Uşaq cinayətlərinin
cəzası...
Əliməmməd Nuriyev: "Əgər alternativ cəzalar
nəzərdə tutulursa, çalışmaq lazımdır
ki, ağır cəzalar tətbiq edilməsin"
Bir
çoxlarının fikirləşdiyi kimi, uşağa səhv
iş tutduqda cəza vermək, onu döymək, söymək,
şiddət və təhqir etmək heç də tərbiyənin
ən mükəmməl forması deyil. Bu fikirdə olanlar, təbii
ki, yanılırlar.
Yadda saxlamaq
lazımdır ki, lap körpə yaşlarından ailədə
uşaqlara verilən ağır cəzalar onların
psixologiyasında mənfi, eyni zamanda gələcək
üçün təhlükəli izlər buraxır. Elə
bu səbəbdəndir ki, cəzanın növü mütləq
uşaqda ağrı verəcək şəkildə
olmamalıdır. Yüngül, normal bir danlağın və
sərt bir səs tonunun, gözəl bir uşaqda meydana gətirdiyi
tərbiyə, döyülməyə vərdiş edilmiş
bir uşağa tətbiq olunan sərt cəzanın meydana gətirdiyindən
az deyildir. Belə ki, cəza artırıldıqca, onun
uşaqdakı təsiri də o nisbətlə azalır. Əksinə,
ağır cəzanın uşağı üsyana və qərarsızlığa
aparması daha çox müşahidə olunur. Həmçinin
unutmaq olmaz ki, cəzanın həyata keçirilməsi
zamanı uşaq özündən intiqam və qisas
alındığını hiss etməməlidir. Bu gün də
cəmiyyətimizdə uşaqlara qarşı münasibət
aşağı səviyyədədir. Uşaq bir söz dedikdə,
ona "uşaqsan otur uşaq yerində" kimi cavab verilir,
onun sözü qəbul olunmur, eyni zamanda uşaq məclislərdə,
ictimai yerlərdə təhqir olunur, bununla da uşağın
həm tərbiyəsi pozulur, həm də o, ruhi cəhətdən
sarsıntı keçirir, inamsız, ümidsiz, qorxaq, cəsarətsiz,
kölgəsindən belə qorxacaq vəziyyətə gəlir.
Bu da gələcəkdə uşağın hər cəhətdən
zəifliyinə gətirib-çıxarır. Aydın məsələdir
ki, yeniyetmə yaşlarından uşağı
oğurluğa, cinayətə və neçə-neçə
pis əməllərə sürükləyən səbəblər
də elə başlanğıcını buradan
götürür. Və nəticədə...
Barmaqlıqlar arasında məhv olan uşaqlıq
Qaranlıq türmədə
də həyat davam edir. Amma bu həyatın öz
qanunları, öz qaydası, öz diktəsi var. Törətdikləri
müxtəlif əməllərə görə uşaq
koloniyalarında cəza çəkənlər uşaq olsalar
da, həmyaşıdlarından fərqlənirlər. Ancaq bu
yeniyetmələrin yaşayış normaları müəyyən
çərçivəyə salınıb. Onlar uşaq
koloniyasının soyuq divarlarını əməllərinin
hesabına isti nəfəsləri ilə isidən, amma özləri
isti yuvalarından uzaq düşən balaca cinayətkarlardır.
Heç adamın onlara cinayətkar deməyə dili də gəlmir...
Onların çoxunu,
sadəcə, ailə vəziyyətlərinin çətinliyi,
pis yaşam tərzinə aludəçilik bu koloniyalara gətirib-çıxarıb.
Elə buna görə də cinayətləri nə qədər
böyük olsa da, cəza çəkdikləri koloniyalarda
onlara verilən cəzalar bəzən törətdikləri əməllərin
yenidən baş verməsinə zəmin yaradır. Onu da nəzərə
almaq lazımdır ki, hətta qısamüddətli həbs
vaxtı onlar zindan və islah müəssisələrində
peşəkar cinayətkarlar ilə tanış olub, təhlükəli
cinayətləri onlardan öyrənə bilərlər.
Türmədən azad olduqdan sonra isə təkrar peşəkar
cinayətkara çevrilirlər.
Cinayətin cəzası ağır olmamalıdır
Koloniyada 18 yaşı
tamam olan yeniyetmələrin böyüklərin cəza
çəkdiyi islah-əmək müəssisəsinə
göndərilməsi də bir nömrəli problem
sayılır. Çünki adından da
göründüyü kimi, burada uşaqlar tərbiyə
edilir və onların yaşlı məhbuslar arasına
düşməsi, təbii ki, əxlaqlarına mənəvi təsir
göstərir. Hətta bu məsələnin Milli Məclisin
gündəliyinə çıxarılması da nəzərdə
tutulub. Ümumilikdə isə yetkinlik yaşına
çatmayan uşaqlara törətdikləri əməllərə
görə tətbiq edilən cəzaların nə kimi
funksiya daşıdığını mütəxəssislərdən
öyrənməyə çalışdıq. Ədliyyə
Nazirliyi yanında Pentensiar Sistemə Nəzarət üzrə
İctimai Komitənin sədri Əliməmməd Nuriyevin
sözlərinə görə, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən, yetkinlik
yaşına çatmayanlara törətdikləri əməllərə
görə tətbiq edilən cəzanın maksimal həddi 10
ildən artıq olmamalıdır: "Ümumiyyətlə,
nəzərinizə çatdırım ki, cəza tətbiqində
humanistliyin nümayiş etdirilməsi sahəsində dünya
ölkələri arasında Azərbaycan önəmli yerlərdən
birini tutur. Təbii ki, burada differensial yanaşma mövcuddur.
Belə ki, cəzalar daha çox cinayət törədənlərin
törətdikləri əməllərə görə tətbiq
olunur. Lakin humanistliyə baxmayaraq,
onu da təəssüflə qeyd edim ki, bizdə azadlıqdan məhrumetmə
cəzaları daha çox tətbiq olunur. Halbuki bu zaman maliyyə
sanksiyalarının tətbiqi, yəni cərimələnmə
daha məqsədəuyğun olar. Belə ki, əgər
alternativ cəzalar nəzərdə tutulursa,
çalışmaq lazımdır ki, onlar tətbiq edilsin. Onu
da əlavə edim ki, bu uşaq belə olsa, hər kəs
etdiyi əmələ görə cəza almalıdır.
Çünki bu hal baş verməzsə, daha da
qarşısıalınmayan hadisələrlə üzləşmək
mümkündür. Amma təbii, bayaq da dediyim kimi, cəza
müəyyən kriteriyalar çərçivəsində
olmalıdır. Axı onu da nəzərə almaq
lazımdır ki, həmin uşaqların cəzaçəkmə
müəssisələrindən azad olunduqdan sonra cəmiyyətə
inteqrasiyasında müəyyən problemlər yaşana bilər!".
Komitə sədri onu da bildirdi ki, ağır cəzaların
ictimai cəzalarla əvəzlənməsi zamanı şəxsiyyəti
təhqir edən cəzalardan çəkinmək lazımdır: "Biz monitorinq həyata
keçiririk. Bir çox neqativ halla
qarşılaşırıq. Bilirsiniz, məhkum
olunmuşların şəxsiyyətini alçaldan, təhqir
edən addımlar atmaq, məsələn,
küçə süpürmək kimi onları zorla hər
hansı bir işə cəlb etmək olmaz. Belə
halların da qarşısı alınmalıdır, heç
bir halda onların şərəf və ləyaqəti təhqir
olunmamalıdır".
Hüquqşünas
Aslan İsmayılovun sözlərinə görə, yeniyetmə
məhkumların məhkəmələri sırf olaraq yeniyetmələrlə
məşğul olan hakimlərə həvalə edilməlidir:
"Yəni ağır cinayətlər törətmiş
cinayətkarların işlərinə baxmış hakimlər
azyaşlıların cinayətləri ilə məşğul
ola bilməzlər. Çünki ağır cinayətlər
törətmiş cinayətkarlarla məşğul olan hakimin
mühakimə edilən yeniyetməyə baxışı
tamam başqa cür olur. Yeniyetmələrlə işləyən
hakimlər öncə uşaq psixologiyasını bilməlidir.
Həm də onların yeniyetmənin xarakterini, xüsusiyyətlərini
bilməsi vacib amildir".
Bütün deyilənlər
bir tərəfə, amma biz cəmiyyət olaraq
çalışmalı və əlimizdən gələni
etməliyik ki, koloniyaya daha heç bir uşaq məhbus
adı ilə göndərilməsin. Artıq oranın sakininə
çevrilənlər isə tezliklə azadlıqlarına
qovuşsunlar... Bunun üçün isə gəlin ailəsinin,
ətrafdakıların laqeydliyi səbəbindən həyatı
məhv olanlara biganə yanaşmayaq, törənəcək
cinayətin qarşısını öz qayğımız, məhəbbətimizlə
alaq...
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 12-14 mart.- S. 10.