Korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır

 

Fuad Ələsgərov: "Dünyanın heç bir ölkəsi iddia edə bilməz ki, onlarda korrupsiya yoxdur"

 

"Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə sistemli, davamlı və kompleks tədbirlər çərçivəsində həyata keçirilir və kampaniya xarakteri daşımır" - bu fikirləri dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov səsləndirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 14 yanvar tarixli iclasından sonra ölkə prezidentinin tapşırığı ilə bütün strukturlarda korrupsiya ilə mübarizə tədbirlərinə başlanıb. Artıq bu istiqamətdə konkret addımlar atılıb və PA-ya çoxsaylı minnətdarlıq məktubları daxil olur. Sözügedən məsələ ilə bağlı iki sahədə - gömrük və yol polisində şəffaflığın təmin olunması üçün dövlət başçısı tərəfindən iki sənəd də imzalanıb:

"Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur və bu sahələrdə şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılacaq. Gömrük məntəqələrində "vahid pəncərə" sistemi yaradılacaq. Məsələn, avtomobil alıb Azərbaycana gətirən şəxs avtomobilin dövlət qeydiyyatı, dövlət nömrə nişanının alınmasını və s. prosedurları bir pəncərəyə müraciət etməklə həyata keçirəcək.

Bütün bu prosedurlar bank plastik kartları post-terminallar vasitəsi ilə həyata keçiriləcək. Həmçinin "elektron növbə" sistemi tətbiq olunacaq. Dünyanın heç bir ölkəsi iddia edə bilməz ki, bizdə korrupsiya yoxdur. İnkişaf etmiş ölkələr korrupsiya ilə mübarizədə yeni üsullardan istifadə edirlər, biz inkişaf etmiş bir dövlət kimi bu yeni üsulların tətbiqinə başlamışıq". O, jurnalistlərin "vətəndaşlar daha çox hansı qurumdan korrupsiya ilə bağlı şikayət edirlər" sualının cavabında bildirib ki, vətəndaşlar hansı məmurlarla daha çox ünsiyyətə girirsə, şikayətlər daha çox o sahələrdəndir. "Sürücülər yol polisindən, sahibkarlar vergi orqanlarından, xəstələr isə həkimlərdən şikayətlənirlər. Biz bu işi sistemli həyata keçirəcəyik. Bu, cənab prezidentin siyasi iradəsidir", - deyə Ələsgərov deyib. F.Ələsgərov yol polisində cərimələrin bank vasitəsi ilə aparılacağını, bu sahədə hər hansı ünsiyyət olmayacağını da qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, korrupsiyaya qarşı mübarizədə əsas olan profilaktik priventiv tədbirlərdir.

  

 

Azad

 

Həftə içi.- 2011.- 1 mart.- S. 1-2.