Azərbaycanın ən gənc "Koroğlu"su...
Ramil Qasımov: "Çalışacam ki, bu obrazla
adımı tarixə yazım..."
Müsahibimiz
vokalçı, opera və kamera ifaçısı Ramil
Qasımovdur. Məlumat üçün bildirək ki, Ramil
1984-cü ildə Bakı şəhərində anadan olub. Müxtəlif
illərdə keçirilən müsabiqələrin qalibi
olub. 2005-ci ildə Mədəniyyət və İncəsənət
Universitetində "solo oxuma" ixtisası üzrə kamera
və opera müğənnisi ixtisasına yiyələnib. Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında
çalışır. Bir çox tamaşalarda
çıxış edən Ramil, gənc olmasına baxmayaraq
öz rolları ilə insanların ürəyinə yol
açıb.
Hal-hazırda Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının Həmkarlar
İttifaqı Komitəsinin sədri, R&D Yaradıcı
İstehsalat Birliyinin sədri və özünün təşəbbüsü
ilə yaradılan "Biz Bakıdanıq" estrada simfonik
orkestrinin bədii rəhbəridir. Söhbətimizə
özü başladı:
- Hər bir
yaradıcı insanın sənətə gəlişinin
maraqlı tarixçəsi olur. On bir yaşım var idi. Dahi,
unudulmaz sənətkarımız olan Rəşid Behbudovu sevərək
gəlib bu sənətə yiyələndim. Rəşid
Behbudov sənətinə marağım "Bəxtiyar"
filminə baxdıqdan sonra yarandı. Belə qərara gəldim
ki, bu filmdə çıxış edənlər kimi mən
də çıxış etməliyəm. Beləliklə,
yavaş-yavaş illər ötdü. Mikayıl Müşfiq
adına 18 saylı orta məktəbin özfəaliyyət
xorunda oxudum. Niyazi adına 22 saylı musiqi məktəbində
təhsil aldım. Bundan sonra Dövlət Uşaq
Filarmoniyasının vokal şöbəsində təhsil
almağa başladım. Müəllimim Xalq artisti, professor
Mobil Əhmədov idi. O, mənim səsimi çox bəyənmişdi.
Onda 15 yaşım var idi. Mobil müəllim istedadımı
görüb məni Musiqili Komediya Teatrına solist düzəltdi.
Burada ilk rolum "Qızıl toy" tamaşasında "Azər"
oldu. 1999-cu ildə Moskvada keçirilən ümumittifaq
vokalçılar müsabiqəsində 86 adam arasında 2-ci
yerə layiq görüldüm. Beləliklə, 1999-cu ildən
Musiqili Komediya Teatrında aparıcı solist kimi
çalışıram. Paralel olaraq, Azərbaycan Dövlət
Televiziyasının solistiyəm. Mən vətənimi, millətimi
çox sevirəm. Elə buna görə də, vətənimə
və xalqıma faydalı olmaq üçün hər zaman
üzərimdə çalışıram. Təzəlikcə
vətənpərvərlik mahnılarından ibarət albomum
işıq üzü görüb. Bu gün məqsədim və
eyni zamanda ən böyük arzum dünya şöhrətli
ifaçı olmaq, Azərbaycan mədəniyyətini layiqincə
dünyada təmsil etməkdir. Mənim üçün səhnə
müqəddəs yerdir. Səhnəni, onun pərdələrini,
qoxusunu çox sevirəm. Bu hissi heç nəyə dəyişmərəm.
Bu günlər Azərbaycanda bütün sahələr
inkişaf edir, o cümlədən mədəniyyət sahəsi.
Biz gənclər Mədəniyyət və Turizm Naziri Əbülfəz
Qarayevin sayəsində bu qayğını öz üzərimizdə
daima hiss edirik...
- Maraqlıdır, yuxarıda qeyd etdiniz ki, 15
yaşınızdan Musiqili Komediya Teatrında
çalışırsınız. Bu məsələyə
aydınlıq gətirməniz maraqlı olardı...
- O zaman, teatrın
direktoru və bədii rəhbəri, xalq artisti Hacıbaba
Bağırov idi. Mobil müəllim, ondan mənim bu teatrda
çalışmağımı xahiş etmişdi.
İfamı dinlədilər və səsimi bəyəndilər.
Ancaq dedilər ki, yaşı azdır. Bizim teatrda
çalışa bilməz. Yaşımın kiçik
olmasına baxmayaraq, Mobil müəllimin Hacıbaba
Bağırova mənim haqqımda dediyi sözləri
yaxşı xatırlayıram: "Hacıbaba müəllim,
mən öz gəncliyimi Ramildə görürəm. İnanın
ki, o teatr üçün bir tapıntı olacaq". Beləliklə,
müəllimimin israrı ilə məni teatra işə
götürdülər.
- 15 yaşından teatr aləmində işləmək
yəqin ki, sizi yaşıdlarınız ilə ünsiyyətdən
uzaq salırdı. Buna necə dözürdünüz?
- Mənim fikrimcə, hər
bir insan öz vaxtını düzgün dəyərləndirməyi
bacarmalıdır. Allaha çox şükürlər olsun
ki, mən kiçik yaşlarımdan vaxtımı dəyərli
bölüşdürməyə başlamışam. Dostlarım
əyləncə məkanlarına gedib əylənirdilərsə,
mən də teatrda məşqlərə
hazırlaşmağa gedirdim. Həftədə bir neçə
dəfə Axundov kitabxanasına gedir, çoxlu mütaliə
edirdim. İndi o illərimi xatırlayıb, sanki özümdən
həzz alıram. Kiçik yaşlarımdan Lütfiyar
İmanov, Tofiq Quliyev, Emin Sabitoğlu və başqa bir
sıra korifey sənətkarların yanında olmuşam. Onların
da qarşısında böyümək, hər hansı bir
rolu ifa etmək böyük məsuliyyət tələb
edirdi. Şükürlər olsun ki, bu böyük
yükün altından enerjimin yüksək olduğuna görə
asanlıqla gəlməyi bacarırdım. Yaxşı
yaradıcı insan hər bir şeyə qadirdı. Bu gün
də dövlətimiz belə gənclərə çox
böyük dəstək olur. Elə hesab edirəm ki, hər
gün yeni mahnı öyrənməsəm, inkişafdan geri
qalmış olaram. İnsanların üzündə sevinc
görmək, onların alqışlarını eşitməkdən
gözəl bu həyatda nə ola bilər ki?..
- Bu yaxınlarda "Biz Bakıdanıq" adlı
yeni estrada-simfonik orkestri yaratmısınız. Orkestrə rəhbərlik
etmək çətin deyil ki?...
- "Biz
Bakıdanıq" adlı yeni estrada-simfonik orkestri mənim
çoxdankı arzularımdan biri idi. Belə bir orkestr ölkəmizdə
yox idi. Orkestri yaratmaqda əsas məqsədim, Azərbaycan mədəniyyətini
və musiqisini dünyada layiqincə təmsil etməkdir. Biz
bu orkestrlə dünyanı gəzməyi
düşünürük. Qeyd edim ki, kollektivimiz çox
sağlam düşüncəli insanlardır. Amma təəssüflər
olsun ki, istedadlı prodüserlərimizin sayı olduqca
azdır. Belə insanlara çox böyük
ehtiyacımız var.
- Sevindirici haldır ki, gənc olmağınıza
baxmayaraq artıq bu günə qədər bir sıra yetirməniz
var. Bir az da bu haqda danışaq...
- Bu gün bir çox
istedadlı tələbələrim var. Onlardan Rəşad Məmmədov,
İlkin Əhmədov "Azəristar 2008"-də I yerə
layiq görülüb. Bundan başqa, Elgün Hüseynov
adlı tələbəm Akademiya laureatı olub. Bir tələbəm
İstanbul Opera teatrında çalışır. Hazırda
kiçik yaşlı bir tələbəm var, Yasin. Onun gələcəyinə
çox inanıram. Öz uşaqlığımı sanki
onda görürəm. Vaxtilə müəllimlərimin mənə
öyrətdiklərini mən də onlara öyrətməyə
çalışıram.
- Çox istedadlısınız. Bəs nə
yaxşı bu günə qədər, hər hansı bir fəxri
ad almamısınız? Yoxsa, hələ tezdir?..
- Doğrusunu hər
halda rəhbərlik bilər. Mənim istəməyimlə
deyil ki? Məncə, hər bir şeyi vaxt və zaman göstərər.
Sadəcə, bunu zamanın axarına buraxmaq lazımdır. Düzünü
desəm, mən fəxri ad haqqında heç
düşünmürəm. Məgər, ada görə bu sənətə
gəlmişəm? Mən bu gün sənətə oxumaq,
oynamaq, yaratmaq, yeni əsərlər yazıb
tamaşaçılarıma təqdim etmək
üçün gəlmişəm..
- Sənətdə olan bir neçə insan artıq
"məşhurluq" xəstəliyinə tutulub. Siz bu xəstəlikdən
əziyyət çəkmirsiniz ki?
- Xeyr, "məşhurluq"
xəstəliyi məndə heç zaman olmayıb və
heç zaman da olmayacaq. Çünki, mən xalqımın
ifaçısıyam. Bununla da fəxr edirəm. Ümumiyyətlə,
mənim üçün sadəlik hər şeydən
üstündür....
- Martın 27-də Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin
"Koroğlu" operası nümayiş olunacaq. Həmin
gün "Koroğlu" obrazında tamaşaçılar
qarşısına ilk dəfə olaraq siz
çıxacaqsınız...
- Uşaqlıqdan bu mənim
ən böyük arzularımdan biri idi. Bu təklif mənə
Akademik Opera və Balet Teatrının rəhbərliyindən
gəldi. Mən də böyük məmnuniyyətlə qəbul
etdim və bu rolu hazırladım.
- Bu təklifi gözləyirdiniz, yoxsa təsadüfi
oldu?
- Ümumiyyətlə,
həyatda heç nə təsadüfi olmur. Sadəcə geci-tezi var idi. Artıq
bir neçə portalda Opera və Balet Teatrının rəhbərliyi mənim haqqımda xoş sözlər deyib...
- Necə hesab edirsiniz, bu rolun
öhdəsindən gələ
biləcəksinizmi?
- Bunu mən deyə bilmərəm. Hər halda çalışacam
ki, oynadığım
"Koroğlu" obrazı
ilə adımı tarixə yazım.
- Tamaşaya son hazırlıq
prosesləri necə gedir?
- Rejissor
Hafiz Quliyev, dirijor Nazim Hacıəlibəyov
və pianoçu Məlahət İsmayılova
ilə gərgin məşqlərimiz davam edir. Mən martın 27-də illərdir
gördüyümüz Koroğlu
geyimində səhnəyə
çıxacağam...
- Bildiyim qədəri
ilə, "Ramil və onun dostları"
adlı yeni şirkət açmısınız.
Əsas fəaliyyət istiqamətləriniz
kimi nəyi nəzərdə tutmusunuz?
-
"R&D", yəni "Ramil və onun
dostları" adlı
yeni şirkət bu ilin yanvar
ayından rəsmən
fəaliyyətə başlayıb. "R&D"-
Azərbaycanın ən
istedadlı və ziyalı gənclərini bir yerə cəm
etməklə, vətənimizin
onun hüdudlarından
kənarda layiqli tanıdılmasına çalışır.
Əsas məqsədlərimizdən biri
də ətrafa sağlam gəncləri toplamaqdır. Məlumat üçün
qeyd edim ki, artıq aprel ayında "Biz Bakıdanıq" estrada-simfonik
orkestri ilə birgə Gəncədə
"Səni tərənnüm
edirəm, Azərbaycan!"
adı altında konsert proqramı ilə çıxış
edəcəyik. Cari
ilin may ayından başlayaraq şirkətin
nəzdində uşaq
operasını da yaratmağı düşünmüşük.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 16 mart.- S. 7.