Valideyn sevgisindən
məhrum olanlar...
Dövlət qayğısı nə qədər
çox olsa da, ata-ana sevgisini əvəz etmir
Bu gün səhərin
bir daha doğan ağuşuna fərqli hisslərlə
açıram gözümü. Havanın soyuqluğu belə,
içimdəki qığılcımı söndürə
bilmir. Bəlkə də ilk dəfə gedəcəyim məkanın
təsiridir emosiyalarımı bu qədər cuşa gətirən.
Düşünürəm,
görəsən, bu insanların düşündüyüm
və bəlkə də ağlıma belə gətirə
bilmədiyim, amma istəsəm də, istəməsəm də
gözlərindəki o məsum ifadələri görməyə,
onlarla qarşılaşmağa hazırammı?! Bildiyim bir
şey var ki, hətta ən soyuqqanlı insanın belə,
ürəyini mum kimi əridir, o günahsız körpələrin
olduğu yerin duyğulandırıcı anları. Deyirlər
ki, ata-ana tərbiyəsini, valideyn sevgisini və
qayğısını ala bilməyən uşaqlara
bütün bunları gecə-gündüz verir. Bəlkə
də elə bu səbəbdəndir ki, həmin balaca fidanlar
gündüzün işıqlı qollarından, gecənin səssiz,
mehriban ağuşundan alırlar ana qoxusunu, ana istisini, onun
qayğısını, sevgisini, nəvazişini. Yəqin buna
görədir ki, onlar həyatın üzünə daim kədərli,
qəmgin baxışlarla tamaşa edirlər. Baxdıqları
hər nöqtədə bəlkə də bir nisgil, bir ah
qoyurlar məsum körpələr.
Yəqin ki, oxucular
üçün bu dəfə üz tutacağım məkan
artıq məlumdur. Budur, artıq içimdə
fırtınalar qoparan məkanda - uşaq evindəyəm.
Vaxtın necə gəlib keçdiyini anlamadan gəlib
çatdım. Darvazadan keçirəm və çoxlu
uşağın mənə tərəf
baxdığını hiss edirəm. Bir anlıq
uşaqlıq günlərim gözlərim
qarşısında canlanır. Gəldiyim yeri vaxtilə,
balaca yaşlarımda olduğum uşaq bağçasına bənzədirəm,
lakin elə deyilmiş. Bura uşaq bağçası yox,
uşaq evidir. Valideynləri tərəfindən tərk
edilmiş uşaqların evi! Yolumuza davam etməzdən
öncə diqqətinizə çatdırım ki, baş
çəkdiyim 2 nömrəli Uşaq Evində olan
uşaqlar da, digər həmyaşıdları kimi, valideyn
qayğısından məhrum olsalar da, dövlətin daim nəzarətindədirlər.
Onlar daim dövlətin diqqətindədirlər
Son zamanlar insan
hüquqlarının qorunması istiqamətində nəzərəçarpacaq
xeyli iş görülür. Bunlardan ən ümdəsi isə
kimsəsiz uşaqlara göstərilən diqqətdir. Bu
istiqamətdə görülən işlərdən
ağızdolusu danışmaq olar. Belə ki, respublikamız
bir sıra sənədlərə qoşulmaqla ölkəmizdə
uşaq hüquqlarının qorunması istiqamətində tədbirlər
həyata keçirib. 2009-cu il 18 mart tarixində Azərbaycan
Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin
edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi
(referendum) nəticəsində konstitusiyanın 17-ci maddəsinə
valideynləri və ya qəyyumları olmayan, valideyn
qayğısından məhrum olan uşaqların dövlətin
himayəsində olması, uşaqları onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə
törədə bilən fəaliyyətə cəlb etmək,
o cümlədən 15 yaşına çatmayan
uşaqların işə götürülməsinin
qadağan edilməsi, uşaq hüquqlarının həyata
keçirilməsinə dövlətin nəzarət etməsi
ilə bağlı mühüm müddəalar daxil edilib. Bu
da təbii ki, ölkəmizdə müxtəlif qrup
uşaqların hüquqlarının müdafiəsinə və
təminatına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən
məktəblərin, uşaq evləri və
bağçaların inşası, onların yenidən
müasir tələblərə uyğun şəkildə
qurulması, həmçinin digər sahələrdə də
görülən işlər, gerçəkləşdirilən
layihələr, proqramlar isə özünün uğurlu nəticələri
ilə hamıda böyük sevinc və razılıq hissi
oyadıb. Bu sahədə görülən ən mühüm
tədbirlərdən biri də, əlbəttə ki, uşaq
evlərinə göstərilən qayğıdır.
"Burada gələcəyin ən qabiliyyətli
şəxsləri yetişir"
Bəli, 2 saylı
Uşaq Evindəyəm. Müşahidələrim davam edir.
Yaxınlaşırıq direktorun otağına. Bizi onun
müavini qarşılayır - Məxmər Ağayeva.
M.Ağayeva ilə söhbətə uşaq evinin
yaranmasından başlayırıq: "Bu uşaq evi dövlət
tərəfindən 2000-ci ildə yaradılıb. Elə həmin
gündən də daim nəzarətdədir. Heydər Əliyev
Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyeva da
bura gəlib, uşaqların yaşayışı, ümumi vəziyyəti
ilə yaxından tanış olub. Onu da qeyd edim ki, hazırda
bizim uşaq evində 126 uşaq var. Buraya qəbul olunan
uşaqlar 3 yaşdan yuxarı olmalıdır. Yəni bizdə
yaş həddi 3 - 16 yaşdır. Amma onu da nəzərinizə
çatdırım ki, elə yeniyetmələr var, 18
yaşı tamam olsa da, getməyə yeri olmadığı
üçün burada qalır". Məxmər xanımla
söhbətimizə uşaqların gündəlik rejimi,
onların gördükləri gündəlik işlərlə
bağlı davam edirik: "Məktəblilər
yaxınlıqdakı 282 saylı məktəbdə təhsil
alırlar. Onların günləri isə belə
başlayır: saat 7-də yuxudan dururlar. Saat 8-ə kimi yeməklərini
yeyib, hazırlaşıb dərsə gedirlər. İkinci
növbədə axşam saat 10-un yarısına kimi təmizlik
işlərini görürlər. Uşaqlar boş
vaxtlarında müxtəlif məşğələlərdə
olurlar. Məsələn, televizora baxırlar, idmanla məşğul
olur, oyun oynayırlar. Burada rəqs, ingilis dili, kompyuter, idman, musiqi,
bacarıqlı əllər, bədii naxış və
başqa dərnəklər var. Hətta "Ağ
çiçəklər" adlı rəqs qrupumuz da fəaliyyət
göstərir. Hər bazar günü isə valideynlərlə
görüş olur. Çünki burada elə uşaqlar var
ki, valideynindən yalnız biri var, lakin imkansızlıq
üzündən həmin valideyn uşağına baxa bilmir.
Belə valideynlər ara-sıra uşaqlarını görməyə
gəlirlər". Məxmər Ağayeva onu da bildirdi ki, əsas
məqsəd burdakı uşaqların cəmiyyət
içinə çıxması, kənardakı insanlarla
ünsiyyətdə olmalarıdır: "Biz əsas fikrimizi
tərbiyəyə yönəldirik, təhsilə isə məktəb
cavabdehdir. Məktəbi bitirənlərdən müxtəlif
ali məktəblərdə təhsil alanları var.
Buradakı uşaqlar da dərslərindən əlavə
müxtəlif məşğələlərdə iştirak
edirlər. Burada gələcəyin həkimləri, müəllimləri,
hüquqşünasları, rəssamları, rəqqasları,
idmançıları və s. yetişir. Hazırda 36
saylı uşaq musiqi məktəbində də 9
uşağımız təhsil alır. Onların gələcəkdə
öz bilik və bacarıqları ilə Azərbaycanı
dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə
cəmiyyətin müstəqil, tanınmış, nüfuzlu üzvü
kimi formalaşacaqlarına inanıram".
Hədiyyələrlə günahını yuyan analar
Dünyanın hər
bir ölkəsində övladsız olan, həyatı boyunca
övlad sevgisi ilə alışıb-yanan valideynlər var.
Lakin bununla yanaşı, bir tərəfdə də Allahın
bu gözəl nemətinə xor baxıb, aparıb öz
körpəsini uşaq evlərinə atan vicdansız ata-analar
da var. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər
evinə hər hansı qəza nəticəsində valideynlərini
itirdiyi üçün düşüblər, amma bu o qədər
də çox deyil. Bu uşaq evində də elə
uşaqlar var ki, anası ola-ola bu sevgidən məhrum
qalıb. Rizvan da belələrindəndir. Atası və
anası ailə münaqişəsi zəminində
ayrılıb, atasından heç bir xəbər yoxdur.
Anası isə günahını yumaq məqsədilə bir
müddət bir neçə hədiyyə ilə gəlib,
sonradan isə bunu da tərgidib. Niyə? Bu sualın cavabı
insanın ürəyini inanılmaz dərəcədə
ağrıdır. O gül qoxulu balasını başqa bir
adamla ailə qurduqdan sonra tamamən unudub. Məlum məsələdir,
yeni həyat yoldaşı icazə verməyib. Beləsinə
"ana" belə deməyə adamln dili gəlmir. Lakin
çox təəssüf ki, belə qadınlar çoxluq təşkil
edir.
"Anamın şilləsi mənə buradakı
qayğıdan daha əzizdir"
Bu uşaqların fərqli
taleləri ürəyimin ən incə yerindən yaralayır
məni. Hər uşaq haqqında eşitdikcə, göz
yaşlarım biixtiyar süzülür yanaqlarıma.
İnana bilmirəm ki, insan doğma balasından
özünü, həmin körpədən isə öz
sevgisini necə məhrum edə bilər?! Corc da bu evin sakinlərindəndir.
Onun yaraşıqlı üzü qədər daxili də
gözəldir. Onun da buradakı bəzi uşaqlar kimi
anası var. Lakin anası ruhi xəstə olduğundan Corca
baxa bilmir. Həssas qəlbli bu uşaq uşaq evindəki
qayğıdan nə qədər razı olsa da,
anasının isti qucağını diləyir. Corc
üçün anasının şilləsi belə burada
gördüyü sevgidən üstündür. Bir-birindən
fərqli, bir o qədər də ürəkağrıdan
taleli uşaqlar çoxdur 2 saylı Uşaq Evində, lakin
onları yalnız bir şey birləşdirir. Onlar bu uşaq
evinin, həm də elə bu cəmiyyətin
uşaqlarıdırlar. Onlar bacı-qardaş kimi
mehribandırlar. Çünki həyat hekayələri
müxtəlif olsa da, sonda yenə də onları birləşdirən
bir nöqtə var - valideyn qayğısından, valideyn
sevgisindən məhrumdurlar.
Artıq uşaq evində
görüşümüzün son anlarıdır. Bura
maraqlı yerdir. Bu uşaqlarla görüşmək nə qədər
ağırdırsa, onlardan ayrılmaq daha da
ağırdır.
Sağollaşıb
çıxarkən beynimdən qarışıq fikirlər,
ağlımdan isə insanlara nəsihət vermək
keçir. Körpələrinizi - balaca
fidanlarınızı çölə atmayın,
çünki onlar Allahın bizə verdiyi ən gözəl
hədiyyədir. Onlar bizim gələcəyimiz, sabaha olan
inamımızdılar. O uşaqların yerində olmaq istərdinizmi?
Bir az düşünün... Məncə yox, siz bunu
düşünmək belə istəməzsiniz!
Sevda Zahidqızı
Həfət içi.- 2011.- 3 mart.- S. 6.