İki günlük
beynəlxalq seminar başa çatdı
"Media etikası, şəffaflıq və redaksiya
müstəqilliyi" ilə bağlı bəyannamə
imzalandı
"Azərbaycan
mediasında redaksiya azadlığı, etika və şəffaflıq"
mövzusunda iki günlük beynəlxalq konfrans dünən də
işini davam etdirib. Beynəlxalq Jurnalistlər
Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun,
Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar
İttifaqının və "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsinin Avropa Komissiyasının maliyyə
dəstəyi ilə reallaşdırdıqları "Etik
jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi
çərçivəsində keçirilən konfransda
xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri
rəhbərləri, jurnalist təşkilatları nümayəndələri,
dövlət rəsmiləri və ictimai-siyasi xadimlər
iştirak edirdilər.
Konfransın ikinci
günündə keçirilən birinci sessiyaya
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin
Şıxlı sədrlik etdi. "Azərbaycan mediasında
redaksiya müstəqilliyi" mövzusundakı sessiyada əsas
çıxışı "525-ci qəzet"in baş redaktoru
Rəşad Məcid edərək, redaksiyanın müstəqilliyindən
danışmaq üçün ilk növbədə iqtisadi
müstəqillikdən danışmağın lazım
olduğunu dedi. Son illərdə reklama 20-25 milyon manat vəsaitin
ayrıldığını deyən baş redaktor bunun 2
milyonunun qəzetlərin payına düşdüyünü
qeyd etdi. Siyasi partiyaların qəzet təsis etmək
hüququnun da məhdudlaşdırılmasına ehtiyac
olduğunu deyən R.Məcid rəsmi qurumların bu qədər
qəzetə sahib olmasının qəzetçilik fəlsəfəsinə
yad olduğuna diqqət çəkdi. Onun fikrincə, ölkədə
bir rəsmi qəzetin çıxması kifayətdir: "Hər
nazirlik, dövlət qurumu və ya hansısa siyasi partiya bir qəzet
açır. Belə qəzetlər də yalnız onların
təbliğatı ilə məşğul olur. Bu halda isə
redaksiya müstəqilliyindən söz açmaq belə
düz deyil. Biz belə bir təklif irəli sürmüşük
ki, KİV haqqında qanunda müvafiq məsələ ilə
bağlı maddə çıxarılsın, nazirliklərə,
siyasi partiyalara belə bir səlahiyyət verilməsin".
Rəşad Məcid
mediada redaksiya müstəqilliyinin iqtisadi müstəqilliklə
əlaqədar olduğunu dedi: "İqtisadi müstəqillik
olmasa, hansısa redaksiya öz fikrini deməkdə çətinlik
çəkəcək. Sponsorların, təsisçilərin
istədiklərini etməyə məcbur olacaq. Bu baxımdan
reklam bazarı da arzuladığımız səviyyədə
deyil".
Daha sonra konkret
mövzular üzrə çıxışlar oldu. "Redaksiya
müstəqilliyi söz azadlığının əsas
atributudur" mövzusunda çıxış edən
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli
bildirdi ki, redaksiya müstəqilliyinə xələl gətirən
amillərdən biri də tarixi amillərdir. O, bildirdi ki,
redaksiya müstəqilliyini şərtləndirən bir
neçə amil var: "Müstəqilliyin ilk illərində
yaranan mətbuat siyasi mübarizənin ruporu kimi
çıxış etdi və mətbuatın sonrakı
inkişaf mərhələsində də bu özünü
göstərdi. Redaksiyanın müstəqilliyi jurnalistin
özünün müstəqilliyindən irəli gəlir.
Jurnalist özü müstəqil olsa, qapalı bir mühitdə
belə öz fikirlərini ifadə etməyə imkan tapacaq. Redaksiyanın müstəqilliyi
həm də ictimai münasibətlərdən
irəli gəlir".
"Yeni Nəsil"
Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Redaksiya
müstəqilliyi sahəsində xarici təcrübə"
mövzusunda çıxış etdi. Media müstəqilliyinin
ilk növbədə redaksiya və jurnalistlərin müstəqilliyindən
asılı olduğunu deyən A.Əliyev Azərbaycanda
adambaşına düşən reklamın məbləğinin
çox az-0,26 sent olduğunu söylədi və 1 dolların
normal göstərici olduğunu ifadə etdi. A.Əliyev
redaksiya müstəqilliyinin təmin olunması
üçün xarici ölkələrdə olduğu kimi həmrəylik
institutlarının yaradılmasına ehtiyac olduğunu
vurğuladı. O, qeyd etdi ki, bu gün media orqanlarının əksəriyyəti
müstəqil olmaq istəmirlər, bundan qorxurlar:
"Müstəqil olmaq redaksiyada elə bir məsuliyyət
doğurur ki, bu çox böyük peşəkarlıq, cəsarət
tələb edir".
"Medianın siyasiləşməsi
redaksiya müstəqilliyinə necə təsir edir"
mövzusunda çıxış edən "Xalq Cəbhəsi"
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə
siyasiləşmiş media ifadəsi ilə
razılaşmadığını bildirdi. O, reklam
bazarının yoxluğunu azad rəqabətin olmaması ilə
əlaqələndirdi. Birinci sessiyanın son
çıxışını "Bakı xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev "Redaksiya müstəqilliyi
"Bakı xəbər" qəzetinin təcrübəsində"
mövzusunda etdi. O, bildirdi ki, qəzetlərin partiyalı
olması redaksiya müstəqilliyi üçün ciddi maneədir.
Fasilədən sonra konfrans işini davam etdirdi. "Yeddi Millət Bir Millət" Konseyinin başqanı Azər Həsrət mətbuatın
reklam bazarına diqqəti yönəltdi.
O, qəzetlərə reklam
verilməməsində mətbu
orqanların özlərinin
də müəyyən
qədər maraqlı
olmadığını dedi:
"Qəzet rəhbərliyi
müasir texnologiyanın
yeniliklərindən bəhrələnməklə
bu sahəni canlandıra bilər. Unutmamalıyıq ki, artıq
internet media yazılı medianı
üstələməkdədir və yalnız reklamı gücləndirməklə
bu vəziyyətdən
çıxış yolu
tapmaq olar".
Beynəlxalq Jurnalistlər
Federasiyası katibinin müavini Oliver Money Kirle isə
çıxışında nəinki Azərbaycanda, eləcə
də dünyada bir çox məşhur mətbu orqanların
reklam sarıdan korluq çəkdiyini dedi. Onun sözlərinə
görə, Azərbaycan mətbuatında qəzetlərə
reklam verilməsi səviyyəsinin aşağı olması qəzetlərin
sayının çox, tirajının isə aşağı
olmasıdır. O, Money Kirleyə görə, 9 milyon əhalisi
olan bir ölkə üçün 4 min qəzetin
mövcudluğu həddindən artıq çoxdur.
Ölkənin bir
çox qəzet redaktorlarının müzakirələri ilə
dava edən tədbirin sonunda Azərbaycan media etikası, şəffaflıq
və redaksiya müstəqilliyi bəyannaməsi imzalandı.
Naibə
Həftə içi.- 2011.- 4 mart.- S. 5.