Ermənistanı dünyaya işğalçı kimi
tanıtmalı: Azərbaycanın
səsi haqqın səsidir
Dağlıq Qarabağ üçün muxtariyyət
platforması
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli dalana dirənib.
ATƏT-in Minsk Qrupu özünün hazırladığı
"Madrid prinsipləri"ni Ermənistana qəbul etdirə
bilmir. 2010-cu il də münaqişənin həllinə yenilik
gətirmədi. Azərbaycan Rusiyanın son il yarımdakı
fəal vasitəçiliyindən
işğalçını geri addım atmağa məcbur edəcəyini
gözləyirdi.
Ancaq İrəvan əvvəlkitək
işğal altındakı torpaqların boşaldılmasını,
məcburi köçkünlərin geri
qayıdışını Dağlıq Qarabağın
statusunu müəyyənləşdirəcək referenduma
bağlayır.
Başqa sözlə,
erməni separatçıları anlaşma sənədinə
referendum tarixini müəyyənləşdirəcək bəndin
salınmasını istəyirlər. Bu isə mümkün
deyil. Çünki referendumla bağlı dəqiq tarixin
göstərilməsi Dağlıq Qarabağın Azərbaycandan
qoparılması deməkdir. Məsələ
burasındadır ki, azərbaycanlı məcburi
köçkünlər Dağlıq
Qarabağa qayıtsalar
belə, bölgədə
nisbət ermənilərin
xeyrinə olacaq və bu halda,
istənilən səsvermə
separatçıların xeyrinə
olacaq. Təsadüfi deyil ki, Azərbaycan
prezidenti İlham Əliyev 2009-cu ilin iyul ayında Rusiyanın "RTR" televiziya
kanalına müsahibəsində
həll planındakı
referendum maddəsinin izahını belə verdi: "Referendum 10 il, 20 il, 100 il sonra keçirilə
və ya heç keçirilməyə
də bilər". Bu o deməkdir
ki, rəsmi Bakı heç zaman Dağlıq Qarabağın Azərbaycandan
ayrılmasına yol açan referendumun keçirilməsinə "yaşıl
işıq" yandırmayacaq.
Muxtariyyətlər
xalqları birləşdirir, onları yaxın edir, separatçıların
müstəqillik tələbləri isə dövlətləri
müharibəyə sürükləyir. Aparılan tədqiqat
araşdırmaları göstərir ki, muxtariyyətlər
tarixdən aldıqları acı dərsləri doğru dəyərləndirərək,
sonrakı illərdə qarşıdurmaya yox, əməkdaşlıq
və qarşılıqlı anlaşma yollarına
üstünlük veriblər. Bu yol həm muxtar qurumları, həm
ərazilərində yerləşdikləri dövlətləri,
həm də bölgəni mümkün təlatümlərdən
qurtarıb. Deyilənlər Dağlıq Qarabağ
münaqişəsinə də aiddir. Azərbaycan prezidenti
İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda Kral Beynəlxalq
Münasibətlər İnstitutundakı
çıxışında ATƏT-in Minsk Qrupu həmsədrlərinin
təkliflərində müstəqilliyə nail olmaq
üçün mexanizmlərin olmadığını, ancaq
aralıq statusunun mümkünlüyünə bu sözlərlə
işarə etmişdi: "Fakt ondan ibarətdir ki,
Dağlıq Qarabağ bu günə qədər heç bir
ölkə, o cümlədən Ermənistan tərəfindən
tanınmayıb. Bu, aydın şəkildə onu göstərir
ki, müstəqillik mümkün deyil. Nəyə nail olmaq
olar? Dağlıq Qarabağın erməni və azərbaycanlı
icmaları arasında sülh şəraitində birgə
yaşamasına nail olmaq olar". Bu o deməkdir ki,
Dağlıq Qarabağda iki icma hələlik status müəyyənləşmədən
də birgə yaşaya bilər. Ermənilərə nə
lazımdır? Dağlıq Qarabağın Ermənistana
çıxış imkanı olsun, beynəlxalq təhlükəsizlik
təminatı alsın, idarəedici orqanları fəaliyyət
göstərsin. Bu istəkləri Azərbaycan Dağlıq
Qarabağdakı erməni icmasına verməyə
hazırdır. Azərbaycana nə lazımdır? İşğal
altındakı torpaqlar boşaldılsın, qaçqınlar
yurd-yuvalarına qayıtsınlar, Dağlıq Qarabağda
yaşayacaq azərbaycanlıların təhlükəsizliyi təmin
olunsun və bölgədə referendum keçirilməsin. Aralıq
statusu bütün bunların bir arada olmasına şərait
yaradır. "Madrid prinsipləri"ndə yer alan aralıq
statusunun varlığı da məhz bundan ibarətdir ki,
bölgənin dəqiq statusu müəyyənləşmədən
də sülh anlaşmasının imzalanması
mümkündür. Rəsmi İrəvan aralıq statusuna
razılaşsa da, bu mərhələnin konkret nə vaxta qədər
uzanacağı tarixini müəyyənləşdirmək istəyir.
Bu istək isə sülh planının qəbulunu əngəlləyir.
Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə Rusiyanın
"RTR" televiziya kanalına müsahibəsində daha bir
iddia ortaya atdı. O, yalnız Dağlıq Qarabağın
statusu müəyyənləşəndən sonra azərbaycanlı
qaçqınların geri qayıda biləcəyini söylədi.
Ermənistan prezidenti bu mövqeyini onunla izah edirdi ki, guya azərbaycanlı
qaçqınların statusdan əvvəl geri
qayıtmaları bölgədə yeni münaqişə
ocağı yarada bilər. ATƏT-in Minsk Qrupunun indiyə qədər
mövcud olan bütün həll planlarında azərbaycanlı
qaçqınların geri qayıtması Dağlıq
Qarabağın statusunun müəyyənləşməsindən
əvvələ təsadüf edir. Yeniləşdirilmiş
"Madrid prinsipləri"ndə də bu belədir. Məntiqlə
azərbaycanlı qaçqınların hamısı
Dağlıq Qarabağa qayıtsa belə, ermənilər nisbət
etibarı ilə bölgədə çoxluq təşkil edəcək
və istənilən səsvermədə üstünlüyə
malik olacaqlar. Onda Sarkisyan nədən ehtiyat edir?
Görünür, Ermənistan prezidenti geri qayıdan azərbaycanlı
qaçqınların Dağlıq Qarabağın
"müstəqillik" tələbləri ilə
barışmayacağından və tarixi hələ bəlli
olmayan referendumu boykot edəcəklərindən qorxur. Bu, bir
növ ermənilərin misal çəkdiyi Kosovo modelinə bənzəyir.
Kosovoda kompakt şəkildə yaşayan serb azlıq alban
çoxluğun müstəqilliyini və hakimiyyətini
tanımayaraq Serbiyanın qanunlarına tabedirlər. Eyni ilə
Şuşa və ətraf kəndlərdə kompakt şəkildə
yaşayan azərbaycanlılar da müstəqilliyə
çalışan Xankəndinin təlimatlarına tabe
olmayacaq, özləri müstəqil fəaliyyətə
baş vuracaqlar. Bu halda
isə erməni separatçılarının özləri
daxili "separatçılıqla"
üzləşəcəklər.
Erməni
azlığı Azərbaycanın daxilində öz müqəddəratını
həll etməyə iddialıdırsa, eynilə azərbaycanlı
azlığın da Dağlıq Qarabağın daxilində
öz müqəddəratını müəyyənləşdirmək
hüququ meydana çıxacaq. Ermənilər daxili
"separatçılığı" güc yolu ilə həll
etməyə çalışsalar, məsələyə Azərbaycan
ordusu qarışmalı olacaq. Və bununla da yenidən 20 il əvvəlki
duruma qayıdacağıq. Ancaq bu dəfə
separatçıların bölgənin azərbaycanlı əhalisini
yurdlarından qovması imkanları xeyli azalacaq. Görünür,
buna görə də Sarkisyan indidən özünü
sığortalamaq və hadisələrin deyilən istiqamətdə
inkişafından çəkindiyi üçün "əvvəl
status, sonra qaçqınlar" deyir. Ancaq bu prinsipi nəinki
Azərbaycan, beynəlxalq aləm də qəbul etməz. Dağlıq
Qarabağın statusunun konkretləşməsi tələbi ən
yaxşı halda münaqişənin həllinin uzanması, ən
pis halda isə atəşkəsin mütəmadi pozulması
hallarının çoxalması və münaqişənin
yenidən alovlanması mərhələsinə keçməsi
deməkdir. Ona görə də həmsədrlər ilkin mərhələdə
Dağlıq Qarabağ üçün aralıq statusu təklif
edirlər ki, münaqişəni nizamlamaq mümkün olsun.
Nə etmək
lazımdır ki, Ermənistan Dağlıq Qarabağın
yüksək muxtariyyət statusuna razılaşsın? Azərbaycan
prezidenti İlham Əliyev açıqlamalarında bir fikrin
üzərində xüsusi dayanır ki, Dağlıq
Qarabağa dünyada mövcud olan istənilən muxtariyyət
statusu verilə bilər. Beynəlxalq aləmdə uğurlu
muxtariyyət modelləri kifayət qədərdir. Bu sırada
Rusiyanın tərkibində Tatarıstan, Ukraynada Krım,
Finlandiyada Aland adaları, Böyük Britaniyada Şimali
İrlandiya, İspaniyada Kataloniya, İtaliyada Cənubi Tirol və
Triest kimi modelləri göstərmək olar. Bu muxtariyyətlərin
hər birinin böyük səlahiyyətləri var, yerli
parlament və bələdiyyələrə malikdirlər. Bircə
xarici siyasət və təhlükəsizlik məsələləri
mərkəzə tabedir. Əslində, Azərbaycan da eyni
statusu Dağlıq Qarabağa verməyə hazırdır. Bu
baxımdan, Azərbaycanın muxtariyyət modelləri istiqamətində
təbliğatını genişləndirməyə ehtiyac
var. Avropa Birliyi Cənubi Qafqazın hər üç dövləti
ilə sıx münasibətlər qurub. Azərbaycan,
Gürcüstan və Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq
Proqramının üzvüdürlər. Hər 3 ölkə
proqram çərçivəsində Avropa Birliyi ilə
sıx inteqrasiya olunmaq istəyir. Ermənistanın bu
inteqrasiyaya daha çox ehtiyacı var. Çünki Azərbaycandan
fərqli olaraq, kasıb Ermənistanın Avropa Birliyi
strukturlarının investisiya proqramlarına ehtiyacı var.
Avropa Birliyi
Komissiyasının sədri Joze Manuel Barrozu 2011-ci ilin yanvar
ayında Azərbaycana səfəri zamanı birmənalı
şəkildə vurğuladı ki, Avropa Birliyi Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
tərəfdardır. Bundan əvvəl isə Avropa Parlamenti də
eyni məzmunlu qətnamə qəbul etmişdi. Demək, əgər
Avropa Birliyinin həm qanunverici, həm də icraedici orqanı
Azərbaycanın ərazi bütövlüyünü əməli
şəkildə dəstəkləyirlərsə,
adıçəkilən qurumların Dağlıq Qarabağ
münaqişəsinin mərhələli həll variantına
(əvvəlcə işğal altındakı torpaqlar azad
edilir, köçkünlər evlərinə qayıdır,
bölgənin təhlükəsizliyinə təminat verilir, o
biri mərhələdə isə statusla bağlı
danışıqlara başlanılır) dəstəklərini
təmin etmək lazımdır. Bunun üçün Avropa
Birliyi ölkələrində aşağıdakı tədbirlərin
keçirilməsinə ehtiyac var:
- Avropa Birliyi ölkələrinin
tanınmış beyin mərkəzləri ilə birgə
"Geniş muxtariyyətlər və onların Cənubi
Qafqaza tətbiqi yolları", "Muxtariyyətlərin
üstünlükləri" mövzularında konfrans və
seminarlar keçirilməsi məqsədəuyğundur. Tədbirlərdə
Avropanın muxtariyyətlər üzrə tanınmış
alim və ekspertlərinin dəvət edilməsi zəruridir;
- Dünyada mövcud
olan hər bir muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiqi
imkanları araşdırılır və bununla bağlı
Azərbaycan, rus və İngilis dillərində seriya kitablar
nəşr olunur və bu nəşrlər Avropa ölkələrində
də yayılır;
- ABŞ, Avropa, Rusiya və
Gürcüstan alimlərindən ibarət "Muxtariyyət"
platforması təsis edilir. Platformanın muxtariyyət modelini
dəstəkləyən erməni alimlər üçün
açıq olduğu da elan edilir.
"Muxtariyyət"
platforması Dağlıq Qarabağ üçün uyğun
muxtariyyət modeli üzərində elmi
çalışmalar apararaq nəticələrini dünya
ictimaiyyətinə elan edir. "Muxtariyyət"
platformasına qonşu Gürcüstanın da fəal
qatılmasını təşkil etmək lazımdır. Çünki
Gürcüstan da Abxaziya və Cənubi Osetiya münaqişələrinin
torpaq bütövlüyü çərçivəsində
həllinə alternativ görmür. Məsələn, vaxtilə
rəsmi Tiflis İtaliyanın tərkibində olan Cənubi
Tirol muxtariyyətinin Abxaziya və Cənubi Osetiyaya tətbiqi
məqsədilə ATƏT ekspertləri ilə çox
sıx əməkdaşlıq edib. Azərbaycan və
Gürcüstan iki müttəfiq dövlətdir. Hər iki
dövlətin elm adamlarının, ekspertlərinin və
jurnalistlərinin muxtariyyət modelləri üzərində
birgə çalışmalara sövq edilməsi Ermənistanı
daha çıxılmaz duruma sürükləyəcək.
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 2011-ci il Novruz bayramı münasibətilə
keçirdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması
ilə bağlı müsabiqəyə təqdim etmək
üçündür.
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 3 mart.- S. 7.