"İnsanların peşə fəaliyyətini inkişaf etdirmək lazımdır"

 

Mahmud Seyyidi: "İstəyirik ailələr yardım almağa deyil, özlərini müstəqil şəkildə dolandıra bilməyə alışsınlar"

 

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlardan biri İranın İmam Xomeyni İmdad Komitəsidir. Qurumun Azərbaycanda nümayəndəliyi 1993-cü ildə təsis olunub. Elə o vaxtdan başlayaraq da respublikamızda qaçqın məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə, ailə başçısını itirmiş, tənha, kimsəsiz sair bu sıradan olan isanlara əl tutur, bacardığı qədər onların ehtiyaclarını ödəməyə səy göstərir.

Əlbəttə ki, gündəlik tələbatlarını ödəyə bilməyən insanlara göstərilən bu cür qayğı, hər halda, aztəminatlı təbəqənin bir qisminin yaşamaq hüququna hörmət sayıla bilər. Bizim İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi ilə görüşüb, haqqında söz açdığımız humanitar fəaliyyəti müzakirə etməyimizin səbəbi də məhz aztəminatlı ailələrin üzləşdiyi çətinliklərə çıxış yolu aramaq idi.

"17 ildir ki, Azərbaycanda aztəminatlı təbəqədən olan insanlara yardım edirik. Hətta bölgələr üzrə 4 regional mərkəz yaratdıq ki, insanlar əlavə maddi xərc və vaxt sərf edib Bakıya gəlməsinlər. Məhz onların rahatlığını təmin etmək üçün Bakıdan əlavə, Gəncə, Lənkəran və Göyçayda da ofislərimizi açmışıq", - deyən M.Seyyidi bildirdi ki, müsəlman olaraq, Azərbaycanda yaşayan din qardaş və bacıların harayına yetişmələri onların mənəvi borcudur. Komitə rəhbəri bu yerdə, hətta Məhəmməd Peyğəmbərdən bir sitat da gətirdi - "Bir müsəlman ki, öz müsəlman qonşusunun harayını eşidib, köməyinə yetişmədi, o, müsəlman deyil".

M.Seyyidi dedi ki, qurumun fəaliyyət proqramı ildən-ilə yeniləşir. Yəni builki proqram ötən illərdəkindən fərqlidir. Fikrini əsaslandıran komitə sədrinin sözlərinə görə, əgər onlar əvvəllər öz fəaliyyətlərini daha çox insanlara humanitar yardım göstərmək üzərində qurmuşdularsa, hazırda əsas qüvvələrini həmin adamların maddi gəlir əldə etmələrinə, özlərini dolandıra biləcək iş yerləri tapmalarına kömək göstərməyə yönəldiblər. "Azərbaycanda yaratdığımız 4 regional mərkəzin hər birində 1700 ailə qeydiyyatdadır. Bizim qurumun nəzdində yaradılmış Həzrət Əli adına klinika həmin ailələrin üzvlərinə təmənnasız tibbi yardım göstərir. Hətta nəzərinizə çatdırım ki, həmin klinikada gündə 100-dən artıq insan müayinə olunur", - deyən komitə sədri əlavə etdi ki, bəli, onların məqsədi təminatı zəif olan qaçqın və məcburi köçkün, ailə başçısını itirmiş, şəhid və əlil ailələrinə məşhur məsəldə deyildiyi kimi, "balıq tutmağı öyrətməkdir". Yəni insanları müəyyən vaxt ərzində yardım almağa deyil, özlərini müstəqil şəkildə dolandıra bilməyə alışdırmaq istəyirlər. Hətta M.Seyyidi bildirdi ki, 2 mindən artıq ailə məhz bu proqram əsasında özünü dolandıra biləcək əmək fəaliyyəti ilə təmin olunub. Vaxtaşırı respublikamızın müxtəlif bölgələrində əmək birjaları təşkil olunur və hər bir işsiz insan həmin tədbirə qatılaraq özünə sərfəli iş yeri seçmək imkanı qazanır. Maraqlıdır, bəs İmdad Komitəsinin qayğı göstərdiyi ailələr iş yerlərini hansı prinsiplər əsasında seçirlər? Bu suala M.Seyyidi belə aydınlıq gətirir: "Komitəmizin qeydiyyatında olan ailələr işi öz bacarıqlarına uyğun seçirlər. Onlardan kimi mal-qara saxlamaq, kimi isə quşçuluq, arıçılıq, toxuculuq, xalçaçılıq və sair sahələrlə məşğul olmaq istəyir. Eyni zamanda, şəhər yerlərində taksiçiliklə, dulusçuluqla məşğul olmaq, qapı-pəncərə sexləri açmaq və sair istəyənlər də çoxdur. Onlar məhz öz seçimlərinə uyğun olaraq müraciət edirlər, biz də bacarıqlarına, əmək imkanlarına baxıb, qiymətləndiririk və maddi dəstək veririk", - deyən komitə sədri onu da əlavə etdi ki, onlar insanlara krediti uzun müddətə, özü də heç bir faiz almadan verirlər. Bu isə imkansız ailələrinə arzuladıqları sahədə gəlirli fəaliyyətlə məşğul olmalarına yaxşı imkan yaradır. Hətta komitə sədri bir neçə ürəkaçan faktlar da göstərdi: "Məsələn, ailələrdən birinə öz istəyinə uyğun olaraq 10 baş qoyun, digərinə 2 baş yanıbalalı inək alınıb. Aradan 2 il ötəndən sonra artıq qoyunların sayı 50 - 60 başa çatmışdı. İnək aldığımız ailənin həyətində isə 4 - 5 baş inək vardı. Özü də onlar komitəmizdən aldıqları kreditləri ödəyəndən sonra bu qədər mal-qara sahibi olmuşdular". Yeri gəlmişkən, onu da bildirək ki, İmdad Komitəsi kredit ayırdığı ailələri müəyyən müddətdə nəzarətində saxlayaraq, verdiyi vəsaitin məqsədyönümlü xərclənməsinə diqqət yetirir. Bu məqsədlə qurumun ekspertləri vaxtaşırı həmin ailələrə baş çəkərək, onların vəziyyəti ilə maraqlanırlar.

M.Seyyidi bir maraqlı xəbər də verdi. Bildirdi ki, qeydiyyata aldıqları qaçqın və məcburi köçkün, şəhid və əlil, ailə başçısını itirmiş ailələri ev avdanlığı ilə təmin edirlər. Onun sözlərinə görə, İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi bu proqramın icrasına Novruz bayramı ərəfəsində başlayacaq və artıq təxminən 150 belə ailə üçün ev avadanlıqları alınıb. Humanitar təşkilat, eyni zamanda, qeydiyyatında olan ailələrin ərə gedən qızlarına mebel və texniki avadanlıq da daxil olmaqla hər cür cehiz əşyası verir, oğlanlara isə yüksək səviyyədə toy edir.

İmdad Komitəsinin Azərbaycanda fəaliyyətinin bir istiqaməti də tibb sahəsini əhatə edir. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə Həzrət Əli adına klinika fəaliyyət göstərir ki, burada komitənin qeydiyyatına alınmış insanlara imkanlar daxilində təmənnasız tibbi yardım göstərilir. Amma M.Seyyidi bildirdi ki, bura maddi imkanından asılı olmayaraq, ölkənin bütün vətəndaşları müraciət edə bilərlər və edirlər də.

M.Seyyidi ilə insanların qeyd etdiyimiz kimi, acınacaqlı vəziyyətə düşməmələri üçün çıxış yolu da aramaq istədik. İmdad Komitəsinin İraq, Suriya, Livan, Əfqanıstan və sair kimi bölgə ölkələrində də nümayəndəliyi fəaliyyət göstərir. Ona görə də bu qurumun həmin ölkə xalqları ilə iş təcrübəsindən yararlanaraq, insanların rifahı naminə qanunvericilikdə hansı addımların atılmasının vacibliyini M.Seyyididən soruşduq. Müsahibimiz bildirdi ki, Azərbaycanda bu müstəvidə dövlət səviyyəsində çox mühüm addımlar atılıb. İnsanlara qocalığına və əlilliyinə görə pensiya və təqaüdlər kəsilir, Heydər Əliyev Fondu vətəndaşların rifahı naminə mütəmadi şəkildə humanitar aksiyalar keçirir və sair: "Azərbaycanda ailələrin belə duruma düşməsinə Qarabağ müharibəsi, ölkə ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal olunması çox böyük təsir göstərib. İnşallah, müharibə başa çatacaq, torpaqlar azad olunacaq, təbii ki, insanlar öz ev-eşiklərinə qayıdacaqlar və bununla da əzab-əziyyət sona çatacaq. Özü də yadınızda qalsın ki, Azərbaycan xalqı çox çalışqan və zəhmətkeşdir. Elə bu xüsusiyyətinə görə də digər xalqlardan fərqlənir. Məhz bu keyfiyyətini nəzərə alaraq insanların peşə fəaliyyətini inkişaf etdirmək lazımdır. Belə olarsa, haqqında danışdığımız ailələr kiminsə verəcəyi yardıma ümid bağlamamaqla öz zəhmətləri hesabına yaşamağı öyrənəcəklər". Pensiya və təqaüdlərdən söz düşmüşkən, M.Seyyidi onu da bildirdi ki, bəzi ölkələrdə pensiyalar ilin əvvəlində, birdəfəlik formada verilir. Ona görə də insanlar cəm şəkildə aldıqları həmin vəsaiti hansısa fəaliyyət sahəsinə yönəldərək, özlərinə gəlirli iş yeri tapırlar. Komitə sədri buna misal olaraq dedi ki, məsələn, İranda dövlət 50 milyon insana hər ay 40 dollar həcmində maddi yardım verir. Bu isə onların gəlirli əmək fəaliyyət ilə məşğul olmalarına müsbət təsir göstərir.

  

  

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 8-9 mart.- S. 4.