Kəlbəcərlilərin sosial
problemləri həll olunur
Rayonun icra başçısı Vidadi Məhərrəmov:
"Əsas məqsədimiz insanlarımızı işlə
tam təmin etməkdir"
Kəlbəcər Azərbaycanın
işğal altında olan 11 rayonundan biridir. Bu rayonun əhalisi
qaçqın həyatı yaşasa da, çətinliklərə
dözür, hətta müxtəlif sahələrdəki
inkişafına görə, bir sıra rayonları
qabaqlayır.
Bu günlərdə Tələbə
Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə
Abbaszadənin ötən ilin yekunlarına dair mətbuat
konfransında söylədiklərindən bəlli oldu ki, Kəlbəcər
rayonunun təhsil sistemi ötən il ali məktəblərə
olan qəbula görə 9-cu yerdədir. Bəlli olduğu kimi
Kəlbəcər qaçqınları daha çox ölkənin
şimal-qərb ərazisində məskunlaşıb. Rayonun
icra hakimiyyəti isə Gəncədə yerləşir. Bu və
digər faktları yerində öyrənmək
üçün Gəncəyə yollandıq. Müsahibimiz Kəlbəcər
rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov
oldu.
Vidadi müəllim bildirdi
ki, məcburi köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması problemlərinin həlli dövlət
başçısının xususi diqqət yetirdiyi məsələlərdəndir:
"İlk olaraq qeyd etmək istərdim ki, 2010-cu il Kəlbəcər
rayonunun məcburi köçkün həyatı yaşayan əhalisi
üçün də çox uğurlu il oldu. Kəlbəcər
rayon İcra hakimiyyəti, rayonun idarə və təşkilatlarının
qarşıya qoyulan vəzifələrin vaxtından əvvəl
layiqincə yerinə yetirilməsi uğrunda fədəkarlıqla
çalışması, məcburi köçkünlərin
mənzil-məişət problemlərinin həlli fəaliyyətimizin
prioritet sahəsi olub. Rayon əhalisinin sayı 800 nəfər
artaraq 68516 nəfərə (19210 ailə) çatıb, 6934 nəfər
məcburi köçkün üçün inşa
edilmiş qəsəbələrdə və hündürmərtəbəli
evlərdə, 22884 nəfər fərdi qaydada tikdirdikləri
şəxsi evlərində, 38650 nəfər isə hələ
də ictimai binalarda, hərbi şəhərciklərdə, məktəblərdə,
internatlarda, yol kənarlarında, qəza vəziyyətində
olan yarımçıq evlərdə, fermalarda, daxmalarda
yaşayır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na Əlavələr edilməsi haqqında"
3 oktyabr 2007-ci il tarixli 475 saylı Sərəncamı məcburi
köçkünlərə göstərilən davamlı
dövlət qayğısının və diqqətin əyani
təzahürüdür".
Ölkə başçısı 3 dəfə məcburi
köçkünlərimizlə görüşüb
V.Məhərrəmov dedi ki,
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata
keçirilməsinin nəticəsidir ki, 2009-cu ildə Goranboy
rayonu EKO qəsəbəsində istifadə müddəti
keçmiş dəmir quraşdırma evlərdə
yaşayan 596 ailə üçün Veyisli kəndi ərazisində
yeni qəsəbə inşa edilib: "2009-cu ilin noyabr
ayının 20-də möhtərəm prezidentimiz cənab
İlham Əliyev tərəfindən həmin qəsəbənin
təntənəli açılışı keçirildi.
2010-cu il fevral ayının 28-də Qəbələ rayonunda
müvəqqəti məskunlaşmış 133 məcburi
köçkün ailəsi üçün Zarağan qəsəbəsində
inşa edilmiş və hər bir şəraiti olan 6 ədəd
hündürmərtəbəli yaşayış evlərinin
təntənəli açılışı keçirilib. Mərasimdə
iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev rayonumuzun məcburi köçkünləri
ilə görüşüb söhbət edib. Bundan başqa
31 saylı məktəb üçün həmin ərazidə
inşa olunan 188 şagird üçün nəzərdə
tutulan məktəbin açılışında iştirak
edən ölkə başçısı bu sahədə də
öz tövsiyələrini verib.
2010-cu ilin 10 noyabrı məcburi
köçkünlərimizin həyatında ən unudulmaz tarixi
hadisəyə çevrildi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Azərbaycan
Respublikasının birinci xanımı, millət vəkili
Mehriban xanım Əliyeva Yevlax rayonu Yevlax şəhərində
612 məcburi köçkün ailə üçün
inşa edilmiş 10 ədəd hündürmərtəbəli
yaşayış evlərinin və 30 saylı məktəb
üçün tikilmiş 440 şagird yerlik məktəbin,
50 yerlik uşaq bağçasının, mədəniyyət
evinin açılışı mərasimində iştirak edərək,
mənzilə köçmüş məcburi
köçkün Qəzənfər Musayevin ailəsi ilə
görüşüb söhbət etdi, məcburi
köçkünlərin qarşısında
çıxış etdi.
Ümumiyyətlə, son bir
il ərzində Kəlbəcər rayonuna böyük
qayğı və diqqət yetirən ölkə
başçısı cənab İlham Əliyev 3 dəfə
məcburi köçkünlərimizlə
görüşüb. Onun tükənməz
qayğısının nəticəsidir ki, bir ildə 973 məcburi
köçkün ailə yeni evlərə
köçürülüb. Bu tükənməz
qayğı və diqqətə görə Kəlbəcər
camaatı adından prezidentimiz cənab İlham Əliyevə
bir daha minnətdaram".
"Problemlərimiz mərhələli olaraq həll
edilir"
Vidadi müəllim eyni
zamanda onlara kömək edən digər şəxslər barəsində
də söhbət açdı. Dedi ki, "Azəryolservis"
Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili
cənab Cavid Qurbanovun qayğı və diqqəti nəticəsində
Şəmkir şəhərində 143 məcburi
köçkün ailənin müvəqqəti məskunlaşdığı
peşə liseyinin 3 binasının dam örtüyü yenidən
qurulub, əsas korpusun dam örtüyü təmir edilib:
"Həmin binanın daxilində təmir işləri
aparıldı, məcburi köçkünlərin xeyir-şər
mərasimlərini keçirməsi üçün nəzərdə
tutulmuş bina əsaslı təmir edilərək, hər
cür qab-qacaq və avadanlıqlarla təmin edildi. Gəncə
şəhərində Azərbaycan Dövlət Aqrar
Universitetinin 2, 3, 4, 5 saylı yataqxanaları, Qocalar evi və Gəncə
Dövlət Universitetinin 2, 3 saylı yataqxanalarının ərazisində
yerləşən xeyir-şər yerləri əsaslı təmir
olunub. Tərtər şəhərində, Bərdə rayonu
Zümürxan və Lənbərən kəndlərində
müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələrinə 150 yerlik tutumu olan
xeyir-şər mağarları verilib, hər cür qab-qacaq və
avadanlıqlarla təmin edilib".
Məcburi köçkünlərin su və işıq
problemləri həllini tapıb
Gəncə şəhəri
Gülüstan qəsəbəsində və Avtomobil zavodunun ətrafında
müvəqqəti məskunlaşmış ailələr
üçün 6 yerdə su artezian quyusu qazılaraq istifadəyə
verilib. Gəncə şəhəri Gülüstan qəsəbəsi
Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı
yataqxanası ətrafında və Samux rayonu ərazisində
yerləşən su quyularını işə salmaq
üçün 2 ədəd yeni su nasosu alınaraq istifadəyə
verilib. Bunu da Kəlbəcər rayon icra hakimiyyətinin
başçısı V.Mərrəmov deyir. Onun sözlərinə
görə, məcburi köçkün ailələrinin
enerji təchizatını yaxşılaşdırmaq məqsədi
ilə Gəncə şəhəri Gülüstan qəsəbəsində
Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı
yataqxanası ətrafında və Göygöl rayon
"Murovdağ" məcburi köçkün qəsəbəsində
işıq problemi həll edilib, 2 ədəd yeni elektrik
transfarmatoru alınaraq işə salınıb: "Elektrik xətlərini
təmir etmək məqsədi ilə 7500 metr uzunluğunda
elektrik naqili alınaraq məcburi köçkünlərin
istifadəsinə verilib. 250 evə qaz sayğacı, 765 evə
smart tipli elektrik sayğacı qoyulub. Məcburi
köçkünlərin yaşadıqları və uzun
müddət təmir olunmayan ictimai binaların təmir edilməsi
ilə bağlı xeyli işlər görülməkdədir.
Belə ki, Tərtər şəhərində peşə məktəbinin
və uşaq bağçasının, Gəncə şəhərində
25 və 48 saylı uşaq bağçalarının,
Humanitar Kollecin yataqxanasının, 4 saylı internatın, 38
saylı hərbi şəhərcikdə 7 ədəd fin tipli
yaşayış evlərinin, mehmanxana binasının dam
örtüyü əsaslı təmir olunaraq, binaların
daxilində təmir işləri aparılaraq kanalizasiya, su və
elektrik xətləri bərpa edilib".
İşsizlik tədricən aradan qaldırılır
2010-cu ildə məcburi
köçkünlərin məşğulluğunun
artırılması, yeni iş yerlərinin
açılması, işsizlərin işə düzəldilməsi
sahəsində müəyyən addımlar
atıldığını deyən rayon icra
başçısı ötən il 74, son 7 ildə daxili
imkanlar hesabına 700 iş yeri yaradıldığını
dedi: "Rayon məşğulluq mərkəzi tərəfindən
62 nəfər işə düzəlib, 8 nəfərə
işsizlik müavinəti təyin edilib. "Azəryolservis"
ASC-nin köməyi ilə 60 nəfər, Nəqliyyat
Nazirliyinin xətti ilə 14 nəfər işlə təmin
edilib".
Vidadi müəllim onu da qeyd
etdi ki, öndə duran məsələ məcburi
köçkünlərin tam işlə təmin edilməsidir:
"Bununla da yoxsulluq səviyyəsində olan insanların
sayını minimum həddə endirməyə nail ola bilərik.
İndi ölkəmizdə gedən sürətli sosial-iqtisadi
inkişaf işləmək arzusunda olan bütün şəxslərə
işləmək üçün imkan yaradır. Sadəcə
olaraq insanlar ələbaxımlığa birdəfəlik son
qoymalı, öz əməyi, zəhməti ilə
yaşamalıdır".
26 abuturiyent 500-600-dən yuxarı bal toplayıb
Vidadi müəllim təhsil
sahəsindəki uğurları xüsusilə
vurğuladı: "Təhsil millətimizin gələcəyidir.
Əgər təhsilimiz varsa demək biz də varıq.
Ölkə başçısı cənab İlham Əliyevin
və Azərbaycanın birinci xanımı, millət vəkili
Mehriban xanım Əliyevanın Kəlbəcərdə təhsilin,
mədəniyyətin, səhiyyənin inkişafına
göstərdiyi tükənməz qayğı və diqqət
ildən-ilə daha da artır. Bu da təbiidir ki, bizi daha da
ruhlandırır.
Rayon üzrə 114 ümumi
təhsil məktəbində, o cümlədən 95 orta, 19 əsas
məktəbdə 2009/2010-cu dərs ilində 10432 şagirdin
təlim-tərbiyəsi ilə 2500 nəfərdən çox
müəllim məşğul olub.
Dərs ilinin yekunlarında
da nəaliyyətlər az deyil. XI sinfi bitirən 666 nəfər
məzundan 562-i (84,4 %) test imtahanları verərək attestat
alıb. Onlardan 337 nəfər (60%) ali məktəblərə
qəbul üçün sənəd verib, 145 nəfər ali
məktəblərə qəbul olub. Abituriyentlərin 26 nəfərindən
çoxu 500-600-dən yuxarı bal toplayıb. 7 nəfərin
qiyməti 600 baldan çox olub. Bu illər ərzində məktəblərin
maddi-texniki bazası xeyli möhkəmləndirilib. Heydər Əliyev
Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində
Qala qəsəbəsində 19 saylı məktəb
üçün 223 şagird yerlik, Abşeron rayonu Masazır
qəsəbəsində isə 126 saylı məktəb
üçün 240 şagird yerlik, "Azəryolsevris"
ASC-nin köməyi ilə Göygöl rayonu Üçtəpə
kəndində 115 saylı məktəb üçün əlavə
5 sinif otağı tikilib istifadəyə verilib. Həmçinin
daxili imkanlar hesabına 31,102 saylı məktəblər
üçün, Dövlət Proqramı çərçivəsində
isə 30 saylı məktəb üçün Yevlax şəhərində
yeni bina tikilib. Büdcə vəsaiti hesabına 78, 9, 79, 29,
89, 98 saylı məktəblər əsaslı və cari təmir
edilib.
30 saylı məktəbin
açılışında Azərbaycan Respublikasının
Prezidenti möhtərəm cənab İlham Əliyev, 19 və
126 saylı məktəblərin açılışında
Heydər Əliyev Fondunun, Prezident Administrasiyasının, Təhsil
Nazirliyinin, "Qaçqınkom"un nümayəndələri
iştirak edib".
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 1 mart.- S. 5.