Qadın hüquqları müzakirə olunub

 

Elmira Süleymanova: "Onların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir"

 

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik Məktəbində qadınlarla bağlı tədbir keçirib.

 

Tədbirdə tanınmış şair-publisist Nurəngiz Gün, millət vəkili, professor Jalə Əliyeva, Azərbaycan Tibb Universitetinin tələbəsi Ahu Müjgan, Ombudsman Aparatının əməkdaşları, həmçinin şagirdlər və valideynlər iştirak ediblər. E.Süleymanova çıxış edərək bu görüşün bir ailədən olan üç nəslin nümayəndələrinin həyat yolunu öyrənmək, nəsillər arasında körpü yaratmaq baxımından önəmli olduğunu söyləyib. Müvəkkil Azərbaycan qadınının tarix boyu öz ağlı, zəkası, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına hədsiz məhəbbəti ilə tanındığını vurğulayıb. O, qeyd edib ki, Heydər Əliyev hələ müstəqilliyin ilk illərindən başlayaraq, dövlətimizin qadın siyasətini formalaşdırıb və bu, onun xalqımız qarşısında qadını, ananı ucaltmağa yönəlmiş misilsiz xidmətlərindən biridir. Ölkə prezidenti İlham Əliyev də H.Əliyevin qadın siyasəti sahəsində də strategiyasını uğurla davam etdirir, qadınlarımızın inkişafına, respublikamızın həyatında fəal iştirakına xüsusi diqqət yetirilir, ölkəmizdə qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edilib ki, qadınlarımız tarixən liderlik keyfiyyətlərinə malik olublar. Azərbaycandan yeganə qadın - Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilib.

O, qadınlarımızın ictimai fəallığının artırılması, ailənin inkişafı, qadın hüquqlarının təmin olunması, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, xəstə, əlil uşaqların etibarlı müdafiəsi, 2000-dək məktəbin tikilməsi və əsaslı təmir olunması, təhsil müəssisələrinin dərsliklər və müasir elektron dərs vəsaitləri ilə təmini istiqamətində böyük səylər göstərərək öz layiqli töhfələrini verir. Ombudsman təsisatının qadın hüquqlarının təmin edilməsi sahəsində də səmərəli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Müvəkkil Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibəsi ilə üzləşən xalqımızın qəhrəmanlar yetişdirdiyini, cəsur oğul və qızlarımızın torpaqlarımızın bölünməzliyi uğrunda canından keçdiyini söyləyib. Övladlarını Vətən uğrunda şəhid verən analarımızın başlarını dik tutaraq, xoş gələcəyə inamla yaşadıqları vurğulanıb. Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanım kimi ləyaqətli, dünyaya vətənpərvər övladlar gətirən anaların adları çəkilib. E.Süleymanova məktəbliləri yurdumuzu Mübariz kimi sevməyə və müdafiəsində ayıq-sayıq olmağa çağırıb. Millət vəkili Jalə Əliyeva qeyd edib ki, cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Onların demokratik quruculuq prosesində, ictimai həyatda, idarəetmədə daha fəal iştirakı, cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi zəruridir.

Qadınların bir ana kimi, evdə-ailədə qazandıqları nüfuzla yanaşı, onların ictimai-siyasi həyatda da fəallığının artırılması, vətəndaş mövqeyini təsdiq etməsi olduqca vacibdir. Bu keyfiyyətlərə isə erkən yaşlardan nail olmaq üçün məktəb illərindən başlayaraq yaxşı oxumaq, biliklərə yiyələnmək, həyat yolunu düzgün müəyyənləşdirmək, qarşıya qoyulmuş məqsəd və məram naminə aydın hədəf seçmək önəmlidir. Şair-publisist Nurəngiz Gün yaradıcılığında uşaq şeirlərinin də yer tutduğunu diqqətə çatdırıb, vaxtilə "Pioner" (indiki "Günəş") jurnalında çap olunmuş şeirini poetik səslə ifa edib. Onun şeirlərində və poemalarında Qarabağ mövzusuna geniş yer ayrıldığı, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq işinin dünyaya çatdırılmasının zəruriliyi önə çəkilib, müəllifin qələmə aldığı, ingilis və rus dillərinə tərcümə olunmuş əsərləri barədə də uşaqlara ətraflı məlumat verilib. Uşaqlar Liderlik Məktəbinin fəaliyyəti barədə danışmış, Azərbaycanın görkəmli şairlərinin anaya həsr etdikləri şeirləri oxumuş, mahnılar ifa etmişlər. Qonaqlar öz əsərlərini Liderlik Məktəbinin kitabxanasına bağışlayıb, E.Süleymanovanın 10 il əvvəl yaratdığı və "Azərbaycan - yurdum mənim!" devizi ilə səmərəli fəaliyyət göstərən bu məktəbin yetirmələrinin intellektual səviyyəsindən məmnun qaldıqlarını bildiriblər.

  

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 10 mart.- S. 5.