9 yaşlı uşağın güllələnməsi beynəlxalq gündəmə çıxarılmalıdır

 

Ekspertlər prinsipiallıq nümayiş etdirilməsini vacib sayır

 

Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arif oğlu Bədəlovun öldürülməsi bütün dünyada yaşayan azərbaycanlıları hiddətləndirib. Bu məsələyə dövlət səviyyəsində də münasibət bildirilib, müxtəlif qurumlardan, o cümlədən diaspor təşkilatlarından da etirazlar gəlib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığında doqquz yaşlı oğlanın erməni hərbçilər tərəfindən öldürülməsi ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib. XİN rəhbəri keçirdiyi mətbuat konfransında da əlavə edib ki, Azərbaycanın xaricdəki bütün diplomatik missiyaları akkreditə olduqları ölkələrin rəhbərlərini bu insident haqqında məlumatlandıracaqlar: "Bu, xoşagəlməz tendensiyadır. Doqquz yaşlı uşaq müharibədə iştirak etmir. Soçidə qəbul edilən bəyanata əsasən, hərbi insidentlərin baş verəcəyi təqdirdə araşdırılma aparılmalıdır. Mən həmsədrləri bu insidentlə bağlı məlumatlandırmışam və dünən Minsk Qrupunun həmsədrləri prezidentlərin Soçidəki bəyanatlarına münasibət bildiriblər. 9 yaşlı uşaq müharibədə iştirak etmir. Onun ölümü təxribat kimi qiymətləndirilməlidir".

 

Türk dünyasından sərt təpki

 

Türkiyədə "Əsassız erməni iddiaları ilə mübarizə" dərnəyinin (ASİMDER) İğdır şöbəsi Ağdamın Orta Qərvənd kənd sakini - 9 yaşlı Fariz Bədəlovun snayperlər tərəfindən vurulmasına etiraz edib. Dərnək sədri Göksel Gülbey keçirdiyi mətbuat konfransında hadisəni kəskin pisləyib. Sədr ermənilərin bu addımının yeni olmadığını deyib: "1992-ci ildə Xocalıda ananın qarnındakı körpələri qətlə yetirən ermənilərin 9 yaşlı Farizi öldürməsi heç də təzə iş deyil".

Göksel Gülbey həmçinin dünya ictimaiyyətini bu vəhşiliyə diqqət etməyə çağırıb: "Bu gün Liviyada Qəzzafinin gətirdiyi muzdlu əsgərlərin etdiklərini pisləyən dünya ictimaiyyəti eyni həssasiyyəti ermənilər tərəfindən qətlə yetirilən kiçik Fariz üçün də göstərsin. ASİMDER olaraq Ermənistanın bu hərəkətini kəskin pisləyirik və bu addımı Türkiyə dövlətindən də gözləyirik".

Türk Dünyası İnsan Haqları Dərnəyinin başqanı Abdullah Buksur "Həftə içi"nə bildirib ki, bu mövzu ilə bağlı müxtəlif təşkilatların təpki verməsi ilə bağlı çağırış edib.

Manisa Azərbaycan Mədəniyyət və Birlik Dərnəyinin rəhbəri Seyfəddin Ayakyay "Həftə içi"nə verdiyi məlumatda deyir ki, Ermənilər əsrlərdir törətdikləri vampirlikləri, uşaq, körpə qətllərini bu gün də, dünyanın gözünün içinə baxaraq davam etdirirlər: "Bəs bizlər nə edirik? Bayatılarla, göz yaşlarımızla ölüm ildönümlərini anmaya davam edəcəyik? Xocalını, Qarabağı, Laçını, Şuşanı Kəlbəcəri və digər ərazilərimizi həmişə beləmi anacağıq? Bizlərin Ata Yurdu olan İrəvan Xanlığında süni dövlət quracaqlar. Həm də atalarımızı yurdlarından qovmaları azmış kimi, Azərbaycanın qədim torpaqlarının 20 faizini də işğal edəcəklər. Keçmişdə olduğu kimi, bu gün də körpələri qətl edəcəklər və bizlər də susacağıq? Bizlərə yaraşan budur? Artıq oyanaraq dünyaya səslənmə zamanımız başlayır. Ya diasporada dünya güc birliyini yaratmalıyıq, ya da üzərimizə tökülən ölü torpağıyla qucaqlaşaraq yatmalıyıq. 9 yaşındakı Fariz Bədəlovun öldürülməsini qınayaraq qaniçənləri lənətləyirik".

 

"Prinsipiallıq göstərilməlidir"

 

Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı Azərbaycanın istənilən halda addımlar atmasının zəruri olduğunu deyən hərbi ekspert Üzeyir Cəfərli diqqətə çatdırdı ki, bu məsələ nəticəsiz qalsa, gələcəkdə də ermənilər vəhşiliklərini davam etdirəcəklər: "Uşağın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Amma düşünmürəm ki, bu, hansısa konkret nəticəyə gətirib-çıxaracaq. Çünki belə cinayət işləri çox olub və nəticəsiz qalıb. "20 Yanvar" hadisələri, Xocalı soyqırımını göstərmək olar. Bizim tərəf cinayətkarın məsuliyyətə cəlb olunmasını tələb eləsə də, ermənilər hər vəchlə çalışacaqlar ki, öz vəhşiliklərini ört-basdır etmək üçün bu işə mane olsunlar. Əlbəttə, istənilən nəticə Fariz Bədəlovun valideynləri üçün heç nəyi dəyişməyəcək. Hazırda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlayıb, materiallar toplanıb. 3 - 5 nəfərin ifadəsi ilə bu iş yekunlaşacaq. Düzdür, biz belə hallarla birinci dəfə deyil üzləşirik. Bundan əvvəllər də snayper tüfənglərinin açdığı atəş nəticəsində Ağdam, Füzuli, Tərtər, Qazax istiqamətində yaralanan, dünyasını dəyişən insanlar olub". "ATƏT nümayəndələrinə sərt təpki göstərmək, cinayətkarın cəzalandırılmasını tələb etmək lazımdır" deyən Ü.Cəfərov vurğuladı ki, onların boş-boşuna keçirdikləri monitorinq heç kimə lazım deyil: "Monitorinqlər nəyi dəyişib? Məsələnin çox tərəfləri var. Azərbaycan məsələyə sərt reaksiya verəndə bizə deyirlər ki, adekvat reaksiya vermirik, məsələni gərginləşdiririk. Əslinə qalsa, bu, bizim haqqımızdır. Azərbaycanın torpaqları 20 ilə yaxındır ki, işğal altındadır. Rusiya da görüntü yaradır ki, guya nəsə etmək istəyir. Əslində təmas xəttində hərbçilərlə yanaşı, mülki şəxslər də öldürülür. Artıq ATƏT-in bütün rıçarqları tükənib. Minsk Qrupunun həmsədrləri bölgəyə gəlib-getməklə heç nəyə nail olmayıblar. Dəfələrlə bildirmişəm ki, Qarabağ probleminin açarı Rusiyadadır. Rusiya istəsə, bir həftə ərzində Azərbaycan torpaqları işğaldan azad olunar. Düşünmürəm ki, uşağın ölümü ilə bağlı gələcəkdə perspektivi olan iş görülsün. Amma bu erməni vəhşiliyini dünyaya sübut etməliyik. Dövlət və millət olaraq prinsipiallıq göstərməliyik ki, bizi ciddi qəbul etməyən bəzi dövlətlər, o cümlədən Rusiya bu məsələdə diqqətli olsun".

 

"Partiyalar dövlətə dəstək versin"

 

Cinayətin hələlik cəzasız qalacağını deyən politoloq Cümşüd Nuriyev diqqətə çatdırdı ki, həmin ərazi nəzarətsizdir. Orada beynəlxalq qüvvələr yoxdur ki, cinayəti kimin törətdiyi bəlli olsun: "Snayperin Ermənistan vətəndaşı olduğunu və ya baltikyanı ərazidən gəldiyini müəyyən etmək bir qədər real söhbət deyil. Azərbaycan dövlət səviyyəsində bu işə diqqət yetirir. Yaxşı olar ki, müxalifət partiyaları da bu məsələni gündəmə gətirsinlər. "Facebook" mitinqə çağırış edincə, bu məsələni qoysunlar və dünyadan tələb etsinlər ki, uşağın qatili cəzasız qalmasın. 9 yaşında uşağın nə günahı var ki, snayper onu öldürür. Burada beynəlxalq konvensiya pozulur. Çünki burada atəşkəs dövründə dinc əhali öldürülür və Azərbaycanı təxribata çəkmək üçün atılan addımdır. Qeydiyyatdan keçən 50 partya var ki, onun 40-a qədəri müxalifət partiyasıdır. İqtidar və müxalifət partiyaları birlikdə bəyanat verməlidir. Bundan başqa, 2500-dən çox qeyri-hökumət təşkilatı var. Bunlar da birlikdə bəyanat səsləndirməlidirlər. Milli Məclis də AŞPA ATƏT PA və bütün dünya parlamentlərinə müraciət etməlidir. Bu məsələlərin hamısını dövlətin üzərinə yıxmaq düzgün deyil. Media öz işini görür, mətbuat hadisəni işıqlandırır. Bunu sizinlə bərabər həm müxalifət partiyaları və QHT-lər də dilə gətirməli və dünyaya müraciət etməlidir. Necə olur ki, kimisə həbs olunanda beynəlxalq təşkilatlar, o cümlədən ABŞ səfirliyi yaxasını cırır. Halbuki Amerika İraqda, Əfqanıstanda minlərlə müsəlmanı qanına qəltan eləyib. Onlardan yox, insan haqlarından danışırlar. Bəs 9 yaşında uşağın yaşamaq hüququ yox idi? Burada iqtidar-müxalifət məsələsi aradan qalxmalıdır, partiyalar dövlətə dəstək verməlidir. Bunun üçüncü yolu yoxdur".

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2011.- 12-14 mart.- S. 7.