Bu gün "Yel çərşənbəsi"dir
Novruz çərşənbələrindən
ikisini - Su və Od çərşənbələrini
artıq geridə qoymuşuq. Bu gün isə "yel çərşənbəsi"dir.
Xalq arasında bu çərşənbəyə "yel
çərşənbəsi", "yelli çərşənbə",
"küləkli çərşənbə", "hava
çərşənbəsi", "külək oyadan
çərşənbə" də deyirlər.
"Yel çərşənbəsi"
yelin təzəcə çıxmış otları oyadaraq,
Novruzun gəlişi barədə xəbərdar etməsi ilə
bağlıdır. Tədqiqatlara görə, "yel çərşənbəsi"ndə
əsən soyuq və isti küləklər yazın gəlişindən
xəbər verir. Gün ərzində küləyin bir
neçə dəfə dəyişməsi onun
özünün təmizlənməsi kimi qəbul edilir. Bu
çərşənbə axşamında sanki mürgüdən
oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir.
"Yel çərşənbəsi"ndə əsən
mehin də, küləyin də daxilində bir hərarət
olur. Qədim adətə görə, bu çərşənbədə
qəfəsdə saxlanılan quşları və
heyvanları azadlığa buraxmaq lazımdır. Xüsusən
qeyd edək ki, artıq Novruz bayramına
yaxınlaşdıqca havada olan dəyişkənliklər də
tam sezilməyə başlanılır. Bu da əkinçilikdə
və kənd təsərrüfatı ilə məşğul
olan insanların həyatında mühüm rol oynayır. Bayramın
gəlişi özünü son çərşənbələrdə
daha çox büruzə verməyə başlayır.
Üçüncü
çərşənbə sayılan "yel çərşənbəsi"
digərlərindən insanların fəaliyyətlərinə
və adət-ənənələrində əks olunan fərqliliklərə
görə seçilir. Məhz bu çərşənbə
günü bütün evlərdə təmizlik işlərinə
başlanılır. Xüsusən qadınlarımız,
qızlarımız evdə tam mənada təmizliyə riayət
etməyə başlayırlar. Hər bir xanım evindəki
yorğan-döşəyi havaya atır və onun təzə
gələn bahar nəfəsilə yenilənməsini,
çıxan günəşin təsiri altında daha da təmizlənməsini
istəyirlər. Həmçinin evlərdə hər tərəf
silinib təmizlənir, palazlar, xalçalar
çırpılır, şüşələr, pəncərələr
silinir. Əlbəttə, bölgələrdə bayramın hər
bir elementi özünü daha yaxşı büruzə verir və
daha dərindən qeyd edilir. Şəhərdə müəyyən
qədər müasirlik və şəraitin az olması
baxımından bunlar unudulub. Ümumiyyətlə, insanlar
yelin, yəni küləyin onlara xoş və şirin təəssüratlar
gətirəcəyinə inanırlar. "Yel çərşənbəsi"ndə
əsən küləklər bir gün ərzində bir
neçə dəfə istiqamətini dəyişir. Hətta
küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək
mümkündür. Bu da əvvəlki çərşənbə
olan "od çərşənbəsi"ndə qeyd
etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbədə
də, digərlərində olduğu kimi, hamının
qapısında, həyətində tonqallar qalanır. Eyni ilə
digər çərşənbələrdə olduğu kimi,
yenə insanlar bu tonqalların üzərindən
tullanırlar.
Çərşənbələr
barəsində astroloq Firudin Qurbansoyun fikirlərini öyrəndik.
Astroloq bizimlə söhbətində bildirdi ki, çərşənbə
axşamlarında tonqal qalanması, göyə yanar fişənglər,
lopa atılması ululardanqalma qədim el adətidir:
"Tonqal qalamaq, odun üzərindən tullanmaq, lopa
fırlayıb göyə atmaq əski mifik
dünyagörüşü ilə bağlıdır. İşığın,
günəşin gücünə inanan qədim insan odun,
alovun köməyi ilə mənfi səciyyəli
yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik
gətirən, yaşayışa sıxıntı verən
şər qüvvələri
qovub-uzaqlaşdırmağın mümkünlüyünə
inanırdı. Onlar məhz bunun üçün tonqal
qalayırdılar. Burada bütün məqamlarda od günəşin
rəmzi kimi düşünülürdü. Çillədən
- qışdan çıxmaq üçün tonqal, od
yandırılması əslində dolayısı ilə həm
də Günəşin, yazın
çağırılması mərasimidir. Bu aktın
icrası zamanı "ağırlığım,
uğurluğum odda yansın" söylənməsi də əski
təsəvvürlə çillədən, qışın
ağrı-acısından qurtulmaq üçün oda -
mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti
ilə bağlıdır".
F.Qurbansoy hesab edir ki, əslində,
çərşənbələr "axır" yox,
"ağır" çərşənbələrdir:
"Təncim elminə görə, həftənin çərşənbə
günləri ağır günlər hesab olunur. Çünki
bu günün səyyarəsi Bəhram, yəni Mars səyyarəsidir
ki, bu da anlaşılmazlıq, ziddiyyət simvoludur. Ümumiyyətlə,
çərşənbə günlərində insanlar bir-biri
ilə münasibətdə aqressiv olurlar. Bir-birinə kompromisə
getməyi bacarmırlar, çalışırlar ki, bir-birinin
sözünü kəssinlər və öz həqiqətlərini
sübut etsinlər.
Naibə
Həftə içi.- 2011.- 8-9 mart.- S. 6.