Prezidentdən vətəndaşlara daha bir dəstək

 

Ölkə başçısının son müşavirədə verdiyi tapşırıqlar əhalinin sosial rifahını xeyli yüksəldəcək

 

Ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, regionlarda yüksək infrastrukturun yaradılması Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələni dəfələrlə bəyan edərək Azərbaycan hökumətinin öz vətəndaşlarına arxalandığını bildirib. Prezident habelə vurğulayıb ki, cəmiyyətdəki neqativ halların tamamilə aradan qaldırılması üçün xalqla hökumət həmrəy olmalıdır.

Qeyd edək ki, bir neçə gün öncə ölkə prezidenti meriyada məmurların iştirakı ilə keçirdiyi geniş müşavirədə də bu kimi məsələlərə toxunaraq müvafiq qurumlara konkret tapşırıqlar verib.

 

"Biz hansı problemlərin həllini gözlədiyini yaxşı bilirik"

 

Dövlət başçısı, ilk növbədə, Azərbaycanın sürətlə inkişaf etdiyi və ölkədə uğurlu siyasət həyata keçirildiyini deyib: "Azərbaycanda aparılan uğurlu neft siyasəti nəticəsində böyük maliyyə resursları yaradılıb və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəltməliyik ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun. Son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalıb. Yəni hər bir ölkənin iqtisadi və sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir. Bizim məqsədimiz həm də ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ ki, bu fərq kifayət qədər böyükdürsə, səbəb onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf edir. Ancaq biz bu siyasəti davam etdirəcəyik. Regionlarda hazırda icrada olan layihələr əminəm ki, bütün bölgələrdə həm sosial, həm də sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcək. Elə etməliyik ki, hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə normal yaşamaq, işləmək üçün bütün şərait yaradılsın".

Dövlət başçısı çıxışında ölkədəki, o cümlədən paytaxt Bakıdakı müəyyən problemlərdən də danışıb: "Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problemlər öz həllini gözləyir. Sadəcə olaraq, hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Mövcud məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu proqramda öz həllini tapacaq. Bundan başqa, proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə proqramda xüsusi bəndlər olacaq. Hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti müəyyənləşdirilməlidir. Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu proqramı 2 - 3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq".

 

"İnhisarçılara qarşı ciddi mübarizə aparılacaq"

 

Ölkə prezidenti çıxışında vətəndaşların ciddi narahatlığına səbəb olan bazarlardakı bahalaşmaya da toxunub: "Bəzi hallarda biz inhisarçılıqla bağlı mübarizəmizi ancaq idxal olunan malların gətirilməsində görürük. Burada həqiqət və ədalət var. Biz inhisarçılıqla bağlı ciddi mübarizə aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir ki, son illər ərzində ölkəmizdə görülən işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət nəticəsində bizdə yerli istehsal böyük dərəcədə artıb. Biz indi özümüzü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edirik. O məhsullar ki, idxal olunur, biz onu da bilirik, yaxın zamanlarda onun da istehsalını təmin edəcəyik. Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artıb. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq var. Buna dünyada "Kartel sövdələşməsi" deyirlər. Bu, sırf "Kartel sövdələşməsi"nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar. Biz sahibkarlığı dəstəkləyirik. Mən dəfələrlə demişəm ki, sahibkarlıq inkişaf etməlidir. Nə qədər kreditlər verilib. Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan götürüb fermaları tikə bilərdilər? Dövlət onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı, elektrik xətləri çəkməsəydi, haradan bu sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox halda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi, sadəcə, bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcək. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaq. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?! İndi dünyada neftin qiyməti bahalaşıb, şübhəsiz, bu, idxal olunan məhsullara öz təsirini göstərəcək. Bəlkə dərhal olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcək. Bunu biz bir neçə il bundan əvvəl görmüşük, neftin qiyməti qalxandan bir neçə ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki, gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü təsirli olacaq".

  

 

Sevinc

 

Həftə içi.- 2011.- 12-14 mart.- S. 6.