Dəyərlərimizin qorunduğu məkan
Paşa Kərimov: "Əlyazmalar İnstitutunda əsərlər
ən qiymətli sərvət kimi saxlanılır"
Dünyanın
bütün inkişaf etmiş ölkələri təkcə
özünün elmi-texniki nailiyyətləri, maddi sərvətlər
bolluğu, qüdrətli sənaye və istehsal gücü ilə
deyil, həm də öz xalqının milli-mənəvi dəyərləri
ilə tanınır. Bu heç də təsadüfi deyil. Məlumdur
ki, mənəvi sərvətlər hər bir millətin,
xalqın "şəxsiyyət vəsiqəsi", mənəvi
"pasportu", onun milli mədəniyyətinin səviyyəsini
təyin edən göstəricidir.
Bu baxımdan Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun milli elmimizin
inkişafındakı yeri və rolu əvəzsizdir. Burada
şair və yazıçılarımızın əlyazmaları
qorunub-saxlanılmaqla yanaşı, həm də tədqiq
olunur, həmin əsərlərə sanki yeni nəfəs
verilir. Hazırda institutda 40 mindən artıq əlyazma, qədim
çap kitabları, inqilabaqədərki dövri mətbuat və
şəxsi fond materialları saxlanılır. Yaxın və
Orta Şərq klassiklərinin bədii əsərləri,
astronomiya, mineralogiya, tibb, fəlsəfə, poetika, tarix,
coğrafiya, hüquq, qrammatikaya aid elmi-bədii əsərlər
böyük qayğı ilə mühafizə olunur. Bu əsərlər
əsasən Azərbaycan mədəniyyətinə və ədəbiyyatına
aid olsalar da, onların içərisində İspaniyadan, Mərakeşdən
tutmuş Hindistana kimi bütün Yaxın və Orta Şərq,
Şimali Afrika ölkələrinin, xalqlarının mədəniyyətinə, tarixinə aid
materiallara da rast gəlmək olar. İnstitutda saxlanan
bütün əlyazmalar planlı və sistemli şəkildə
öyrənilir və ən əhəmiyyətliləri kitab
şəklində çap olunur. Onu da qeyd edək ki, instituta
müntəzəm olaraq yeni əlyazmalar da daxil olmaqdadır.
Bu və ya digər məsələlər barədə
institutun direktor müavini Paşa Kərimovla söhbətləşdik.
- Xaricdə yaşayan həmvətənlərimiz
və iş adamlarımızın səyi nəticəsində
institutun fonduna yeni-yeni əsərlər daxil olmaqdadır.
Sovet dövründə bu sahədə müəyyən
problemlər mövcud idisə, artıq indi bu maneələr
aradan qaldırılıb. Berlində yaşayan Məhəmmədəli
Seyidi adlı həmvətənimizin köməkliyi ilə bizə
bir çox əsərlər təqdim olunub. Ən son əldə
etdiyimiz əsər isə Kişvəri adlı şairimizin əlyazmaları
olub. O, həm də xəttat olub və şairin öz xətti
ilə yazdığı farsca və azərbaycanca
olan divanını əldə edib çap etdirdik. Hazırda
isə özümün ortaya çıxardığım
XVII əsr Azərbaycan şairi Təhsir Təbrizinin "Xəmsə"sidir
və həmin əsəri çapa hazırlayırıq.
İnstitutun xarici
ölkələrdəki oxşar qurumlarla, elmi müəssisələrlə
olan əlaqələri ildən-ilə genişlənir. Əldə
olunan əlyazmalar, institutun müvafiq şöbələrində
bərpa olunur və öyrənilir. Bu işlə institutun ən
vacib şöbələrindən biri olan əlyazmaların bərpası
və gigiyenası şöbəsi məşğul olur.
Şöbəyə daxil olan əlyazma vərəqləri
mütəxəssislər tərəfindən yararlı hala
salındıqdan sonra kataloqlaşdırılır. Burada əlyazmalar
ən qiymətli sərvət kimi qorunur.
- İnstitutda saxlanılan əsərlərin
çürüməsi ilə bağlı bir müddət əvvəl
mətbuatda məlumatlar dərc olunub. Həqiqətənmi
mövcud şərait uzun illərdir qorunub-saxlanılan əsərlərin
ömrünü qısaldıb?
- Əlyazmalar İnstitutunda
ümumiyyətlə belə
problem yoxdur. Çünki burada əlyazmalar
xüsusi qaydada mühafizə edilir, bunun üçün xüsusi təchiz olunmuş laboratoriya fəaliyyət göstərir
və əməkdaşlar
hər gün əlyazmaları yoxlayırlar.
Kimyaçılar, bioloqlar, fiziklərin
çalışdığı laboratoriyada əlyazmalar mütəmadi olaraq təmizlənir. İllər keçdikcə,
istər-istəməz, əlyazmaların
içində həşəratlar
meydana gəlir, onlar da əlyazmalara
ziyan verə bilər. Amma onlara müxtəlif
qoruyucu preparatlar vurulur. Xəzinədə isə həm
temperaturu, həm də nəmişliyi mütəmadi yoxlayan cihaz quraşdırılıb.
Nəzarət altında olduğundan
burada temperatur nə yuxarı, nə də aşağı olur, normada qalır. Bərpaya ehtiyacı olan vərəqlər mütəxəssislər
tərəfindən yenidən
yararlı vəziyyətə
gətirilir, kağızlardakı
zərərli bakteriyalar
məhv edilir.
- Bildiyimizə görə, fonda kənar şəxslərin
daxil olması qadağandır...
- Çünki kənar
şəxsin üzərində cürbəcür zərərli
infeksiyalar və bakteriyalar ola bilər ki, bu da əlyazmalarda təhlükəli
virusların yaranmasına səbəb ola bilər.
- Fondda saxlanılan ən qədim və ən qiymətli
əlyazmalar hansılardır?
- Dəri üzərində
yazılmış, IX əsrə aid olan "Quran"ın
"Nisa" ("Qadınlar") surəsi fondda mühafizə
olunan ən qədim əlyazmadır. Məhəmməd Əbu
Nəsr Farabinin "İhsaül-ülüm", Cövhərinin
"Sihah-ül-lüğə", Əbu Əli İbn
Sinanın "Qanun fittibb", Əz-Zəhrəvinin tibbə
aid "Əl-məqalətüs-siləsün", İbn ƏlCövzi
Qızoğlunun tarixə dair "Mirat-üz-zaman", Nəsrəddin
Tusinin "Zici-Elxani" əsəri, Xaqani Şirvani və
Nizami Gəncəvinin XV-XVI əsrlərdə üzü
köçürülmüş nəfis rəngli
miniatürlü külliyyatları, İmadəddin Nəsiminin,
Məhəmməd Füzulinin, Ömər Xəyyamın,
Qövsi Təbrizinin və digər klassiklərin əlyazmaları
fondun nadir incilərindəndir. Fondda saxlanan elə çap
kitabları var ki, onlar əlyazmalardan da qədimdir.
- Əsərlərin alğı-satqısı
mümkündürmü və əgər belədirsə buna
hansı hallarda icazə verilir?
- Bu barədə
heç bir söhbət gedə bilməz. Çünki istər
Azərbaycan, istərsə də xarici vətəndaşlara əlyazmaların
satılması ilə əlaqədar hər hansı bir rəsmi
sərəncam, göstəriş və əmr verilməyib.
Digər tərəfdən, onlar tarixi sənədlər
olduğundan alğı-satqıya normal münasibətin bəslənəcəyinə
inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Eləcə
də institutumuzun rəhbərliyi onların fərdi şəxslərə
verilməsini qadağan edib. Düzdür, araşdırma
aparmaq istəyən tədqiqatçılarımız, bu sahə
ilə maraqlanan alimlərimiz var. Ancaq onlar ərizə ilə
bizə müraciət etdikdən və bizim institutun
oxucuları olduqdan sonra əlyazmaların surətləri
yalnız oxu zalında oxunmaq üçün onlara verilir,
oxunduqdan sonra təhvil alınır. Analoji proses əcnəbi
mütəxəssislərə də şamil edilir. Onu da deyim
ki, bizə müraciət edənlər arasında daha
çox dilçilik əsərlərinə, farsdilli ədəbiyyatlara
və digər əlyazmalara maraq böyükdür.
- Hazırda daha çox hansı xarici ölkələrdə
Azərbaycana məxsus əlyazmalar saxlanılır?
- Dünyanın
elə bir kitabxanası yoxdur ki, orada azərbaycanlı yazara məxsus
əlyazma olmasın. Amerika, İran, Türkiyə, Almaniya,
Rusiya, Əfqanıstan və digər ölkələrdə
xalqımıza məxsus təxminən 12 min əlyazma
mövcuddur. Amma bu təxmini rəqəmdir, əsl sayı
bundan dəfələrlə çoxdur. Tarixi, elmi və nəsr
əsərləri, eləcə də digər sənədlər
kataloqlaşdırılmadığından onların sayı
dəqiq məlum deyil. İraqda, Əfqanıstanda və
Yuqoslaviyada baş verən müharibələr nəticəsində
yazılı abidələrimizin nə dərəcədə
zərər çəkdiyindən xəbərimiz yoxdur. Biz həmişə
Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə
bu məsələylə əlaqədar müraciətlər
ünvanlayırıq ki, həmin dövlətdə
xalqımıza məxsus əlyazmalar varsa, bizə xəbər
versinlər. Həmin qurumların rəsmiləri də öz
növbələrində araşdırma aparırlar və əldə
etdikləri məlumatları bizə ötürürlər.
- Sizcə, Azərbaycana məxsus əsərlərin daha
çox xarici ölkələrdə olması, burada
onların saxlanması üçün lazımi şəraitin
olmaması ilə bağlıdır, yoxsa zaman-zaman baş verən
ictimai-siyasi proseslər səbəbindəndir?
- İstanbul, Paris,
Sankt-Peterburq imperiya paytaxtları olduğundan, orada əlyazmaların
qorunması üçün mərkəzlər olub.
Bütün əlyazmalar da ora yığılıb. Amma bizim əlyazmaların
çoxu camaatdan toplanıb. Bu əlyazmaların müəyyən
bir qismi görkəmli mədəniyyət xadimlərimizin
şəxsi arxivlərində saxlanırdı. Demək olar
ki, Bakıda qədimdən əlyazmaların saxlanması
üçün mərkəz olmayıb. Hətta bilirsiniz ki,
ötən əsrin 20-30-cu illərində ərəb əlifbası
ilə olan əlyazmalar da "sinfi düşmən" elan
edilirdi. Ona görə də camaat əlyazmaları divara
hörüb, torpağa basdırıb gizlədirdi, bəzilərisə
təndirdə yandırırdı. Biz sovet dövründə
bütün bölgələri gəzib o əlyazmaları
yığırdıq. O ekspedisiyalarda dəfələrlə
iştirak eləmişəm. Bu əlyazmalar heç vaxt
yüksək səviyyədə qalmır. Biz onları bura gətirib,
laboratoriyada onun üstündə təmizlik-bərpa işləri
aparırıq. O əlyazmalar qurdlardan, həşəratlardan
təmizləndikdən, dezinfeksiya olunduqdan sonra tam
yararlıdırsa, onu o biri əlyazmaların içində
saxlayırıq. Yox, yararlı deyilsə, onu ayrı yerdə
mühafizə edirik. Sözsüz ki, bu işin mütəxəssisi
olmayan adamlar əlyazmaları lazımi səviyyədə
qoruya bilmir. Ümumiyyətlə, yazan şəxsin
özünün əlyazmasını tapmaq çox çətindir.
Məsələn, Xurşudbanu Natəvan baxmayaraq ki, 1867-ci ildə
vəfat edib, amma onun da bizə gəlib çatan əsərlərində
şəxsi əlyazmaları çox azdır.
- Yeri gəlmişkən, işğal altında olan ərazilərdə
yaşayıb-yaradan yazarlarımızın əlyazmalarının
hazırkı aqibəti nə yerdədir?
- Hələ sovet
dönəmindən həmin bölgəyə məxsus
yazarların əsərlərindən bəziləri bizə təqdim
olunub. Bir müddət əvvəl Qarabağ şairlərinin
növbəti kataloqunu buraxdıq və nəşrdə bir
çox qarabağlı yazarların əsərləri yer
alıb. Qeyd edim ki, Qarabağ ədəbi mühitindəki
yaradıcı insanların sayı daha çoxdur. Təsəvvür
edin, Şirvan, Bakı, Naxçıvan, Gəncədə 1 ədəbi
məclis olduğu halda, Qarabağda 2 ədəbi məclis
olub və şairlərin də sayı çox olub. Bu ədəbi
mühitin nümayəndələrinin çoxunun əlyazmaları
institutda qorunub saxlanılır.
- Ötən il həm də Əlyazmalar
İnstitutunun 60 illik yubileyi idi. Amma nədənsə bununla
bağlı hər hansı tədbir keçirilmədi...
- Biz ötən il
yubileylə bağlı beynəlxalq konfransın keçirilməsini
nəzərdə tutmuşduq. Amma institutda aparılan təmir-bərpa
işləri planlarımızı reallaşdırmağı
əngəllədi. Hazırda təmirin son mərhələsi
gedir və ilin sonunda yubileyi qeyd etmək fikrimiz var.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 11 mart.- S. 1, 5.