyətini yüksək qiymətləndirdiyini və bu işin Tanrıya ən gözəl xidmət nümunəsi olduğunu vurğulayıb.

Psixoloq Könül Telmanqızı bildirib ki, layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat və informasiya məsələləri üzrə nümayəndəsi Mehdi Hüseynquliyev və Beynəlxalq Qadınlar Klubunun nümayəndəsi Nailə Əliyeva çıxış edərək, "Uşaqlar və biz" xeyriyyə layihəsinə uğurlar arzulayıblar.

Tədbir Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ Bülbülləri" ansamblının üzvlərinin ifasında konsert proqramı ilə davam edib. Klounların çıxışları ilə əyləncəli oyunlar müəssisədə təhsil alan uşaqların sevincinə səbəb olub. Sonda uşaqlara ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən təqdim olunan kitablar və dərs ləvazimatları hədiyyə edilib. Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkəsində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

 

 

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 3 iyun.- S. 7.