Azərbaycan mediası və qadın
Jurnalistikadakı xanımlar kişi həmkarlarının
onlara qısqanclıqla yanaşdıqlarını deyirlər
Bu gün
8 Mart - Beynəlxalq Qadınlar
bayramıdır. Qeyd edək ki, hazırda
Azərbaycan əhalisinin
4 milyon 602 min nəfərini
təşkil edən qadınların əksəriyyəti
təhsil, səhiyyə
sektoru ilə yanaşı, həm də jurnalistikada çalışır. Bayram
ərəfəsində Azərbaycan
mətbuatının aparıcı
xanım jurnalistləri
bizimlə fikirlərini
bölüşüblər.
"Azerbaydjanskie
İzvestiya" qəzetinin
baş redaktoru Gülnarə Hüseynova:
"Azərbaycan jurnalistikasında
qadınların rolu həmişə yüksək
olub. Xanımlar jurnalistika sahəsində də fədakarlıq göstəriblər. Bu mənada
onlar cəmiyyətə
nümunə olublar. Amma etiraf etmək
lazımdır ki, qadınların fəallığına
baxmayaraq, hansısa yüksək postda əyləşməsində müəyyən
problem var. Bunun əsas
səbəbi isə kişilər tərəfindən
xanımların hüquqlarının
pozulması, fəal qadınların sıxışdırılmasıdır.
Hesab edirəm ki, jurnalistikadakı kişilər xanımları
sıxışdırmasalar, onda bu sahənin
zərif cinsinin nümayəndələri daha
böyük uğurlara
nail ola bilərlər".
"Azərbaycan"
nəşriyyatının baş
direktor müavini Bəsti Şahbazqızı:
"Hazırda Azərbaycan jurnalistikasında çalışanların
əksəriyyəti xanımdır.
Bu da onu göstərir ki, qadınlarımız digər
sahələrdə olduğu
kimi jurnalistikada da fəaldırlar. Eyni zamanda, son illər Azərbaycan qadınlarının ictimai-siyasi
fəallığı da
artıb. Milli Məclisdə, yerli özünüidarəetmə orqanlarında
təmsil olunan xanımların sayı çoxalıb. Yəni, qadınlara hansısa sahədə, eləcə
də jurnalistikada uğur qazanmaq üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə, xanımlardan fəallıq
və dinamika tələb olunub".
"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay: "Təxminən 100 il bundan əvvəl Azərbaycanda
"İşıq" adlı
qəzet nəşr edilib. Həmin mətbu orqanın baş redaktoru isə Xədicə Əlibəyova olub. Deməli, hələ o dövrdə Azərbaycan qadını cəmiyyətdə
savadı, biliyi, mübarizliyi ilə seçilib və öz hüquqları uğrunda vuruşub. Savadlı qadın isə savadlı ana, yaxşı tərbiyəçi deməkdir.
Təbii ki, belə xanımların yetişdirdiyi övlad cəmiyyət üçün
həmişə yararlı
vətəndaş olur.
Bu baxımdan xanımlarımızın
savadlı olması, ictimaiyyətdə fəallıq
göstərməsi çox
zəruridir. Amma o gündən bu günə çox sular axıb, vəziyyət xeyli fərqlidir, mətbuata verilən azadlıq
KİV-də xaos yaradıb, kimin-kim olduğu bilinmir. Məhz belə bir şəraitdə jurnalistikada qadınlarımızın
təşkilatlanması çox
vacibdir. Axı, xanımların missiyası
həm də ətrafda səliqə-sahman
yaratmaqdır. Bu mənada
indi qadınların jurnalistika sahəsində səliqə-sahman yaratmasına
ciddi ehtiyac var".
"Azərbaycan
qadını" jurnalının
redaksiya assistenti və müəllifi Laura Cəbrayıllı: "Bu gün
qadınları cəmiyyətin
bütün təbəqələrində
və işlərində
görürük. Onların
arasında böyük
alim, yazıçı,
rəssam, həkim qadınlarımız var. Elə
"dördüncü hakimiyyət"də
də nə qədər öz yolu, məqsədi, oxucusu olan istedadlı
qadınlar tanıyırıq.
Onlarsız jurnalistikanı,
yaradıcılığı təsəvvür etmək
adamın heç ağlına gəlmir. Çoxları dilimizdə
cəmi beş hərfdən ibarət olan sözlə yanaşı, gücsüz
bir məxluq deməkdən özünü
saxlaya bilmir, amma qadınlar heç vaxt gücsüz olmayıb.
Anaya və xüsusən
də Azərbaycan anasına kim gücsüz deyə bilər? Zərurət yarananda, onların köməyinə ehtiyac hissi olanda qadınların
nə qədər güclü olduğu üzə çıxır.
Şübhəsiz ki,
qadınlar cəmiyyətdə
getdikcə daha fəal mövqe tuturlar. Onların müxtəlif vəzifələrdə
təmsil olunmasında
bu fəallıq özünü istər-istəməz
büruzə verəcək
və verir də. Əlbəttə, qadınlar, xüsusən də Azərbaycan qadınları ailəyə,
yeni nəslin təlim-tərbiyəsinə daha
çox diqqət yetirirlər. Amma qadınların ən gözəl xüsusiyyəti
budur ki, onlar çalışmaqdan
yorulmur, işin çoxluğundan qorxmurlar.
Yəqin elə ona görə də ən "işli-güclü" və
dinamik sahə olan jurnalistikada qadınların sayı belə çoxdur".
Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının
prezidenti Sevil Yusifova: "Bu gün Azərbaycan jurnalistikasında
qadınların fəaliyyətini
yüksək qiymətləndirirəm.
Elə 8 Mart - Beynəlxalq
Qadınlar bayramı ilə bağlı biz də xanım jurnalistləri mükafatlandırmağı
düşünürük. Amma bir məqamı
vurğulayım ki, bu gün jurnalistikada
çalışanların əksəriyyəti xanımlar
olsa da, kişilər onların hansısa vəzifə tutmasına qısqanclıqla
yanaşırlar. Məsələn,
Mətbuat Şurasında
yalnız bir xanım jurnalistin təmsil olunması, aparıcı telekanal rəhbərlərinin ancaq
kişilər olması
bunun əyani sübutudur. Bu mənada düşünürəm ki,
qadın jurnalistlərə
müəyyən qədər
imkan yaradılsa, onlar daha böyük
uğurlara imza ata bilərlər".
Milli.Az xəbər
portalının baş
redaktoru Sevda İlhamqızı: "Azərbaycan
mediasında qadınların rolu kifayət
qədər fəaldır.
Media orqanlarının qadın
rəhbərləri, fəal
xanım jurnalistlər
xeyli saydadır. Azərbaycan mətbuatının
banisi kişi olsa da, onun
həyat yoldaşı
Hənifə xanım
Həsən bəyin ən yaxın köməkçisi, həmfikiri
olub. Ziyalı, savadlı qadınlarımız
cəmiyyətin dayaq sütunudur. Sağlam toplumu onlar formalaşdırır,
bilikli, dünyagörüşlü
gənc nəsli onlar yetişdirirlər. Jurnalistlərin də üzərinə eyni missiya düşür. Cəmiyyətin irəli getməsində, gündəlik
yaşamında jurnalistlərin
rolu əvəzsizdir. Öz təcrübəmdən
görürəm ki, qadınlar heç də kişi həmkarlarından az iş görmür, bəzən hamıdan daha çox fədakarlıqlar edirlər.
Bu baxımdan düşünürəm
ki, mediada qadın aparıcı qüvvədir. O, texniki işlərdən tutmuş
ən qaynar nöqtələrdən reportajlara
qədər, hər işi bacarır. Amma bu, o demək
deyil ki, onlar cəmiyyətin başqa sahələrinə
müraciət etsələr,
uğursuzluğa düçar
olarlar. Axı, ordumuzda, hüquq-mühafizə
sistemində, idmanımızda
da qadınlar yüksək səviyyədə
təmsil olunurlar. Bu baxımdan Azərbaycan xanımına hansısa məhdudiyyət qoyulmasa,
o istənilən sahədə
özünü doğrultmağa
qadirdir".
"Novosti Azerbaydjan"
beynəlxalq informasiya
agentliyinin baş direktoru Gülnarə Məmmədzadə: "İnformasiya texnologiyaları əsrində
qlobal reallıqların
sürətlə dəyişdiyi,
yüksək peşəkarlıq
kriteriyalarının tələb
olunduğu bir vaxtda qadınların bu proseslərdəki rolunu fərqləndirmək
bir qədər çətindir. Lakin ümumilikdə
kommunikasiya sahəsində, genişmiqyaslı siyasi və
sosial layihələrə rəhbərlikdə lider
qadınların rolu həqiqətən də artıb. Bu, Azərbaycana
da aiddir. Təbii ki, həm də müsbət amildir. Çünki
məhz qadınlar özlərinin təbii keyfiyyətlərinə
arxalanaraq rəhbərlikdə daha çevik metodlar tətbiq
edə, mövcud münaqişələri azalda və ətrafda
harmoniya yarada bilirlər. Digər tərəfdən
qadınların rəhbər postlarda saylarının çox
olmaları cəmiyyətin ümumilikdə inkişaf səviyyəsinə
də müsbət təsir göstərir. Tolerantlığın
səviyyəsini artırır. Konkret nümunələrə
nəzər salsaq, qadınların rəhbərlik etdiyi
uğurlu layihələri görə bilərik. Bu KİV-ə
də aiddir. Düzdür, müasir dünyada belə rəhbər
postlarda kəmiyyət baxımından qadınlar kişilərə
uduzur. Lakin bu prinsipcə normaldır. Çünki
qadınlara hələ də daha çox ana və ailə
ocağının qoruyucusu kimi baxırlar. Bu xarakter tək Azərbaycan
üçün yox, digər cəmiyyətlər
üçün də keçərlidir. Əsas odur ki, cəmiyyətdə
lider qadınların formalaşması üçün şərait
yaradılsın".
Sevinc Osmanova
Həftə içi.- 2011.- 8-9 mart.- S. 1, 5.