Bakı Dövlət Universitetinin "Bakı
universiteti"
Bu sayımızdan etibarən
"Həftə içi" qəzeti yeni layihəyə
start verir. Layihənin məqsədi ölkədə fəaliyyət
göstərən ali təhsil ocaqlarının rəsmi
orqanları olan qəzetlərin işi, fəaliyyəti və
kollektivi barədə oxuculara məlumat verməkdir.
Təbii ki, bir çox oxucu
üçün də maraqlıdır ki, hazırda universitet
qəzetlərinin fəaliyyəti hansı səviyyədədir,
indi daha çox internetə meyil göstərən tələbələr
ali məktəblərdə buraxılan qəzetləri vərəqləyirlərmi?
Bizim üçün də, oxucularımız
üçün də maraq doğuran bu suallara cavab tapmaq məqsədilə
bu dəfə yolumuzu universitetlərdən salacağıq.
İlk seçdiyimiz ünvan isə ölkənin ən qədim
ali təhsil ocağı olan Bakı Dövlət
Universitetidir. BDU-nun rəsmi orqanının adı
"Bakı Universiteti"dir.
Uzun tarixin qısa xülasəsi
Əsası 1929-cu ildə
qoyulan "Bakı Universiteti" qəzeti 1947-ci ildən
mütəmadi olaraq nəşr olunur. 1990-cı ilə qədər
"Lenin tərbiyəsi uğrunda" adı ilə Azərbaycan
və rus dillərində işıq üzü görən qəzetə
müxtəlif illərdə Rəsul Rüstəmov,
İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət
Bağırov, Aslan Aslanaov, Vəli Məmmədov, Eldar Əliyev,
Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi
jurnalistlər redaktorluq edib. Bu illər ərzində qəzetdə
Azərbaycanın ən tanınmış jurnalistləri və
elm adamları ilk qələm təcrübələrini
qazanıblar. 2007-ci ilin sentyabrından BDU-nun mətbuat və
informasiya şöbəsinə birləşdirilən qəzetin
baş redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli
olub. 2009-cu ilin sentyabr ayından müxtəlif səbəblərə
görə fəaliyyətini dayandıran "Bakı
Universiteti" qəzeti sonradan nəşrini yenidən bərpa
edib. 2010-cu ilin mart ayından isə qəzetə Anzulə Əmirova
rəhbərlik edir. Qəzet 2000 tirajla nəşr olunur, ali məktəbdə
pulsuz yayılır. Redaktor da daxil olmaqla 6 nəfərdən
ibarət heyətə malikdir.
"Özünü fəth etməyi bacar"
Qəzetin redaktoru Anzulə Əmirovanın
sözlərinə görə "Bakı Universiteti"nin
universitet daxilində öz oxucu kütləsi var və
xüsusilə də son dövrlər qəzet rəngli nəşr
olunduğundan ona maraq daha da artıb: "Mənim burada
redaktor kimi fəaliyyətim uzun zaman çərçivəsində
olmasa da, deyə bilərəm ki, 80 ildir qəzet sanki doğma
universitetimizin həyatını seyr edir, onun
acılı-şirinli, kədərli-təntənəli
günlərini tarixin yaddaşına köçürür:
"Özünü fəth etməyi bacar"
şüarı ilə nəşr olunan qəzetimiz
qarşısına təlim-tərbiyə işinin müxtəlif
sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini,
gənclər arasında tərbiyə işinin səviyyəsini
yüksəltmək, mühüm elmi problemləri şərh
etmək və istiqamətləndirmək, nəzərəçarpan
qüsurların aradan qaldırılmasında üniversitet rəhbərliyinə
yaxından kömək göstərmək kimi mühüm vəzifələr
qoyub. Onu da nəzərinizə çatdırım ki, son 1 ildə
qəzet rəngli çıxır və bununla yanaşı,
janr rəngarəngliyi, mövzu müxtəlifliyi
özünü büruzə verir. Eyni zamanda tələbələrin,
təbii ki, müəllimlərin də marağına səbəb
olacaq rubrikalarla çıxış etməyə
çalışırıq".
Anzulə xanımın
dediyinə görə, tələbələri qəzetə cəlb
etmək üçün əllərindən gələni
edirlər: "Hazırda qəzetimizin elektron səhifəsi də
var, bununla yanaşı, "Facebook" sosial internet şəbəkəsində
də səhifə yaratmışıq. Buraya üzv
olanların sayı günü-gündən artır, deməli,
qəzetimizə maraq da artır. Onu da qeyd edim ki, bizim
üçün tələbələrin fikirləri çox
önəmlidir. Belə ki, rubrikalar hazırlayarkən
onların istəyini nəzərə alırıq. Elə
"Facebook"da da sorğu keçirdirik ki, görək tələbələrimiz
üçün daha maraqlı mövzular hansılardır.
Ona görə də son vaxtlar daha maraqlı
rubrikalarımız işıq üzü görür.
Bunlardan "Prezident təqaüdçüləri",
"Məşhur universitet", "Tələbə
dünyası", "Kitab oxuyaq", "Məşhur
müəllimlərlə müsahibə" maraqlı
rubrikalarımızdandır. Hansı ki, məsələn,
"Kitab oxuyaq" rubrikasında universitetin müəllimlərindən
kitab oxumaq, onun faydaları, onların daha çox hansı
kitablara üstünlük vermələri barədə
müsahibələr hazırlanır.
"Tələbə şikayəti olarsa, təbii ki,
işıqlandırarıq"
"Əgər tələbələrə
qarşı hər hansı bir haqsızlıq baş verərsə,
onu qəzetinizdə
işıqlandırarsınızmı" sualına Anzulə
xanım belə cavab verdi: "İnanın, səmimi deyirəm,
hələ ki, belə bir şikayət olmayıb. Təbii, bu
o demək deyil ki, onlara qarşı hər hansı bir
hüquq pozuntusu halları baş vermir, lakin bizə bu barədə
məlumat verən, ya da şikayət edən olmayıb. Amma
belə bir hal baş verərsə, yəni hər hansı bir
tələbə bu barədə şikayət edərsə,
onun rastlaşdığı faktı
işıqlandırmağa hazırıq. Çünki
hörmətli rektorumuzun da göstərişi var, müəllimlər
tərəfindən tələbələrə qarşı
haqsızlıq olarsa, bu barədə mütləq məlumat
çatdırılsın".
Filologiya fakültəsinin tələbələri daha
aktivdirlər
Redaktorun sözlərinə
görə, qəzetə yazı verən filologiya və tarix
fakültələrinin tələbələri jurnalistika
fakültəsinin tələbələrinə nisbətən
çoxluq təşkil edir: "Əslində qəzetimizə,
demək olar ki, bir çox fakültələrin tələbələri
yazılar verirlər. Lakin jurnalistika fakültəsinin tələbələrinin
gözəl istedada malik olmalarına baxmayaraq, buraya yazı verməkdə o qədər maraqlı
deyillər. Buna səbəb kimi, bu tələbələrin
artıq ölkədə nəşr olunan bir çox
tanınmış qəzetlə əməkdaşlıq etmələrini
görürəm. Belə ki, artıq onlar universitet çərçivəsindən
kənara çıxırlar, vaxt məhdudiyyətləri də
bir yandan".
Universitetin qəzeti barədə
BDU-da təhsil alan tələbələrin də fikrini
öyrənməyə çalışdıq. Kimya fakültəsinin
tələbəsi Aytən Məmmədli qəzetlə əməkdaşlıq
edən tələbələrdəndir: "Kimya fakültəsində
təhsil almağıma baxmayaraq, bu sahəyə çox
marağım var. Bu qəzeti nəşr edənlərə
öz təşəkkürümü bildirirəm ki,
istedadlı tələbələrin üzə
çıxmalarına imkan yaradırlar. Təbii ki, həm də
qəzeti daimi oxuyanlardanam, xüsusilə də "Məşhur
universitet" rubrikasını bəyənirəm.
Çünki hər dəfə bir xarici universitet barədə
məlumat əldə edirəm".
Fizika fakültəsinin tələbəsi
Fidan Nəsirova isə qəzetdə yazılarla
çıxış etməsə də, daimi oxucusudur:
"Çalışıram daim oxuyum qəzeti,
çünki maraqlı məlumatlar olur, əsas da son səhifədə
hər dəfə verilən məntiqi suallar məni
özünə daha çox cəlb edir". Ancaq bir
maraqlı məqam da var. Bir çox tələbə ilə
söhbətdən məlum oldu ki, universitetdə belə bir qəzetin
fəaliyyət göstərməsindən xəbərsiz
olanlar da az deyil. Xüsusilə də geologiya və riyaziyyat
fakültələrinin tələbələri.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 11 mart.- S. 7.