10 yaşlı Mirpaşa fransızları ağlatdı

 

O 1 saylı Ağdam Uşaq Musiqi Məktəbinin yetirməsidir

 

Musiqi təkcə insana zövq vermir, həm də onun mənəviyyatını zənginləşdirir, dünya görüşünü artırır. Bir dili, bir imanı, bir dini var musiqinin. O da çayların, bulaqların, şəlalələrin şırıltılarına qovuşaraq bəşər insanlarını özündə birləşdirir, saflaşdırır, təmizləşdirir. Milli musiqimizi inkişaf etdirən və istedadlıları üzə çıxararaq, onları özündə cəm edən, yetişdirən isə şübhəsiz musiqi təhsili ocaqlarıdır.

Cabbar Qaryağdıoğlu adına Ağdam 1 saylı Uşaq Musiqi Məktəbi də belə təhsil ocaqlarından biridir və 1940-cı ildən fəaliyyət göstərir. Adıçəkilən musiqi məktəbində həmişə istedadlılar yetişib. Respublikamızın əksər korifey sənətçiləri, xalq artisti tarzən Ramiz Quliyev, gitaraçı Rəmiş (Rafiq Hüseynov), Milli Konservatoriyanın dekanı, dosent Vaqif Əbilqasımov, tanınmış tarzən və bəstəkar Aydın Mehralıyev, Ağdam musiqi texnikumunun direktoru Laura Ağayeva, Xan Şuşinski adına Ağdam rayonlararası Muğam məktəbinin direktoru, əməkdar incəsənət işçisi Rayiq Rüstəmli, 35 saylı Bakı musiqi məktəbinin direktoru Yusif Vəliyev, Milli Konservatoriyanın prorektoru, əməkdar incəsənət xadimi Oqtay Quliyev, Azərbaycan Pedaqoji Universitetinin musiqi kafedrasının dossenti Adil Vəliyev, Tacir, Azəri Günel və başqaları bu musiqi məktəbinin yetirmələridir.

Həmin təhsil ocağı 17 ildir köçkün həyatı yaşayır. Üzləşdiyi çətinliklərə baxmayaraq, 1 saylı Ağdam Uşaq Musiqi Məktəbi bu gün də öz şöhrətini, nüfuzunu qoruyub saxlayır. Həmin ənənələri özündə yaşatmaqla əsl istedadlıları seçib üzə çıxarır. Bir sözlə, məktəbdə Cabbar Qaryağdıoğlunun davamçıları yetişir.

Bu yeniyetmə davamçılardan biri də məlahətli, bal səsilə könülləri fəth edən Mirpaşa Şükürovdur. O, 2001-ci ildə anadan olub. Atası Mustafa Şükürov Qarabağın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib, 2 dəfə ağır bədən xəsarəti alıb, əlildir. Mirpaşa da həmişə atası ilə fəxr edir və çalışır ki, həyatda ona layiq oğul olsun, doğma Qarabağımızın, Ağdamımızın və bütövlükdə vətənimiz Azərbaycanın adını həmişə uca tutsun. Onun uğurlarından biri də ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bu il fevral ayının 17-də Fransanın paytaxtı Paris şəhərində, Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə keçirilən möhtəşəm konsertdə iştirakıdır. 10 yaşlı, yurd həsrətli Mirpaşa "Qarabağ şikəstəsi"ni oxuyaraq Parisin gül-çiçəklə bəzədilmiş "Gavo" zalını yerindən titrətdi. Və öz yanıqlı səsi ilə tədbirdə iştirak edən fransızları belə, heyrətə gətirdi. Onlarda təəccüb doğurdu. Bir sözlə, öz səsi ilə Fransada fransızları ağlatdı və onlarda fikir formalaşdıraraq sübut etdi ki, Qarabağ Azərbaycanındır.

Adıçəkilən musiqi məktəbinin direktoru Yeganə Vəliyeva yetirməsi olan Mirpaşa haqqında xoş sözlər söyləyərkən kövrəldi və gözlərindən axan sevinc göz yaşlarını gizlədərək dedi: "Mirpaşa sənədlərini tar şöbəsinə vermişdi. Amma qəbul imtahanı zamanı onun fərqli bir istedada malik olduğu üzə çıxdı. Valideynlərinin razılığı ilə Mirpaşanı tara yox, səs şöbəsinə qəbul etdik və onu Qarabağın tanınmış xanəndələrindən biri olan Barat Fərhadovun sinfinə göndərdik. İlk dərsdə Mirpaşa öz istedadını bir daha təsdiqlədi. Birinci sinifdən Barat müəllimdən müğamın sirlərini öyrənməyə başladı. İkinci sinifdə Mirpaşa artıq püxtələşmişdi. Keçən il qaçqın musiqi məktəbləri üzrə keçirilən Muğam müsabiqəsinin laureatı oldu və 1-ci diplomu da elə Mirpaşa aldı. Bununla bərabər, o dövlət tədbirlərində də iştirak edir. 2010-cu ilin may ayında "28 May Respublika Günü" münasibəti ilə İran İslam Respublikasında keçirilən mərasimdə Mirpaşa da iştirak etdi və məlahətli səsi ilə İran xalqını heyran etdi. Hal-hazırda Respublikada keçirilən ikinci muğam festivalının müsabiqəsinə Mirpaşa da qatıldı. O, yüksək nəticə göstərərək 2-ci tura vəsiqə aldı. Lakin yaş həddinə görə Mirpaşanın çıxışı dayandırıldı. İnanırıq ki, gələcəkdə keçiriləcək Respublika Muğam Festivalında Mirpaşa da qalib olacaq. Arzum budur ki, onun səsi Qarabağdan, doğma Ağdamdan, Şuşadan gəlsin".

Ona ilk qaval tutmağı öyrədən muğam müəllimi Barat Fərhadov da söhbətə qatıldı: "Mən çox sənətçiləri yetişdirmişəm. Amma Mirpaşa 1-ci sinfə gəldiyi ilk gündən məni valeh etdi, səsi ilə ürəyimi ovsunladı. Bir müəllim kimi keçdiyim dərsləri Mirpaşa tam mənimsəyərək, öz əlavələri ilə mənə qaytarır. Uşaqda olan bu fitri istedad Allah vergisidir. Artıq fərəhlə demək olar ki, Mirpaşa bütün muğamları çox yüksək səviyyədə ifa edir. Bir müəllimi kimi onunla fəxr edirəm".

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 8-9 mart.- S. 6.