"İnsanlıq abidəsi" ermənilər üçün ucaldılmamışdı

 

Naif Əlibəyoğlu: "Türkiyə hökuməti abidəni sökməklə Azərbaycan tərəfinin maraqlarını qorumaq istədi"

 

Erməni - türk "dostluğunu" tərənnüm edən abidənin təşəbbüskarı "Həftə içi"nə danışdı

 

Bir neçə vaxtdır Türkiyə, ümumiyyətlə, bölgə ictimaiyyəti bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsda ucaldılmış "İnsanlıq abidəsi"nin sökülməsinə dair tələbini və yerli bələdiyyə şurasının hökumət başçısının istəyini dəstəkləməsi ilə bağlı çıxardığı qərarı müzakirə etməkdədir. Hər halda abidənin sökülməsini alqışlayanlar da var, əleyhinə çıxanlar da. Hər iki halda isə ünvanına ən çox tənqid yağdırılan Qars vilayətinin keçmiş bələdiyyə sədri Naif Əlibəyoğludur. Biz də öz növbəmizdə bu şəxslə əlaqə yaradıb, neçə vaxtdır bölgəni qalmaqala çəkən abidə ilə bağlı suallarımıza cavab almaq istəsək də, mümkün olmadı. Ona görə də bir neçə sualımızı "Yeni akit" qəzetində çalışan Mustafa adlı bir həmkarımıza yollayıb, ondan imkan düşən kimi N.Əlibəyoğludan cavab almağı xahiş etdik. Axır ki, türkiyəli həmkarımız bu istəyimizi reallaşdırdı, öz suallarını da əlavə etməklə keçmiş bələdiyyə sədri ilə müsahibə götürməkdə bizə vasitəçi oldu.

N.Əlibəyoğlu söhbətə, ümumiyyətlə, Qarsda "İnsanlıq abidəsi"nin tikilməsi ideyasının haradan qaynaqlandığını açıqlamaqla başladı.

- Deyilənə görə, bir vaxtlar dünyanı basan su Nuh peyğəmbərin gəmisini bu ərazidə quruya çökdürüb və qiyamətdən sonrakı insanlıq - bəşəriyyət məhz bu dağlarda yaranıb. Biz də düşündük ki, yenidən dünyaya insanlıq mesajını göndərək. Ermənistandakı "soyqırım" abidəsinə, Liondakı, Parisdəki eyni mahiyyəti daşıyan abidələrə qarşı bir insanlıq abidəsini ucaltmaq istədik. Ermənistandakı "soyqırım" abidəsinin qarşısında əbədi məşəl alovlanır və bu səbəbdən də onu görən hamı türkə düşmən kəsilir. Çünki abidə tarixi yaddaşlarda saxlayır, istənilən münasibətə baxmayaraq, ədavətin aradan qalxmasına imkan vermir.

- Deməli, abidənin yaradılmasını siz təklif etmisiniz?

- Bəli, bizim bu ərazidə 90 min əsgərimiz şəhid olub, 40 il işğal yaşamış, yəni Berlin sazişinə əsasən, Qars müharibə təzminatı olaraq düşmənə verilib, amma türk milləti azadlığını qoruya bilib. Belə çətin vəziyyətin hökm sürdüyü bir bölgədə Qafqazın "sülh adası" olmasını istəyirdik. Yəni çox sayda ölkələr birləşərək Avropa Birliyini yaradıbsa, biz niyə Qafqazla birləşməyək? Mən də buna görə Ermənistana getdim, Gümrü bələdiyyəsində keçirdiyim görüşdə dedim ki, bəsdir düşmənçilik etdiyimiz, gəlin dost olaq. Öz tərəfimizdən Qarsın girişində başıbəlalı nəhəng heykəli qurmaqla mövqeyimizdə israrlı olduğumuzu isbatladıq. Daha sonra isə oradakı qalada festival keçirdik və ilk dəfə həmin tədbirə erməniləri də dəvət etdik. Camaat onları görəndə, sevincdən təlatümə gəldi.

- Bəs niyə məhz təpənin başında ucaltdınız abidəni, bu onun hər tərəfdən görünməsi üçün düşünülmüşdü?

- Türkiyədə çox məşhur heykəltəraş olan Məhmət Aksoyu dəvət edərək öz arzumuzu bildirdik və o da razılaşaraq, layihə işlədi. Sonra hazırda heykəlin qurulduğu təpəni seçərək oradakı evləri başqa yerə köçürdük, ərazidə böyük bir park saldıq və təbii ki, abidəni də orada ucaltdıq. Özü də özbaşımıza etmədik, Bələdiyyə Məclisi tam tərkibdə səs verdi bu təşəbbüsə, hətta indi millətçilikdən dəm vuran MHP-çilər də.

- Abidəni tikmək üçün vəsaiti haradan almısınız? Söz gəzir ki, guya Ermənistan sizə maddi dəstək verib...

- Xeyr, nə dövlətdən, nə də Ermənistandan pul almamışıq. Heykəl qurularkən heykəltəraşla bağladığımız protokolda ərazidə abadlıq, divarların çəkilməsi, yolların salınması və sair kimi detallar da nəzərə alınmaqla xərcləyəcəyimiz vəsaitin miqdarı 503 min lirə hesablanmışdı. Əslində, bu simvolik bir rəqəmdir, indi həmin layihəni heç 5 trilyona (türk lirəsinin son denaminasiyasından əvvəlki rəqəm - V.T. ) da icra etmək olmaz. Təkcə ərazidəki 351 evi köçürmək üçün nə qədər pul xərclədik. Gördük ki, pul çatmayacaq, heykəltəraş özü gedib "Çimentaş" şirkətindən maddi dəstək istədi və o da sponsorluq etdi. Əslində, həmin şirkət də bizə kələk gəlmək istədi, bildirdilər ki, guya 1,2 trilyon lirə xərcləyiblər. Sərf etdikləri pulun sənədlərini istədik, səslərini kəsdilər.

- Bir halda ki, sonda abidəni sökəcəkdiniz, niyə bu qədər vəsait xərcləyirdiniz? Özü də türk ictimaiyyəti abidənin sökülməsi məsələsində səssiz qaldı, bu isə o deməkdir ki, xalq bu heykəli istəmir...

- Türkiyə hökuməti Azərbaycan tərəfinin maraqlarını qorumaq istədi. Bilirsiniz ki, Türkiyənin neft və qaza tələbatı bu ölkənin hesabına ödənilir. Nə isə, bu suala cavab verməyək. Elə şeylər var ki, onu ictimaiyyətə açıqlamaq olmur. Elə o vaxt tikinti prosesinin yarımçıq qalması da məhz bununla bağlı idi. İctimaiyyət bizdən tikintini niyə yarımçıq saxladığımızın səbəbini soruşurdu, biz də indi dediyim səbəblərdən susurduq. Ona görə də çoxları fəaliyyətimizə şübhə edirdi. Necə deyərlər, "Allahlar qurban tələb edir". Başa düşürdük ki, abidənin ölüm fərmanı verilib.

- Onda belə çıxır ki, sizin min könüldən bağlandığınız abidə tikmə layihənizin yarımçıq qalması və sonda da iflasa uğramasının baiskarı birmənalı şəkildə Azərbaycandır?

- Hər halda belə oldu. Deyirdilər ki, orda tarixi abidələr mövcuddur, tikinti aparıla bilməz. Hansı ki, orada belə bir şey yox idi. Buna baxmayaraq, fikirləşdik ki, park, yol və sair planlarını təxirə salaq, heç olmasa abidəni ucaldaq. Amma aradan iki il keçməmiş lobbilərin fəaliyyəti - Damoklesin qılıncı siyasi qərarını verdi. Deyək ki, bu gün heykəli sökdük, axı onun altına 10 metr dərinliyində, 35 metr radiusda beton özül tökmüşük, bəs onu necə təmizləyəcəklər oradan?

- Eşitdik ki, heykəltəraş Məhmət Aksoy işi məhkəməyə verib, ona kömək edəcəksiniz?

- Təbii ki, edəcəyik. Bir zamanlar Turqut Kazanın da sənət işi ilə bağlı yolu məhkəməyə düşmüşdü, mən onun hüquqlarını qoruya bilməsi üçün əlimdən gələni əsirgəmədim.

- Bu işdə Qars camaatı deyir?

- Bircə söz deyə bilərəm: ola bilər hamının ürəyindəyik, amma nəzərə alın ki, AKP hökuməti xalqa yardımlarını yağlı vədlərini verir. Bu gün AKP Türkiyədə hegemonluq edir. Avropada partiyalara onun proqramına özündə birləşdirdiyi kadrlara görə səs verilir. Bizdə isə əksinə, xarizmatik lider çox önəmlidir.

- Bəzən mətbuatda gedən hansısa məqaləyə görə, guya Qars camaatı Ermənistanla sərhədlərin açılmasını arzulayır. Dediklərinizdən isə belə çıxır ki, onlar üçün ermənilərlə münasibətlərin necə olmasının heç bir fərqi yoxdur...

- Bu gün xalqın gündəmində sənət o qədər də böyük rol oynamır, onların əsas dərdi yoxsulluqdur. İnsanlar nə qədər ki, maddi sıxıntı yaşayırlar, sənət, mədəniyyət onlara yad olacaq. İnsanlar yeməyə çörək tapmır və bu səbəbdən də günü-gündən qiymətdən düşürlər. Gənclər kinoya-teatra gedə bilmirlər, onlardan nə gözləyək? Onlara necə deyək ki, gəlin, "İnsanlıq abidəsi"nin sökülməsinə mane olun? Onlar indi fikirləşirlər ki, necə etsinlər, qışda donmasınlar. Elə məhz onların bu vəziyyətdə yaşamaları AKP hökumətinə öz planlarını icra etməyə imkan verir.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 2 mart.- S. 1, 3.