Qarabağ Muğam Mərkəzində istedadlar yetişir

 

Aydın Niftalıoğlu: "Uğurlarımız Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır"

 

Ölkəmizdə, başqa sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, xüsusilə də milli musiqimizin, muğamlarımızın inkişafına ciddi fikir verilir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.

Belə ki, Heydər Əliyev Fondunun vəsaiti hesabına bölgələrdə muğam mərkəzləri açılır, onun fəaliyyəti üçün müasir, ornamentli, yaraşıqlı binalar tikilərək muğamsevərlərin ixtiyarına verilir. Elə 2008-ci ildən əsası qoyulmuş və Ağcabədi rayonunda fəaliyyət göstərən Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzi də məhz Mehriban xanımın təşəbbüsü ilə tikilib. Bu cür muğam mərkəzlərinin açılmasında əsas məqsəd gənc nəslin muğamlara meyilliliyini artırmaq və milli ənənələrimizi gələcək nəsillərə ötürməkdir. Bu səbəbdən də yolumuzu adıçəkilən mədəniyyət ocağının binasından saldıq.

Hər tərəfi yaşıllıq, gül-çiçəyə qərq olmuş yaraşıqlı və əzəmətli görünən bu mərkəzdə istedadlı uşaqların məlahətli səsləri zalı ağuşuna almışdı. Bir an özümdə olmadım. O səsin sehri məni yaxın keçmişə qaytardı. Sanki doğma Ağdam şəhəri gözümün önündə canlandı. Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Məktəbinin kiçik bülbüllərini və "Şur" ansamblının gənc muğam ifaçılarını xatırlatdı. Həqiqətən də muğam mərkəzi qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, yanılmadan deyərdim ki, bura istedadlıların istedadlısı cəmləşib. Onlara muğamın sirlərini öyrədirlər. Deyirlər ustaddan çox şey asılıdır. Ustad necə öyrənibsə, şagirdləri də ondan o cür öyrənirlər. Bəli, həmin gənc və yeniyetmələr Qarabağ muğam mərkəzinin direktoru, korifey sənətçimiz, muğam ustası Aydın Niftalıoğlundan muğam sənətini öyrənir və onun incəliyinə yiyələnirlər. Aydın müəllimi şagirdləri arasında gördüm. Yorulmaq bilmədən çalışan böyük sənətkar sanki öz səsinin sehrini gənc ifaçıların kövrək səsinə qataraq ondan ləzzət alırdı. Gəldiyimizə sevinən Aydın müəllim bizi çox mehribanlıqla qarşıladı. Nə qədər gülərüz, səmimi görünsə də, gözlərində torpaq, el-oba həsrəti, doğma Ağdam nisgili açıq-aydın sezilirdi.

A.Niftalıoğlu bizimlə söhbətində bildirdi ki, Qarabağ Muğam Mərkəzi Ağcabədi rayonunda fəaliyyət göstərməsinə baxmayaraq, ətraf rayonları da əhatə edir: "Ötən ildən mərkəzin nəzdində səs sinfi açılıb. Həmin sinfə 8 - 14 yaş arası uşaq götürülür. Həm də yalnız Ağcabədidən yox, əlavə daha 7 rayondan da. Hər il 6 nəfər şagird qəbul edilir. Ətraf rayonlara gedib seçim yolu ilə xalis səsi olan yeniyetmələri qəbul edirik. Artıq səs sinfində 12 şagird təhsil alır. Sual verə bilərsiniz ki, nəyə görə qəbul bu qədər azdır? Ona görə ki, muğam ağır sənətdir. Onu ifa etmək üçün gur və şirin boğaz səsi olmalıdır. O səs də ilahi səsdir, hər adamda olmur. 100 - 200 uşağın içində bir nəfər səsi olan üzə çıxır. Nərminə Sultanova, Ceyhunə Şirəliyeva və İntiqam Abışovanın çox gözəl səsləri var. İnanıram ki, onlar gələcəyin ən böyük sənətçiləri olacaqlar. Bizdə 18 - 35 yaş arasında olan gənc ifaçılar da sabahın ümidvericiləridir. Özlərinə məxsus səsləri, ifa tərzləri var. Vallah, burada Cabbarın, Xanın, Yaqutun, Arifin, Qədirin davamçıları yetişir. Onlara bir az qayğını artırmaq lazımdır".

A.Niftalıoğlu həmçinin vurğuladı ki, keçən il keçirilən Uşaq Beynəlxalq Muğam Festivalına 2 şagirdi qatılıb. Onlar da birinci və ikinci yerləri bölüşərək qalib olublar: "Anar adlı gənc ifaçımızla Mədəniyyət və Turizm Nazirliyi maraqlanaraq onu öz himayəsinə götürüb. Nazirliyin bütün tədbirlərində Anar iştirak edəcək. Bu gün də Ağdam, Laçın və Ağcabədi rayonlarında istedadlılar çoxdur. Onların məlahətli və şirin səsləri var. Əsl Qarabağ səsləridir".

Müsahibim onu da dedi ki, bu gün Qarabağ düşmən tapdağı altındadır. Şagirdlərimizin əksəriyyəti köçkün balalarıdır. Onların hər şeydən öncə mənəvi dəstəyə ehtiyacları var: "Yaxşı olardı ki, korifey sənətkarımız Arif Babayev kimi digər sənətçilərimiz də cəbhə bölgəsinə yaxın olan rayonlara gəlib, muğam mərkəzlərinə baş çəkib orada təhsil alan gənc və yeniyetmə istedadlı uşaqlarla maraqlanaydılar, onlara məsləhət və tövsiyələrini verəydilər. Axı muğam ustadları, korifey sənətçilər həmişə Qarabağdan çıxıb. Və bu gün də həmin istedadlılar yetişir və gələcəkdə də yetişəcək. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Mehriban xanım milli musiqimizi, muğamlarımızı yenidən dirçəldərək özümüzə qaytardı. İstedadlı gənclərin və yeniyetmələrin üzə çıxıb yetişməsində köməkliyini heç vaxt əsirgəmir. Bütün uğurlarımız Mehriban Əliyevanın adı ilə bağlıdır. Onu da nəzərinizə çatdırım ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov həmişə bizimlə maraqlanır. Vaxt tapıb mərkəzimizə gəlir, istedadlı uşaqların səsinə qulaq asır, onların taleyi, həyat tərzi ilə maraqlanır və bizdən öz köməkliyini əsirgəmir".

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 10 mart.- S. 6.