Qalib jurnalistlərin adları açıqlandı

 

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurası üzvləri Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri və cari məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-in icraçı direktoru Vüqar Səfərli bildirib ki, 7 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 71 nəfər jurnalist qatılıb: "Hər istiqamət üzrə 3 yazının ( 2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib edilməsi nəzərdə tutulmuşdu. Lakin regiondakı kütləvi informasiya vasitələrində çalışan jurnalistlər tərəfindən cəmi 4 istiqamət üzrə yazı təqdim edilmişdi və onlardan ikisi qalib oldu, ikisi isə yetərli bal toplaya bilmədi. Digər 3 istiqamət üzrə isə yazı təqdim edilmədi və bu yerlər boş qaldı".

V.Səfərli boş qalmış bu yerlərə həmin istiqamətlər üzrə 25-dən yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif verib. Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 25 bal müəyyən edilib. Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər. Beləliklə, 71 jurnalistin qatıldığı müsabiqədə 21 jurnalist qalib hesab edilib. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və fondun xüsusi diplomu təqdim olunacaq. Qaliblərin diplomları Fondun bu il martın 17-də "Sarı Gəlin" Şadlıq Sarayında keçirəcəyi bayram tədbirində təqdim ediləcək.

  

 

Naibə

 

Həftə içi.- 2011.- 17 mart.- S. 1.