Müharibə böyük riskdir

 

"International Alert" təşkilatının Avrasiya layihəsinin direktoru Desislava Rusanovanın "Həftə içi"nə eksklüziv müsahibəsi

 

Mən dünyada hansısa sülh danışıqlarının asan və heç bir problem yaşanmadan aparıldığına dair nəsə bilmirəm. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar da istisna deyil. Bu münaqişəyə və onun həlli prosesinə cəlb olunmuş tərəflərin danışıqlarda hansısa irəliləyişin olmamasından narahatlıq keçirdikləri və əsəbiləşdiklərini anlayıram. Bizim kimi kənar müşahidəçiləri də irəliləyişlərin müşahidə edilməməsi faktı çox narahat edir.

- Təşkilatınız bu il münaqişənin həlli ilə bağlı hansı işləri görəcək, Azərbaycan və Ermənistanın ictimai təşkilatlarının görüşü gözlənilirmi?

- Biz bölgədəki həmkarlarımıza dünyada başqa münaqişələrlə bağlı aparılan danışıqlar proseslərinin təcrübəsinin mənimsənilməsi ilə bağlı yardımlar edəcəyik. Ola bilsin, digərlərinin bu cür vəziyyətlərdə keçdikləri yol xüsusilə də indiki durumda bölgədə bütün ideyaların tükəndiyi bir halda səmərəli olsun. Məsələn, bu həftə bizimlə bərabər Azərbaycana Şimali İrlandiya və Kipr problemlərindəki sülhyaratma proseslərinə cəlb edilmiş ekspertlər və siyasətçilər gələcəklər. Bu nümayəndə heyətinin tərkibinə həm siyasi səviyyədə aparılan danışıqların əsas iştirakçıları, həm də vətəndaş cəmiyyəti səviyyəsində işlər aparan şəxslər daxildir. Biz Azərbaycanda həmkarlarımızın digər bölgələrdə belə vəziyyətlərdə hansı çətinliklərlə üzləşmələri, onların bu cür dalana dirənmiş vəziyyətdən nə cür çıxmaları, vətəndaş cəmiyyəti və KİV-in bu məsələlərdə oynadığı rol və kimi mövzuları müzakirə edəcəyik. Təbii ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycandan olan ictimai təşkilatların nümayəndələrinin, jurnalistlərin, gənclər təşkilatlarının görüşlərini də təşkil edəcəyik.

- Necə fikirləşirsiniz, nə üçün ermənilər və azərbaycanlılar bir-birlərinə etibar etmirlər?

- Münaqişələrin həll edilməməsi fonunda tərəflər və cəmiyyətlər arasında həmişə etimadsızlıq hökm sürüb. İstənilən münaqişənin həllindən sonra cəmiyyətlər arasında etibarın bərpa olunmasına illər lazımdır, bu istiqamətdə çox böyük işlər görülməlidir. Ermənilər və azərbaycanlılar arasında etimadsızlığın səviyyəsi digər münaqişələrdə olan tərəflər arasındakı inamsızlığın səviyyəsindən heç nə ilə fərqlənmir. Tarixi amillər, keçmişin mənfi təcrübəsi də bu işdə öz rolunu oynayır. Lakin KİV-in yaratdığı düşmən obrazı, vətəndaş cəmiyyətlərinin, xüsusilə də gənc nəslin üzvləri arasında əlaqələrin olmaması kimi amillər də mənfi əhval-ruhiyyənin formalaşması, etimadsızlığın artmasında münbit şərait yaradır.

- Bu il münaqişənin həllində hansısa irəliləyiş gözləyirsiniz?

- Çətin ki, bu suala kimsə cavab verə bilsin. Lakin biz heç olmasa danışıqlarda irəliləyişlərin əldə edilməsini gözləyirik.

- Tərəflərin mövqelərinin kəskinləşməsini necə dəyərləndirirsiniz?

- Münaqişə tərəflərinin mövqelərinin kəskinləşməsi çox narahatlıq yaradır. Məni ən çox narahat edən başlıca məqam münaqişə tərəflərinin cəmiyyətindəki əhval-ruhiyyənin daha da kəskinləşməsidir. Bu siyasi səviyyədə yaxınlaşma üçün də çox mənfi ab-hava yaradır. Praktiki olaraq tərəflərdən heç biri bu gün normal münasibətlərin qurulması üçün heç nə etmir. Bu vəziyyət dəyişməsə, tərəflər ictimai səviyyədə sülhün əldə edilməsi və etimad mühitinin formalaşdırılması üçün əlverişli şərtlər formalaşdırmasa, mövqelərin yaxınlaşdırılması bir xeyli çətinləşəcək.

- Nə üçün Fransa və ABŞ son illər bu məsələdə çox passiv rol tuturlar?

- Mən Paris və Vaşinqtonun qeyri-fəal olduqlarını söyləməzdim. Onların nümayəndələri Minsk Qrupu formatında Rusiyadan olan həmkarları ilə işləyirlər. Bir neçə gün əvvəl bölgədə növbəti görüşlər keçiriblər. Onlar, əvvəllər olduğu kimi indi də münaqişənin həlli prosesində fəaldırlar. Ola bilsin ki, onların ayrı-ayrılıqda səylərinin az olması səbəbindən Paris və Vaşinqtonun daha az fəallıq göstərməsi görüntüsü yaransın. Lakin hər iki həmsədrin münaqişə tərəflərinə çözümün tapılmasında yardım etmək və dəstəkləməklə bağlı mövqeləri dəyişməz olaraq qalır. Səyləri isə heç də azalmayıb.

- Rusiyanın münaqişənin həllindəki rolunu necə qiymətləndirirsiniz?

- Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi bu işdə fəal rol oynayır. Üç həmsədrdən Cənubi Qafqaz dövlətlərinə ən yaxını məhz Rusiyadır. Moskva həm də Ermənistan və Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Rusiya hər iki dövlətlə sıx əlaqələrə malikdir. Bu baxımdan Rusiyanın tərəflərin mövqelərinin yaxınlaşdırılması prosesində fəallıq nümayiş etdirməsi ilə bağlı gözləntilər təbii qarşılanmalıdır. Bildiyim qədər, Azərbaycan və Ermənistan, həmçinin Minsk Qrupu Rusiyanın danışıqlar prosesində təşəbbüslərini dəstəkləyirlər.

- Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı nə qədərdir?

- Bir çox ekspert və müşahidəçilər bununla bağlı narahatlıqlarını ifadə edirlər. Bu addımı atmaq, müharibəni başlamaq böyük riskdir. Hərbi əməliyyatların necə başa çatacağına dair konkret zəmanət yoxdur. Şübhəsiz istənilən müharibə insan itkilərinə yol açacaq. Onun nəticələri bütün dövlətlərə mənfi təsir göstərəcək.

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 1 mart.- S. 1-2.