"Uşaqların
xilası" gələcəyimizin
xilasıdır
Nik Enz: "Layihələrimizlə uşaqların həyatında
müsbət və davamlı dəyişikliklər etməyə
çalışırıq"
ABŞ-ın "Save the Shildren"
("Uşaqların xilası") təşkilatının
bilik və inkişaf koordinatoru Nik Enzin "Həftə
içi"nə eksklüziv müsahibəsi
Azərbaycanda fəaliyyət göstərən
çoxsaylı xarici beynəlxalq qurumdan biri də
ABŞ-ın "Uşaqların xilası" təşkilatıdır.
Müasir dövrümüzdə inkişaf etməkdə olan
ölkələrin əksəriyyətində uşaqların
acınacaqlı həyat tərzi yaşaması, onların
cinayətə sövq edilməsi, insan alverinin qurbanlarına
çevrilməsi və sair hallar sürətlə
artmaqdadır. Belə dəhşətli vəziyyətin
qarşısını almaq, bəşəriyyətin gələcəyi
sayılan uşaqların bütün qayğılardan uzaq
yaşamını təmin etmək üçün nələr
etmək lazımdır? Problemin çıxış yolunu
"Uşaqların xilası" təşkilatının
bilik və inkişaf koordinatoru Nik Enzlə aramağa
çalışdıq.
- Azərbaycanda
"Dayanıqlı dəyişiklik naminə" adlı
proqram həyata keçiririk. Proqrama əsasən,
respublikanın müxtəlif bölgələrində yerli
icmalara dəstək vermək məqsədilə 12 ailə və
uşaqlara yardım mərkəzi yaratmışıq. Təşkilatımızın
kömək göstərdiyi uşaqlar kimsəsizlər də
ola bilər, əlilliyi olanlar da. Biz eyni zamanda, həmin
uşaqların ailələrinə təlimlər
keçirik. Əgər uşaqlar valideyn himayəsindən məhrumdurlarsa,
onda onlarla bilavasitə bu məsələyə məsul olan
hökumət strukturları arasında əlaqə
yaradırıq ki, yardım ala bilsinlər. Mən yenə də
bayaq dediklərimə qayıdıram ki, bölgələrdə
yaratdığımız 12 yardım mərkəzini hökumətə
təhvil vermişik. Onlardan 1-nə Təhsil Nazirliyi, qalan 11-nə
isə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi nəzarət edir.
- Bəs qayğıya möhtac uşaqları necə
tapırsınız?
- Hərfi mənada desək,
qapı-qapı gəzib axtarırıq, qonşulardan,
poliklinikalardan - onları tanıyan hər kəsdən
soruşub, məlumat toplayırıq. Sonda isə
topladığımız materialları müzakirə edib,
araşdırırıq. Burada həmin uşaqların
sosial-psixoloji durumu, ailə vəziyyəti, təhsili,
sağlamlığı və sair öyrənilir. Əgər
dəyərləndirmə zamanı onların
yaşayış səviyyəsinin ağırlığı
20 baldan yuxarı olarsa, o zaman "case management"
adlandırdığımız fəaliyyətə
başlayırıq - yardım üçün lazımi
addımları müəyyənləşdiririk. Özü də
bu işdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
maliyyə dəstəyi və bizim koordinasiyamız, eləcə
də dövlət qurumlarının iştirakı birgə
rol oynayır.
- Bir Amerika vətəndaşı və beynəlxalq təşkilatın
rəsmisi olaraq Azərbaycanda uşaqların vəziyyətini
necə qiymətləndirirsiniz?
- Mən hələlik,
o qədər geniş məlumat yığa bilməmişəm
ki, bu məsələyə qiymət verim. Ancaq onu deyə bilərəm
ki, burada fəaliyyətə başladığımız
günlə müqayisədə hazırda vəziyyət daha
yaxşıdır. Adi bir rəqəm deyim ki, 2004-cü ildən
bu yana 30 min uşaq sözügedən mərkəzlərdən
faydalanıb. Bu isə 30 min nəfərin həyatına
müsbət təsir deməkdir. Onu da deyim ki, Əmək və
Əhalinin Sosial Müdafiəsi, eləcə də Təhsil
nazirlikləri, Avropa Birliyi, "Statoil" neft şirkəti də
yardım məsələsində bizə dəstək verir. Bizim
eyni zamanda, "Yetkinlik üçün həyat
bacarığı" və "Yetkinliyə uğurlu
keçid" adlı başqa iki layihəmiz də
mövcuddur. Layihələrin icrasına 2009-cu ildə
başlamışıq və 2011-cü ildə başa
çatdıracağıq. Bu layihələrin məqsədi
uşaqlara yardım paylamağı deyil, onlara gələcəkdə
həyatda necə yaşamağı öyrətməkdir. Yəni
yetkinlik yaşlarına çatandan sonra işləyib müstəqil
şəkildə öz qayğılarına qalmağı
bacarmalıdırlar. Biz bu sahədə həm məktəblərlə,
həm də məşğulluq mərkəzləri ilə də
əlaqəli işləyirik. Əmək bazarını
araşdırırıq, hansı sahəyə daha çox tələbat
varsa, uşaqları məhz həmin istiqamətə yönləndiririk.
- Göstərilən yardımlar
alqışlanmalıdır, buna söz ola bilməz. Amma gəlin
razılaşaq ki, bu yolla heç də uşaqların
acınacaqlı şəraitdə yaşamalarının
qarşısını almaq mümkün deyil. Elə isə
deyin, nə etmək olar ki, uşaqlar belə həyat
yaşamasınlar və hazırda pis vəziyyətdə
olanlar isə rifaha qovuşa bilsinlər?
- Bunu etmək
mümkün deyil. Bəzən elə olur ki, uşaqlar
ata-analarını itirirlər, qohumlar baxmırlar və beləliklə,
onlar kimsəsiz, nəzarətsiz qalırlar. Təbii ki, bu da
son anda onların həyatını çox acınacaqlı səmtə
yönəldir. Biz və bizim kimi təşkilatlar isə
onlara sadəcə, sonradan düzgün həyata
qayıtmaları üçün kömək edə bilirik. Elə
bayaq qeyd etdiyim 12 regional yardım mərkəzi məhz bu məqsədlə
fəaliyyət göstərir. Əslində, bizim icra etdiyimiz
bütün layihələr məhz uşaqları pis həyat
şəraitinə yuvarlanmaqdan qorumaq məqsədi
daşıyır. Biz "Regional uşaqların
iştirakçılığı üzrə təşəbbüs"
proqramının icrasına da başlamışıq. Burada məqsəd
uşaqlara öz hüquqlarını öyrətməkdir. Elə
etmək ki, onlar öz gələcəklərini müəyyənləşdirə
bilsinlər, başqalarının təsiri altına
düşməsinlər. Onu da qeyd edim ki sözügedən
layihə Ombudsman Aparatı - Elmira Süleymanova ilə sıx əməkdaşlıq
şəklində həyata keçirilir.
- Yeri gəlmişkən, təşkilatınız
neçə ildir fəaliyyət göstərir?
- 1930-cu illərin əvvəllərində
yaradılıb, yəni 78 ildən artıqdır bütün
dünyada uşaqların xilası məqsədilə əmək
sərf edirik. Onu da deyim ki, təşkilatımızın 80-dən
çox ölkədə filialı mövcuddur ki, onların
da hər biri ayrı-ayrı vaxtlarda yaradılıb.
- Maraqlıdır, təşkilatınız xaricdə
filial açarkən ölkələri hansı qayda ilə
seçir? Məsələn, hansısa ölkədə yox, məhz
Azərbaycanda...
- Amerikadakı mərkəzi
ofisimiz ölkələri müəyyənləşdirərkən
nizamnamədə göstərilən 6 əsas şərti nəzərə
alır: QİÇS-in səviyyəsi, uşaqların
müdafiə vəziyyəti, həyat bacarıqları, təhsil,
uşaqların erkən inkişafı, səhiyyə. Azərbaycana
isə 1993-cü ildə gələrkən burada şiddətli
müharibə gedirdi. Qaçqın uşaqların vəziyyətinin
ağır olması barədə bizə məlumat
çatmışdı, ona görə də təşkilatımız
onlara kömək göstərmək istədi. 1998-ci ilədək
işimiz başlıca olaraq humanitar yardım göstərmək
idisə, həmin ildən sonra fikrimizi qaçqın
uşaqların təhsilinə, maarifləndirilməsinə,
onların sağlamlığının qorunmasna və sair
yönləndirmişik. Amma onu da deyim ki, bununla yanaşı,
heç də vəziyyəti daha ağır olan uşaqlara
yardımları dayandırmamışıq. Yadıma
düşmüşkən, onu da deyim ki, biz iqtisadi inkişafa
dair də layihələr həyata keçiririk. Məsələn,
"BP" ilə iki il öncə uğurla başa
çatmış bir layihəmizin icrası dövründə
"Bakı - Ceyhan" əsas ixrac neft boru xəttinin
keçdiyi ərazilərdə icmalara yerli əhəmiyyətli
körpülərin, su kanallarının və sair tikintisinə
bu şirkətin vəsaiti ilə yardım etmişik.
- Əvvəlki sualın davamı olaraq soruşmaq istərdik:
xarici ölkələrdə vəziyyəti Birləşmiş
Ştatların oradakı səfirlikləri vasitəsilə
öyrənirdiniz, yoxsa başqa informasiya kanallarınız
mövcuddur?
- Bizim Birləşmiş
Ştatlar ərazisində iki əsas ofisimiz mövcuddur, biri
Vaşinqtonda, digəri isə Konnektitut ştatının
Vestport şəhərində yerləşir. Təşkilatımız
əsas məlumatları əlaqəli şəkildə
işlədiyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
və ölkədəki diplomatik nümayəndəliklərdən
alır. Yəni bu qurumların məlumatları sayəsində
müəyyən edirik ki, vəziyyət harada daha
acınacaqlıdır və ora getməliyik. Əlbəttə,
biz burada nümayəndəlik açarkən həm ABŞ, həm
də Azərbaycan hökumətlərinin
razılığını alırıq.
- Məncə, konkret uşaq evlərinə və sair
yardımlar göstərməklə, heç də onların
problemini həll etmək olmaz. Çünki uşaq evləri
aysberqin görünən tərəfidir, acınacaqlı həyatın
əsas sakinləri yenə də diqqətdən kənarda
qalırlar. İnkişaf etmiş Amerika cəmiyyətinin bir
üzvü olaraq, sizə elə gəlmirmi ki, daha çox
insanları bütün təbəqələr üzrə
maarifləndirməklə, uşaqlarla düzgün rəftar
etmələri, onların səhv yola düşməmələri
üçün təbliğat aparmaqla bu problemi nisbətən
həll etmək mümkündür?
- Biz hansısa uşaq
evində şirniyyat, geyim paylamaqla məşğul olmuruq, məsələyə
bir neçə aspektdən yanaşırıq. Davamlı,
uzunmüddətli müsbət dəyişiklik naminə
çalışırıq. İlk növbədə
uşaqlara, eyni zamanda onların tərbiyəçilərinə
təlimlər keçirik. Daha konkret desək, uşaqları
gələcəkdə öz başlarına çarə
qıla bilmələrinə, özlərini bərabərhüquqlu
vətəndaş olaraq, qanuni əsaslarla yaşatmaları
üçün hazırlayırıq. Əslində bu
problemlə cəmiyyətin bütün təbəqələri,
dövlət və qeyri-hökumət təşkilatları,
xarici və yerli qurumlar əl-ələ verib işləməklə
birgə mübarizə aparmalıdır. Bu məsələdə
heç bir halda konkret bir qurumu və sair günahlandırmaq
mümkün deyil. Şəxsən bizim təşkilat təkcə
uşaqlarla deyil, onların valideynləri, müəllimləri,
əlaqədar orqanlarla və sair işləyir, yəni cəmiyyətin
bütün təbəqələrində iş aparır.
- Azərbaycanın dövlət qurumları ilə necə
əlaqə saxlayırsınız? Tutaq ki, hansısa konkret
ünvanda layihə həyata keçirmək istədikdə
onlarla məsləhətləşirsinizmi?
- Təbii ki, öncə
hər bir məsələdə dövlətin
razılığını alırıq. Bərabər
çalışdığımız
partnyorlarımızın fikirlərini də nəzərə
alırıq. Məsələn, ABŞ Beynəlxalq
İnkişaf Agentliyi, Avropa Komissiyası kimi təşkilatlarla
yanaşı, özəl qurumlarla - "Bakcell",
"Statoil" və sairlə də işlədiyimiz
üçün, onların fikirləri də bizim
üçün əsasdır. Yəni fəaliyyətimizi həmin
qurumların da diqqət mərkəzində olan sahəyə
yönləndiririk, həm də yardım edə biləcəyimiz
prioritet məsələləri müəyyənləşdiririk
və sözügedən qurumların vasitəsilə - maddi dəstəyi
ilə layihə həyata keçirməyi təklif alır və
ya irəli sürürük. Biz də öz iş təcrübəmizi,
potensialımızı nəzərə alaraq həmin təklifləri
qarşılıqlı dəyərləndiririk.
- Bu gün kimsəsiz, bir az kobud desək, küçə
uşaqlarının cinayətlərə sürüklənməsi,
onların əməyinin mənimsənilməsi, hətta orqan
alverçilərinin əlində qurbana çevrilməsi
halları artıb. Bu cür hallarla mübarizə aparmaq
yönümündə hansı layihələriniz var?
- Uşaq alveri ilə
bağlı hansısa spesifik layihəmiz olmayıb. Amma
onların əməyinin istismarı ilə bağlı bir
çox iş görmüşük. Məsələn,
"Dayanıqlı dəyişiklik naminə" və sair
layihələr çərçivəsində uşaqlara gələcəkdə
özlərinə karyera seçməyi öyrədirik. İstəyirik
onlar öz hüquqlarını yaxşı bilsinlər ki, gələcəkdə
kiminsə tərəfindən aldanmasınlar. Uşaqların
cinayətlərə sövq edilməsi ilə mübarizə
məsələsinə gəldikdə isə, bu yöndə
də layihə işləmək planımız var və yəqin
ki, yaxın vaxtlarda həmin proqramın icrasına
başlayacağıq.
- Son olaraq bilmək maraqlı olardı: bu qədər
layihəni həyata keçirmək üçün külli
miqdarda maddi vəsait lazımdır. Bu qədər pulu haradan
alırsınız?
- Ən böyük
sponsorumuz ABŞ Beynəlxalq İnkişaf Agentliyidir. Bundan
başqa, Avropa Birliyi, "Statoil", "Bakcell",
"Coca-Cola", ABŞ-ın 200-dən artıq şirkətinin
üzv olduğu Amerika Ticarət Palatası, müəyyən
vaxtlarda isə "BP" və onun ətrafındakı
"Şevron" kimi şirkətlər əsas tərəfdaşlarımızdır.
Azərbaycana gəldiyimiz gündən bəri nə qədər
pul xərclədiyimiz barədə əlimdə dəqiq məlumat
olmasa da, deyə bilərəm ki, təkcə 2010-cu ildə
layihələrın icrasına 2 milyon dollar sərf
etmişik. Yeri gəlmişkən, xarici ölkələrdən
Azərbaycana pənah gətirmiş qaçqınlar
üçün də "Qaçqın və məcburi
köçkünlərə qayğı" adlı layihə
həyata keçiririk ki, bu işdə bizə BMT-nin
Qaçqınlar İdarəsi - UNHCR maddi dəstək verir.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 1 mart.- S. 4.