Soçi görüşü
dünya mətbuatında
Martın 5-də
Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli istiqamətində üçtərəfli
görüşü keçirilib. Qeyd edək ki, bu
görüş də əvvəlkilər kimi böyük səbirsizliklə
gözlənilirdi və ondan konkret nəticələrin ortaya
çıxacağı proqnozlaşdırılırdı. Bu
gözləntilər özünü nə dərəcədə
doğrultdu? Hansı konkret nəticələr var? Beynəlxalq
ekspertlər və mətbuat bu suallara cavab tapmağa
çalışıb. Qeyd edək ki, Soçi
görüşü dünyanın bir çox aparıcı
KİV orqanları tərəfindən də böyük diqqətlə
izlənilib.
"Trud" qəzeti
Qəzetdə yer alan məqalədə
vurğulanır ki, bu, belə formatda Rusiya prezidentinin təşkil
etdiyi 8-ci görüşdür. Bu görüşlərdə
məqsəd isə Dağlıq Qarabağdakı gərginliyi
azaltmaqdır. MDB ölkələri İnstitutunun Cənubi
Qafqaz bölməsinin rəhbəri politoloq Feliks Stanevski qəzetə
açıqlamasında vurğulayıb ki, martın 5-də təşkil
olunan görüşün əsas məqsədi dialoq atmosferi
yaratmaq idi: "Əgər biz Azərbaycan və Ermənistan
arasında müharibənin olmasını istəmiriksə,
bu cür görüşlər qaçılmazdır. Dövlətlər
ərazi münaqişəsinin həllini müxtəlif
cür görürlər. Sarkisyan Dağlıq Qarabağda
referendum tələb edir. Bu təbiidir, çünki orada
yaşayanların əksəriyyəti hazırda ermənidir. Əliyev
isə ərazi bütövlüyünü tələb edir. Lakin
Rusiya olmadan danışıqlar aparmaq mümkün deyil".
Məqalədə Madrid prinsipləri, bu müddətə qədər
aparılan danışıqlar barədə də məlumat
verilir. Vurğulanır ki, tərəflərdən heç
biri güzəştə getmək istəmir. Qəzet bir daha
iddia edir ki, Medvedevin görüşü təşkil etməsində
əsas məqsəd məhz Soçi olimpiadası ərəfəsində
Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin
qarşısını almaqdır.
Strateji
Proqnozlaşdırma Mərkəzinin direktoru Anatoli Siqanok:
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqlar, sadəcə,
danışıqlar xatirinə aparılır. Bu problemlə
bağlı ilk olaraq erməni və azərbaycanlı
qaçqınların məsələsi öz həllini
tapmalıdır. 2-ci Dünya müharibəsindən sonra
Avropada 50 milyon qaçqın var idi. Onların hamısı ilə
bağlı ümumi qaydalar qəbul edildi. Bu qaçqınlar
yaşadıqları yerlərdə mənzil və işlə
təmin olundular. Avropa Birliyi Dağlıq Qarabağa
münasibətdə də bu təcrübədən istifadə
etməlidir. Qurum qaçqınlara
olduqları yerlərdə
yardımlar göstərməlidir.
Rusiyalı politoloq Sergey
Markedonov: "Soçi görüşündə Ermənistan,
Rusiya və Azərbaycan prezidentləri Həştərxandakı
nöqtəyə qayıtmaq barədə
razılaşıblar. Bu səbəbdən münaqişənin
həlli ilə bağlı aparılan danışıqlarda
hansısa irəliləyiş yoxdur. Bir müddət keçəndən
sonra tərəflər yarım il əvvəl razılaşdıqları
məqama qayıtmaqla kifayətləniblər. Lakin ümidləri
kəsmək lazım deyil. Bu gün danışıqlar
formatının saxlanılmasına nail olunması
öz-özlüyündə pis nəticə deyil. Bu həm
müharibə ehtimalına görə cəmiyyətində
narahatlıq yaşanan Azərbaycan, həm də mövcud vəziyyətdə
90-cı illərin əvvəllərində əldə etdiklərini
itirmək qorxusu ilə yaşayan Ermənistan, həm də
tanınmamış Dağlıq Qarabağ rejiminə sərfəlidir.
Bu cür vəziyyət Rusiyaya da sərf edir. Çünki
müharibə başlayacağı təqdirdə Moskva
Bakı və İrəvan arasında seçim etməli
olacaq ki, bu da Rusiyanın Cənubi Qafqazda mövqelərini təhlükə
altında qoyar. Vaşinqtona da bölgədə müharibə
əlverişli deyil. Çünki Cənubi Qafqaz ABŞ
üçün həm Əfqanıstan, həm də
Yaxın Şərqlə bağlı çox vacib ölkə
sayılır".
"Deutsche Welle" qəzeti
Almaniyanın
tanınmış qəzetində də Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllində
Soçidə keçirilən görüşlə
bağlı geniş material dərc edilib. Məqalədə
vurğulanır ki, Azərbaycan və Ermənistan qısa
müddətdə bütün hərbi əsirlərin
mübadiləsini başa çatdıracaqlar.
Qəzet üç
ölkə prezidentinin görüşünün yekun bəyanatının
müddəalarını açıqlayır. Daha sonra yerli
ekspertlərin bu görüşlə bağlı fikirlərinə
yer ayırır. Erməni politoloq Aleksandr İskəndəryan
Soçi bəyannaməsini ciddi irəliləyiş
adlandırır. Onun sözlərinə görə, Azərbaycan,
Rusiya və Ermənistan prezidentlərinin bəyanatı faktiki
olaraq hücum etməmək öhdəliyi deməkdir: "Ona
necə əməl ediləcəyi və gələcəkdə
cəbhə xəttindəki durumun necə olacağı
ayrı məsələdir. Lakin Azərbaycan prezidentinin bəyanatında
verdiyi söz də uğur sayılmalıdır". Politoloq
Rasim Musabəyov isə sənədin elə bir əhəmiyyət
daşımadığını söyləyib. Onun sözlərinə
görə, bu sənədin cəbhə xəttində atəşkəs
rejiminə ciddi əməl olunmasına təsir edəcəyinə
də tam əmin deyil.
"Mediafaks" agentliyi
Soçi
görüşü ilə bağlı bu saytdakı məqalədə
isə bildirilir ki, danışıqlar prosesinin dalana dirənməsi
Rusiya prezidenti Dmitri Medvedevi heç də narahat etmir. "Belə
bir təəssürat oyanır ki, Kremlin başlıca vəzifəsi
münaqişə bölgəsində mövcud status-kvonu
saxlamaqdır. Yəni Ermənistana heç bir halda Azərbaycanın
20 faiz ərazisini boşaltmağa imkan verməmək, Azərbaycanın
isə öz rayonlarını azad etmək üçün hərbi
əməliyyatlara başlamasının
qarşısını almaq. Soçidəki son sammit bir daha
Rusiyanın həmsədr kimi bu fəlsəfəsini ortaya
qoydu" - məqalədə belə vurğulanır. Birgə
bəyanata gəldikdə isə vurğulanır ki, orada Azərbaycan
və Ermənistanın üzərinə düşən, sadəcə,
iki öhdəlik var. Hərbi əsirləri tez dəyişmək
və bütün mübahisəli məsələləri
dinc yolla həll etmək.
Fransanın "AFP" agentliyi
Soçi
görüşü ilə bağlı məlumatda
vurğulanır ki, bu sammit bir neçə ay davam edən gərginlikdən
sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsini
dinc yolla həll etməyə meyilli olduqlarını göstərir:
"Soçi bəyanatı Azərbaycanın müharibə
hədələri, Ermənistanın isə adekvat cavab verəcəyi
ilə bağlı fikirlərinin fonunda imzalanıb". Məlumatda
daha sonra Azərbaycanın müdafiə nazirinin son bəyanatları
xatırladılır, Dağlıq Qarabağ münaqişəsinin
yaranma səbəbləri sadalanır. Tarixi xronikaya da yer
verilir.
Azad Əliyev
Həftə içi.- 2011- 8-9 mart.- S. 1, 3.