Varşavada "Azərbaycan
günü" silsilə
tədbirlərə start
verilib
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar
Polşadakı səfirliyimiz Varşavada "Azərbaycan
günü" silsilə tədbirlərinin keçirilməsinə
start verib. Səfirliyin Avropa Diplomatik Akademiyasında
keçirdiyi tədbirdə akademiyanın 200-ə yaxın tələbə
və müəllim heyəti iştirak edib.
Bu barədə məlumatı
Azərbaycanın Varşavadakı səfirliyi yayıb. Tədbir
Azərbaycan haqqında filmin nümayişi ilə
başlanıb. Filmin nümayişindən sonra Akademiyanın
rektoru xanım Katajına Pisarska Azərbaycan haqqında məruzə
edib. Azərbaycanın Polşadakı fövqəladə və
səlahiyyətli səfiri Həsən Həsənov "Azərbaycan
günü" tədbirini açaraq, ilk olaraq, 26 fevral
tarixinin Azərbaycanda Xocalı soyqırımı
qurbanlarının anım günü olduğunu bildirib. H.Həsənov
qətliam haqqında qonaqlara ətraflı məlumat verib və
bu hadisənin erməni hərbi birləşmələri və
sabiq SSRİ-nin 366-cı alayı tərəfindən dinc əhaliyə,
bəşəriyyətə qarşı törədilmiş
cinayət kimi dəyərləndirib. Daha sonra səfir Azərbaycanın
tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verib. Tədbir
çərçivəsində səfirlik tərəfindən
polyak dilində nəşr edilmiş kitablardan ibarət
guşə yaradılıb. Guşədə təqdim
olunmuş kitablar iştirakçıların ixtiyarına
verilib.
Vüsal
Həftə içi.- 2011.- 2 mart.- S. 1.