"Kəlbəcərin təhsili prezidentin qayğısı sayəsində öndədir"

 

Məhəmməd Bağırov: "Bir sıra rayonda "Olimpiadaya hazırlıq mərkəzləri" yaradılıb

 

Əməkdaşımızın Kəlbəcər rayonunun sosial problemləri və görülən işlərlə bağlı yazıları davam edir. Ötən yazımızda da məlumat vermişdik ki, 2010-2011-ci təhsil ilinin ali məktəblərə qəbuluna görə bu rayonun təhsil sistemi ölkə üzrə 9-cu yeri tutub. Bu, qaçqın həyatı yaşayan bir rayonun, onun rəhbərliyinin gördüyü uğurlu işlərin nəticəsidir. Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov da əməkdaşımızla söhbətində məhz bunları bir daha vurğuladı:

- Kəlbəcər rayonundan məcburi didərgin düşən, hazırda respublikanın ayrı-ayrı bölgələrində müvəqqəti məskunlaşan kəlbəcərli köçkün ailələrinin uşaqlarını təhsilə cəlb etmək, müəllim və digər təhsil işçilərini işlə təmin etmək məqsədi ilə 2009-2010-cu dərs ilində 114 ümumtəhsil məktəbi təşkil olunub ki, onların da 95-i orta, 19-u əsas məktəbdir. Dərs ilinin əvvəlində 10 min 432 nəfər şagird təhsilə cəlb olunub. Onlardan 1038 nəfəri I, 799 nəfəri isə X siniflərə qəbul olunanlardır. Bununla yanaşı 2010-cu ildə təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərlə aparılan iş, onların aşkar edilərək üzə çıxarılması, məktəblərin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb ki, bu da əvvəlki illərlə müqayisədə xeyli müsbət nəticənin əldə olunmasına gətirib çıxarıb.

- Nə qədər çətin şərait olsa da, xüsusi istedada malik olan uşaqlar zaman-zaman üzə çıxmağı bacarıblar. Sizdə necə, həmin uşaqlar üçün imkanlar yaradılıbmı?

- Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il, 1414 saylı sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramının (2009-2010)" icrası ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planına əsasən yerlərdə riyazıyyat, fizika, kimya, biologiya fənləri üzrə istedadlı şagirdlər arasında ən istedadlılarını müəyyənləşdirmək məqsədilə, 2010-cu ilin mayında Bakı şəhərində keçirilən təkrar seçimdə rayonu təmsil edən 56 saylı məktəbin IX sinif şagirdi Elçin Əlizadə, 117 saylı məktəbin X sinif şagirdi Qaçay Yusifov, 56 saylı məktəbin XI sinif şagirdi Tural Həsənzadə, 117 saylı məktəbin XI sinif şagirdi Vüqar Kazımzadə, 56 saylı məktəbin X sinif şagirdi Arazxan Əsgərxanov, 117 saylı məktəbin X sinif şagirdi Həsənoğlu Altun, 56 saylı məktəbin X sinif şagirdi İnal Əhmədov isə kimya fənnindən yaxşı nəticələr göstəriblər.

- Bunun üçün yəqin ki, rayonda ilk olaraq fənn olimpiadaları keçirilir...

- Elədir. Rayon üzrə fənn olimpiadalarının məqsədyönlü və sistemli hazırlanmasını təmin etmək məqsədilə, rayonun ümumtəhsil məktəbləri daha çox yerləşən Bakı, Gəncə şəhərlərində, Göygöl, Goranboy, Bərdə, Yevlax, Tərtər rayonlarında "Olimpiadaya hazırlıq mərkəzləri" yaradılıb ki, bu mərkəzlərə səriştəli, peşəkar və yüksək bacarığa malik olan müəllimlər cəlb edilib. Rayonun məktəblərindən 2 nəfər Əliquliyev İsmayıl-Türkel və Lətifzadə Şünasi fənn olimpiadasının respublika turunda iştirak edib. 55 saylı məktəbin X sinif şagirdi Lətifzadə Şünasi Rafiq oğlu ana dili fənni üzrə IV yeri tutub.

- Təhsil sahəsində Kəlbəcər rayonunun uğurları danılmazdır. Buraxılış və ali məktəblərə qəbul imtahanlarında da şagirdləriniz fəallıqları ilə fərqlənirlər...

- Ali məktəblərə hazırlıqla bağlı sınaq imtahanları təşkil olunur. Müəllimlərimiz səylə çalışırlar. Görülmüş qabaqlayıcı tədbirin nəticəsidir ki, buraxılış imtahanlarının nəticəsi bu il də yüksək olub. 2010-cu ildə rayonun ümumtəhsil məktəblərində XI sinif üzrə 666 nəfər, IX sinif üzrə 806 nəfər mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanında iştirak edib. XI sinif şagirdlərindən 562 nəfər (84,4 %), IX sinif şagirdlərindən isə 761 nəfər (94,4 %) müvəffəq qiymət alaraq attestat və şəhadətnamə alıblar. XI sinif məzunlarının 60 %-i yəni, 337 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib ki, onlardan da 145 nəfər ali məktəblərə qəbul olunub. Həmçinin 500 və 600-dən yuxarı bal toplayanların sayı 26 nəfər olub. Onlardan 7 nəfəri 600-dən artıq bal toplayıb.

- Məktəblərinizdə kurrikulumla bağlı hansı tədbirlər görülüb?

- Rayonun ümumtəhsil məktəblərinin I, II siniflərində işlər "Azərbaycan Respublikasında ümumtəhsil konsepsiyası (Milli Kurrikulum)"nın tələbləri istiqamətində qurulub. Siniflərdə dərs aparan müəllimlər kurslarda olublar. Eyni zamanda bütün I və II sinif şagirdləri dərsliklərlə, orada dərs aparan müəllimlər isə vəsaitlərlə tam təmin olunub. 2010-cu ildə də rayonun I siniflərində dərs deyəcək olan müəllimlər respublikanın ayrı-ayrı bölgələrində kurslara cəlb olunublar. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda da yeni məktəblər tikilib, əsaslı və cari təmir işləri aparılıb. 2010-cu ildə 31 və 102, 19, 126, 30 saylı məktəblər üçün yeni məktəb binası tikilib və 78, 9, 123, 79, 29, 89, 98 saylı məktəblərdə təmir işləri aparılıb. Rayonun bütün məktəbləri pulsuz disklər və bədii kitablarla təmin olunub. Eyni zamanda məktəblərdə metodiki iş canlandırılıb, rayonun ümumtəhsil məktəbləri daha çox olan şəhər və rayonlarda, Bakı, Mingəçevir, Gəncə, Bərdə, Tərtər, Goranboy, Göygöl, Yevlaxda metodiki mərkəzin dayaq məntəqələri yaradılıb. Həmin məntəqələrə rayonun qabaqcıl müəllimləri dəvət olunublar. 2010-cu ildə 120 nəfərdən çox müəllim və rəhbər işçi ixtisasartırma kurslarından keçib.

- Regionlarda ixtisas müəllimlərinə yaranan ehtiyac yəqin ki, sizin məktəblərdə də özünü göstərir. Bu problemi necə aradan qaldırırsınız?

- 2009/2010-cu dərs ilində məktəblərdə ixtisas müəllimlərinə olan ehtiyac əvvəlcədən müəyyənləşdirildi. Bununla bağlı Təhsil Nazirliyinə məlumat göndərildi. Ötən dərs ilində 8 nəfər təyinatla, 28 nəfər isə azad təyinatla gələn gənc mütəxəssis Təhsil Nazirliyinin razılığı ilə ehtiyac olan məktəblərdə ixtisasları üzrə işlə təmin olunublar. Bununla yanaşı məktəblərlə yaxından əlaqə saxlamaq məqsədi ilə hər ayın axırıncı həftəsinin 2-ci günü mütəmadi olaraq direktorların seminarı təşkil olunur. Seminarda məktəblə bağlı son yeniliklər direktorlarla müzakirə edilir və onlara çatdırılır.

- Ötən il məcburi köçkün ailələrinin yaşayış yerlərinin dəyişdirilməsi ilə bağlı yəqin ki, təhsil sahəsində də bir sıra çətinlik yarandı. Bu çətinlikləri necə aradan qaldırdınız?

- İlk olaraq qeyd etmək istərdim ki, yaşayış yerlərinin dəyişməsi ilə bağlı şagird kontingenti aşağı düşdü. Bu problemi aradan qaldırmaq üçün 37, 53, 114, 122 saylı məktəblərin yeri dəyişdirilərək məcburi köçkün ailələrinin daha sıx məskunlaşdıqları yaşayış məntəqələrinə köçürüldü. Hazırda rayon üzrə əvvəlki ildə olduğu kimi, 114 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onların da 18-i ümumi orta, 96-sı tam orta məktəblərdir. Bu il məktəblərdə ümumilikdə təhsilə 10 min 93 nəfər şagird cəlb olunub. Onlardan 1096 nəfəri birinci, 665 nəfəri isə X sinifə qəbul olunanlardır.

- Məktəblərdə bu günə kimi yenidənqurma və təmir işləri ilə bağlı hansı tədbirlər görülüb?

- Əvvəlki illərlə müqayisədə cari ildə məktəblərin yeni binalarla və əlavə sinif otaqları ilə təmin olunmasında, yenidənqurma və təmir işlərinin aparılmasında, ümumiyyətlə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində nəzərəçarpacaq irəliləyişlər olub. Belə ki, prezident cənab İlham Əliyevin və onun xanımı millət vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı sayəsində bu günlərdə rayonun 30, 19 və 126 saylı məktəbləri üçün yeni inşa edilən və hər cür avadanlıqlar təmin olunan məktəb binalarının açılış mərasimi keçirilərək, istifadəyə verilib. Çox sevindirici haldır ki, 30 saylı məktəbin açılış mərasimində ölkə prezidenti İlham Əliyev şəxsən özü iştirak edib. Xüsusilə qeyd etmək istərdim ki, bu son 2 ildə üçüncü belə ürək açan hadisədir. Bildirmək istərdim ki, hörmətli deputatımız cənab Cavid Qurbanovun köməkliyi də bizlərə az deyil. Onun köməkliyi sayəsində 115 saylı məktəb üçün 5 əlavə sinif otağı tikilib, 117, 123 saylı məktəblərdə əsaslı təmir işləri aparılıb.

2010/2011-ci dərs ili üçün sinif jurnalları, şəxsi işlər və məktəbli kitabçaları alınıb məktəblərə çatdırılıb. 400 ədəd parta, 14 ədəd şkaf alınaraq məktəblərə verilib, bütün məktəblər kifayət qədər dəftərxana ləvazimatı ilə təmin olunub. 79 saylı məktəb üçün yeni əlavə 2 sinif otağı tikilib, 9, 88, 89 saylı məktəblərdə cari təmir işləri aparılıb, məktəblərin qış mövsümünə hazırlığı ilə əlaqədar yığıncaq üçün vəsait ayrılaraq məktəblərin tələbatına uyğun bölünüb. Rayonumuzda, xüsusilə də təhsilimizdə yaradılmış bu sağlam mühit və inkişaf üçün deputatımız, hörmətli Cavid müəllimə, RİH başçısı Vidadi müəllimə minnətdarıq və əmin etmək istəyirik ki, Kəlbəcər rayon çoxsaylı təhsil işçiləri ölkə prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəkləyəcək, dövlətimizin və dövlətçiliyimizin inkişafı və tərəqqisi naminə Rayon İcra Hakimiyyətinin ətrafında sıx birləşərək, ölkədə aparılan siyasi və quruculuq işlərində həmişə olduğu kimi, bundan sonra da fəal iştirak edəcək.

  

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 2 mart.- S. 6.