Azərbaycanda uğurlu gender siyasəti aparılır
Qadın peşəkarların fəaliyyəti cəmiyyətin
dinamik və harmonik inkişafına gətirib
çıxarır
Azərbaycan
qadını ölkənin ictimai-siyasi həyatında daima
mühüm yer tutub. O, bütün dövrlərdə öz
istedadı, zəkası, ağlı və iradəsi ilə
milli mənəvi dəyərlərimizin qorunub
saxlanılması və yaşadılmasında müstəsna
xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin
bir çox parlaq səhifələri Azərbaycan
qadınının adı ilə bağlıdır.
Həmişə
olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda
fəal mövqedə duran qadınlarımız müstəqil,
demokratik dövlət quruculuğunda səylə
çalışır, sosial-iqtisadi inkişaf sahəsində
əllərindən gələni əsirgəmirlər. Bu
gün elə qadınlar var ki, öz işində, xüsusən
siyasətdə, biznesdə heç də kişilərdən
geri qalmır, əksinə, daha çox nailiyyətlərə
imza atırlar.
Dövlət müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın
hüquqlarının qorunması üzrə demək olar ki,
bütün mühüm beynəlxalq sənədlərə,
o cümlədən 1992-ci ildə BMT-nin "Qadınların
siyasi hüquqları", 1995-ci ildə "Qadınlara
qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması" üzrə
Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə
Protokoluna qoşulub. Artıq qətiyyətlə demək olar
ki, Azərbaycan hökuməti gender siyasəti sahəsində
müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin
həyata keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı
ilə Qadın problemləri üzrə Dövlət Komitəsi
yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi).
Komitənin qadınların hüquqlarının qorunması
və ölkəmizin sosial-siyasi həyatında onların
iştirakının artırılmasında müstəsna
rolu var.
2000-ci ilin martında Azərbaycan
Respublikası Prezidenti "Azərbaycan Respublikasında
dövlət qadın siyasətinin həyata keçirilməsi"
haqqında fərman imzalayıb. Bu sənəd
Respublikamızın bütün dövlət strukturlarında
qadın və kişilər arasında bərabərliyin təmin
olunması, müvafiq dövlət proqramlarının
hazırlanması ilə qaçqın və məcburi
köçkün qadınların işlə təmin olunması,
gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən
baxılmasını nəzərdə tutur. Bu fərman
artıq bir sıra bölgələrdə həyata
keçirilir.
2000-ci ilin iyun ayında
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan
Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci
illər üçün Milli Fəaliyyət Planı" qəbul
edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin
Strategiyası əsasında hazırlanıb. Proqram siyasət,
iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə
sahələrini, eləcə də qaçqın və məcburi
köçkün qadınların problemlərini əhatə
edir.
Beynəlxalq təşkilatlarla
əməkdaşlıq
Azərbaycan hökuməti
genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB
(Demokratik Təsisatlar və İnsan Haqları Bürosu),
AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edir. Hazırda, Bakıda və Azərbaycanın digər
bölgələrində qadınların siyasətə cəlb
olunması və qərar qəbul etmə proseslərində
iştirakı sahəsində müxtəlif layihələr həyata
keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində
ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq
təşkilatlardan biri də BMT-nin Qadınlar
üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin
UNİFEM-lə əməkdaşlığı
"Qadınlar Cənubi Qafqazda münaqişələrin
qarşısının alınması və sülh
yaradılması uğrunda" adlı regional layihə
çərçivəsində həyata keçirilib. Layihə
əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri
ilə tərəfdaşlıq şəraitində həyata
keçirilib və gender bərabərliyi və
qadınların səlahiyyətlərinin genişləndirilməsi
məqsədi daşıyıb. Azərbaycan gender bərabərliyinin
təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və
DTİHB ilə də yaxından əməkdaşlıq edir. Son
illərdə DTİHB tərəfindən Azərbaycanda
qadınların ictimai-siyasi fəallığının
artırılması məqsədilə bir sıra layihə
("Qadın liderliyi və siyasi
iştirakçılığı", "Qadınlara
qarşı zorakılığın qarşısının
alınması") həyata keçirilib. DTİHB tərəfindən
həyata keçirilən layihələr nəticəsində
nazirliklər, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə,
Bakı şəhər İcra Hakimiyyətini əhatə edən
dövlət qurumlarında çalışan
qadınların şəbəkəsi yaradılıb. Şəbəkənin
bir sıra "dəyirmi masa" və seminarları
keçirilib.
Milli gender strategiyasında yeni yanaşma
Qadınların ölkənin
sosial, siyasi və ictimai həyatında zəif
iştirakının digər səbəbi isə cəmiyyətdə
qadının rolunu daha çox ailə ilə əlaqələndirən
ənənəvi stereotiplərin olmasıdır. Bu cür vəziyyət
milli gender strategiyasında yeni yanaşmanın
yaranmasını tələb edir. Hazırda ölkədə
gender strategiyasını inkişaf etdirmək
üçün milli mexanizm yaradılır və hökumətin
fəaliyyətinə gender aspekti daxil edilir.
Azərbaycan hökuməti
beynəlxalq səviyyədə də qadın
hüquqlarının təşviqində fəal iştirak
edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
təşəbbüsü ilə Bakıda "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
adlı beynəlxalq forum keçirilib. Eyni zamanda, 2010-cu il
24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan
ölkələrin gender məsələlərinə məsul
nazirlərinin "Gender bərabərliyinin de-yure və de-fakto
təmin edilməsi" mövzusuna həsr edilmiş VII
konfransı keçirilib ki, həmin konfransda Avropa
Şurasının üzv dövlətlərinə tövsiyələr
və fəaliyyətlər üzrə Tədbirlər
Planı qəbul edilib.
Sevindirici haldır ki,
dövlət və hakimiyyət orqanları qadın problemlərinə
diqqəti gücləndirirlər. Bu sahədə görülən
işlər müvafiq dövlət strukturlarının, o
cümlədən qeyri-hökumət təşkilatları və
beynəlxalq təşkilatların diqqətindədir.
Qadınların idarəçilikdə yeri
Bu gün
qadınlarımız həm də qərar qəbuletmədə
xüsusilə fərqlənirlər. Xatırladaq ki,
2004-cü ildə bələdiyyə üzvlərinin cəmi
4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm
26,5 faizə qalxıb. Bu gün Azərbaycanda parlament sədrinin
üç müavinindən biri, parlamentin 125 deputatından
20-si, İnsan Hüquqları üzrə müvəkkil
(Omdusman), 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət
Komissiyasının sədri, 4 nazir müavini, Konstitusiya Məhkəməsinin
sədr müavini və 1 hakimi qadındır.
Qadın məsələsindən
danışarkən qadın qeyri-hökumət təşkilatlarının
da rolunu qeyd etməmək olmaz. Hazırda ölkədə 90-a
yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət
göstərir. Dövlət rəhbərliyinin vətəndaş
cəmiyyətinin inkişafına hərtərəfli dəstək
verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin
genişlənməsi üçün etibarlı zəmin
formalaşdırır. Artıq sübut olunub ki, qadın
peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və
harmonik inkişafına gətirib çıxarır.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 8-9 mart.- S. 6.