"Həftə içi" mükafata layiq görüldü

 

Qəzet qadın və gənclər siyasətini fəal işıqlandırdığına görə fərqlənib

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Qadınlar Assosiasiyasının (JQA) təşkilatçılığı ilə jurnalistləri mükafatlandırma mərasimi keçirildi. Tədbirdə çıxış edən JQA sədri S.Yusifova jurnalistlərin 12 ildir mükafatlandırıldığını və bu halın artıq ənənəyə çevrildiyini qeyd etdi. O, bildirdi ki, JQA mətbuata açıq münasibətinə və jurnalistikaya verdiyi töhfələrə görə il ərzində seçilən insanları təltif etməklə, bir daha onların zəhmətinə qiymət verməyə çalışır. S.Yusifova bu qəbildən olan insanlar kimi seçilən şəxsləri elan etdi. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, AzərTac-ın əməkdaşı Bətul Eyvazlı, jurnalist Dilarə Vəkilova, "Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinovanı, "Səs" qəzetinin əməkdaşı Rəfiqə Kamalqızını, "Lent.az" portalının əməkdaşı Günel Mövludu və digərləri diplomla təltif edildi. İl ərzində qadın və gənclər siyasətini fəal işıqlandırdığına görə, "Həftə içi" qəzeti də mükafata layiq görüldü. Mükafat qəzetin təsisçi və baş redaktoru Sevinc Seyidovaya təqdim olundu.

Bundan başqa, Türk-Azərbaycan qadınları arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç, mətbuata açıq olan diplomat nominasiyasında Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Zəki Qazioğlu, mətbuata açıq dövlət məmuru kimi Rabitə və İnformasiya Texnologiyalar naziri Əli Abbasov diplomla təltif olundular.

Tədbirdə həmçinin ilin jurnalisti, aparıcısı, reportyoru nominasiyaları üzrə bir çox jurnalistlə yanaşı, il ərzində göstərdikləri səmərəli fəaliyyətlərinə görə, bir neçə millət vəkilləri də JQA-nın diplomu ilə mükafatlandırıldılar.

Mərasimdə çıxış edən KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli JQA-nın təşəbbüsünü yüksək qiymətləndirərək qurumun son illərdəki fəaliyyətini yüksək qiymətləndirdi. O, qadın jurnalistlərin məsuliyyətini alqışlayaraq onları bir daha təbrik etdi. V.Səfərli son illərdə jurnalist təşkilatları tərəfindən həyata keçirilən bu cür tədbirlərin jurnalistikanın inkişafı üçün stimul rolunu oynadığını dedi.

"Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva da JQA-nın reallaşdırdığı bütün layihələrin təqdirəlayiq olduğunu vurğuladı. O, xüsusilə assosiasiyanın jurnalistlərin səhhəti ilə bağlı keçirdikləri aksiyaları xatırladaraq bunun humanist addım olduğuna diqqət çəkdi. S.Vəliyeva hər hansı mükafatın şəxsə verilən qiymət olduğunu deyərək bu dəyərin qarşı tərəfi daha da məsuliyyətli etdiyini dedi: "Cəmiyyətin inkişafı üçün işlər görən insanları qiymətləndirməyin özü də şərəfli və böyük iş sayılır. Ümumiyyətlə, hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs vətəndaş mövqeyini ortaya qoymağı bacarmalıdır. Belə olan halda cəmiyyətin bizə verdiyi qiymət də yüksək olacaq. Bu mənada, yüksək səviyyədə əmək nümayiş etdirənlərin də, ona qiymət verənlərin də məramı bəllidir". Çıxış edənlərdən millət vəkilləri Musa Qasımlı, Fazil Qəzənfəroğlu, Vahid Əhmədov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri də JQA-nın bu təşəbbüsünü alqışladılar.

  

 

Naibə

 

Həftə içi.- 2011.- 10 mart.- S. 1, 6.